Bakıda iki nazir toqquşdu - ADAMLARI BİR-BİRİNƏ SİLAH ÇƏKDİ

Aprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Binəqədi rayonunda silahlı insident baş verib.
“Sputnik Azərbaycan” xəbər verir ki, FHN generalı bərk sərxoş vəziyyətdə Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin zabitinə tapança çəkib. Məlumatı Binəqədi rayon Polis İdarəsindən veriblər.
Bildirilir ki, insident barədə DİN-in “102” xidmətinə Füzuli rayon Polis İdarəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili Rafael Xudiyev (1982-ci ildə anadan olub) məlumat verib. Polis bildirib ki, Bakının 6-cı mikrorayon ərazisində “Lexus” avtomobilinin sürücüsü (dövlət nömrə nişanı 90 SH 900) ona tapança çəkib.
İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00 radələrində S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramil Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olub.
Münaqişənin səbəbi sürücülərin bir-birlərinə yol verməməsi olub. Bu zəmində generalla zabit arasında mübahisə yaranıb. Bildirilir ki, general Cəfərov F.Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman F.Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşüb, onu ötüb və qarşısını kəsib.
Bundan bərk qəzəblənən general maşından çıxaraq “Jeriko” markalı tabel silahını çıxarıb və polisə tərəf tuşlayıb. Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi polisinin əməkdaşları gəlib. Tərəflər polisdə izahat yazdıqdan sonra sərbəst buraxılıblar. İş üzrə materiallar Binəqədi prokurorluğuna verilib.