​Bakıda “elektrik hücumu”: Sakinlərə əsl şok yaşatdılar

Bakının Xətai rayonunda elektrik şəbəkəsində yaranmış yüksək gərginlik nəticəsində onlarla mənzilin məişət əşyaları sıradan çıxıb. Bu şoku yaşayanlardan biri də Nəsrəddin Tusi küçəsindəki 22 saylı binanın sakini Alyona Salayevadır.
O bildirib ki, səhər saat 08:00 radələrində mətbəxdən gələn səsə oyanıb. Eyni zamanda mənzildə olan bütün elektrik cihazları yanıb-sönürmüş. Bir neçə dəqiqə içində Salayevanın bahalı soyuducusu, mikrodalğalı sobası, internet-modemi, kombi cihazı və hətta lampaların patronları sıradan çıxıb. “Elektrik hücumu”ndan xilas olan məişət cihazları isə paltaryuyan maşın, televizor və vanna otağındakı lampadır ki, onlar da elektrikdən ayrı olublar.
Salayeva bildirib ki, hadisədən dərhal sonra “Azərişıq” ASC-yə müraciət edib. Oradan isə bildiriblər ki, bu barədə ASC-nin rayon şöbəsinə müraciət etmək lazımdır.
Zərərçəkmiş əmindir ki, ona dəyən maddi ziyana görə kompensasiya ala bilməyəcək. Lakin o, ona dəyən zərərin əvəzi ödənilənə qədər sakit durmayacağını bildirib.
Elektrik şəbəkəsində yüksək gərginlik təkcə Salayevanın mənzilində qeydə alınmayıb. Onun sözlərinə görə, qonşularının hamısının elektrik xəttinə qoşulu olan məişət cihazları sıradan çıxıb. Qonşunun mənzilindəki stabilizator son həftə ərzində gərginliyin 60-dan 380 voltadək yüksəldiyini göstərib. Yeri gəlmişkən, həmin cihaz aprelin 23-ü səhər tezdən ən maksimal rəqəmi göstərib.
Baş vermiş hadisəni Sputnik Azərbaycan-a şərh edən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, hətta abonentlər şöbəyə müraciət etsələr belə, məsələ ilə bağlı “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq hərtərəfli araşdırma tələb olunduğunu deyib.
“Azərişıq”dan onu da bildiriblər ki, hər bir vətəndaşın mənzilində elektrik alətlərini yüksək gərginlikdən qorumaq üçün avtomat quraşdırılmalıdır: “Əgər avtomat yoxdursa, o zaman dəyən ziyana görə vətəndaş özü məsuliyyət daşıyır”.
Bununla yanaşı, “Elektrik enerjisindən istifadə qaydaları”nın 10-cu maddəsinə görə, enerji sistemdə və ya enerji təchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyibsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
T.Mustafayev isə elektrik şəbəkəsində baş vermiş yüksək gərginlik nəticəsində istehlakçılara dəyən ziyanın ödənilib-ödənilməyəcəyi barədə sualı şərh etməkdən yayınıb. Baxmayaraq ki, enerji təchizatı müəssisəsinin günahı ucbatından istehlakçılara külli miqdarda zərər dəyib.
Salayevanın bu barədə “Facebook” sosial şəbəkəsində yazdıqlarını şərh edən istifadəçilərdən biri də oxşar vəziyyətin onların Əhmədli qəsəbəsində yerləşən evində də baş verdiyini bildirib. O da qeyd edib ki, yüksək gərginlik səbəbindən onların da evindəki bütün məişət cihazları sıradan çıxıb. Daha sonra başqa bir istifadəçi yaşadığı 8-ci mikrorayon ərazisində də analoji hadisənin baş verdiyini bildirib.

Загрузка...
Загрузка...