Bakıda intihar edən qızın cibindən sevgi məktubu çıxıb – FOTO-VİDEO

Bu gün Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Hafta.az-n hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təxminən 19-21 yaşlarında olan Esmira Məmmədova Şərifzadə küçəsi, 136 ünvanındakı 9 mərtəbəli binanın üzərinə çıxaraq özünü atıb.
Hadisə şahidlərinin dediyinə görə, intihar edən Esmira Məmmədova bu ərazidə yaşamır. Onun binanın üzərinə necə çıxdığı bəlli deyil. Bina sakinləri onu dayandırmağa çalışsa da, o, öz fikrindən dönməyib.
Hadisə şahidi Nicat Piriyev hafta.az-a açıqlamasında deyib ki, hadisə günorta saatlarında baş verib:
“Təxminən on ikiyə on dəqiqə işləmiş olardı. Binanın qaşısında siqaret çəkirdik. Birdən məhəllə uşaqlarından biri gəlib bizə dedi ki, yuxarı baxın. Baxanda gördük ki, bir nəfər çıxıb özünü atmaq istəyir. Təxminən 19-21 yaşlarında bir xanım idi. Burada yaşayan deyildi. Birincisi, bu ərazidə çox adamı tanıyırıq, amma adını da bilmirik bu xanımın. Üzdən də tanış gəlmədi".
Nicat Piriyev deyir ki, hadisədən sonra ərazidə olanları müşahidə edən məhəllə sakinləri qızı dilə tutmağa çalışıblar:
“Tez hamımız gəldik binanın altına. Dedik, etmə, yazıqsan, atma özünü.  Dərhal mən 102-ni yığıb polisə xəbər verdim. Ardınca da 4 və 5-ci mərtəbələrdən xanımlar pəncərəni açıb yalvardılar ki, özünü atmasın. Üç dəfə geri çəkildi. Hər dəfə irəli gəlincə, qadınların qışqırığından geri çəkilirdi. Biz də qabağa yeridik ki, bəlkə atsa tuta bilək, amma açığını desək, hamımız qorxub sonradan geri çəkildik. Dedik ya ağacların üstünə düşər, ya da ki, binanın yanındakı mağazanın damının üstünə. İki yerdən birinə düşsə idi, salamat qalacaqdı. Nə damın, nə də ağacların üstünə düşdü. Düz asfalt səkinin üzərinə - başı üstə dəydi. Dəyən kimi də başı paralandı. Özünü atan “moment” ağaca da dəydi".

Şahidlərin dediyinə görə,  polis əməkdaşları hadisə yerinə sonradan gəliblər.
Hadisənin digər şahidi Həbib Qaçayev bildirdi ki, hadisələr çox sürətlə cərəyan etdi:
“Hadisə cəmi 5-6 dəqiqə ərzinə baş verdi. On dəqiqə çəkmədi ki, polislər gəldilər. Amma artıq iş-işdən keçmişdi. Qız yerdə idi. Gəlib şəkillərini çəkdilər. Meyiti də ekspertizaya apardılar. Adını-sanını da heç dəqiq bilmədik. Prokuror əməkdaşı deyəsən yuxarıda çantasını tapıbmış. Orada şəxsiyyət vəsiqəsi olub”.
Başqa bir şahid Əli Ağababayev isə bildirdi ki, ərazini, binanı tanımayan birisinin oraya çıxıb özünü atması olduqca müəmmalıdır:

“Prokurorluğun əməkdaşı vardı. Cavan oğlan idi. Dedi ki, adı Məmmədova Esmiradır. Amma atasının adını demədi. Bir də ki, axı buranı tanımayan adam 9 mərtəbəli binanın damına necə çıxıb? Mən quş saxlayıram. Hamı məni Quşbaz Əli deyə çağırır. Bir dəfə həmin dama quş endirmişdim. Getdim ki, tutub aparıb həyətimə buraxım, alınmadı. Çünki, damın lüku bağlı idi. İndi necə olub ki, açıq qalıb, maraqlıdır. Bayaq polislər söhbət edirdi ki, cibindən kağız çıxıb, sevgi məktubu imiş. Yazılıbmış ki, daha mənlik deyilsən. Yəqin sevgilisi yazıb. Amma yaxşısını Allah bilir, indi o dünyadadı, haqqına girməyim”.
Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.