Bakıda falçı adı ilə vətəndaşları qarət edən şəxs tutuldu

Bakıda özünü məşhur falçı kimi təqdim edən Lənkəran sakini, 41 yaşlı Mikayıl Səfərov saxlanılıb.
 
Axar.az xəbər verir ki, cinayətkar özünü məşhur müğənnilərin falçısı kimi təqdim edirmiş.
 
Sonuncu dəfə isə paytaxtın Nərimanov rayonu Montin qəsəbəsində kirayə ev axtarmaq adı ilə getdiyi evlərdə özünü falçı kimi təqdim edib, qızılla fala baxdığını bildirib.
 
Bu üsulla Mikayıl Səfərov Nərimanov rayonu ərazisində Səkinə Quliyevanın evində daxil olub. Özünü Anar kimi təqdim edən Mikayıl məşhur müğənni Röya və Tünzalə Ağayevanın falçısı olduğunu deyib. Bundan sonra o, qadının xəstə nəvəsini müalicə etmək adı ilə qızıllarını götürüb.
 
M.Səfərov qızılları satmaq istəyərkən Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin ifadəsi zamanı o, respublikanın bir çox rayonunda 10-a yaxın vətəndaşı bu yolla qarət etdiyini deyib.
 
Xəzər xəbər-in məlumatına görə, Mikayıl Səfərov iki dəfə oğurluğa görə üst-üstə 14 il məhkumluq həyatı yaşadığını, falçılığı isə həbsdə olarkən oxuduğu kitablardan öyrəndiyini bildirib.
 
Hazırda faktla bağlı araşdırma davam etdirilir. Qeyd olunan şəxsin cinayət əməlindən zərər çəkənlər 18-ci polis bölməsinə məlumat verə bilərlər.