Bakıda icra başçısı yüzlərlə insanın həyatını təhlükəyə atan tikintiyə icazə verdi - VİDEOREPORTAJ, FOTOLAR

Nəsimi rayonu, Alı Mustafayev küçəsinin sakinləri yaşadıqları binanın qarşısında başlanan tikintiyə etiraz ediblər. Onlar binaların həyətində başladılan qanunsuz tikilinin dayandırılmasını tələb edirlər.
Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub və narazı sakinlərlə görüşüb.
11 və 56 saylı binaların həyətində çoxmərtəbəli binanın tikintisi prosesi davam etdirilir. Binanın təməlqoyma işləri aparılır. İki binanın arasındakı böyük bir ərazi hasara alınıb. Bir neçə metr dərinlikdə bünövrə qazılıb və beton tökülüb. Qazıntı işləri köhnə yaşayış binalarının 5-10 metrliyində aparılır. Sakinlər bu tikintinin yaşadıqları binaya zərər vuracağından narahatdırlar. Tikinti “Daim” MTK tərəfindən aparılır.
Sakinlərin sözlərinə görə , tikinti başlayan gündən dəfələrlə etirazlarını bildirsələr də, şirkət tərəfindən onlara hədə qorxu gəlinir.
Şikayətçilər bu tikintinin onlara təhlükə yaratdığını bildirdilər: “ Tikinti aparan şəxslər öncə binaların həyətindəki ağacları kəsdilər, oturacaqları və uşaqlar üçün olan idman qurğularını sökdülər. 10 gündür ki, tikintiyə başlayıblar. Məhəllədə aləm bir-birinə dəyib. Bir neçə binanın uşaqları məktəbə bu yolla gedirlər. İndi çarəsiz durumda qalıb, alternativ yollardan istifadə edirlər. Belə bir qanun harada var ki, iki binanın arasında göydələn tikilsin. Binaların arasında müəyyən qədər məsafə olmalıdır. Lakin bu şirkət binamızın bir addımlığında bina tikir”.
Problemə aydınlıq gətirmək üçün tikinti işlərini aparan “Daim” MTK-nın nümayəndəsi ilə də görüşdük. Nümayəndə bildirdi ki, tikinti qanuni yolla aparılır və əllərinə rəsmi qurumlardan alınmış bütün lazımi sənədlər var: “ Biz tikinti prosesini qanuni şəkildə aparırıq. Əlimizdə Nəsimi Rayon icra başçısının sərəncamı və digər rəsmi qurumların razılığını təsdiq edən sənədlər var. Sakinlər şikayətlərini bizə yox, aidiyyatı qurumlara bildirə bilərlər”.