Bakıda milyondan baha qiymətə torpaqlar satılır

 
Komitə alıcılara 14 müəssisəni torpaq sahəsi ilə birgə təklif edir
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac elan edib. Bizimyol.info xəbər verir ki, dekabrın 6-da keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir.
 
Hərraca təklif olunan 50 kiçik dövlət müəssisə və obyektindən 14-ü altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Torpaq sahəsi ilə birgə satışa çıxarılan əmlaklar Bakının Nizami, Suraxanı, Sabunçu, Qaradağ, Xəzər, Binəqədi, Pirallahı rayonları, Gəncə, Mingəçevir, Yevlax və Sumqayıt şəhəri, həmçinin Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Balakən, Cəlilabad rayonlarında yerləşir. Bu müəssisələrin tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə hamısı paytaxtda yerləşir.
Torpaq sahəsi ilə birgə hərraca təklif olunan kiçik dövlət müəssisələri arasında ən yüksək hərrac qiyməti qoyulan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonundakı "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif olunur. Balakəndəki əmlak kompleksinin sahəsi 89 530 kv.m., Bakıdakı "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-nin torpaq sahəsi isə 4 129,4 kv.m.-dir.
 
Bu dəfəki hərracda 26 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal sahələrinə aiddir. “Ağsu Sənaye İnşaat”, “Lənkəran Mebel”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Daşkəsən Aqrotexservis” kimi səhmdar cəmiyyətlər satışa çıxarılanlar arasındadır.
 
Əmlaklar barədə elanlar və məlumatlar Komitənin özəlləşdirmə portalında və rəsmi internet səhifəsində yerləşdirilib.

Загрузка...
Загрузка...