Bakıda doğulub, Tehrandakı qocalar evində dünyasını dəyişən bütöv Azərbaycan şairi- Portret

 
 
 
 
 
Güney Azərbaycanın tanınan şairi, Seyid Cəfər Pişəvəri hərəkatının aktivlərindən olan şair Haşım Tərlan bir neçə il öncə qocalar evinə 91 yaşında dünyasını dəyişdi. Təbii ki, ölüm haqdır, bir gün gələn  bir gün də gedər, deyirlər.  Nə qədər əziyyətli illər yaşamasına baxmayaraq, 91 il ömür sürməsi də bu şairin ölümünə bir təsəllidir. Bugünkü dünyamızda çox adam bu yaşı haqlaya bilmir. Amma vəfat etdiyi gün insanları kövrəldən bir məqam var idi – Haşım Tərlanın qocalar evində dünyasını dəyişməsi....
 
Haşım Tərlan şair və ədəbiyyatşünas olmaqla yanaşı Pişəvəri Milli Hökümətinin son yadigarlarından hesab olunurdu. O,  1923-cü ildə Bakıda  anadan olub. İlk təhsilini burada alıb.
Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir.
 
1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir.
 
H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir.
Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanır.
 
1945-46 illərdə Seyyid Cəfər Pişəvərinin öndərliyində qurulmuş Azərbaycan Milli Hökümətində iştirak edib.
 
Həmin illərdə Vətən Yolunda kimi qəzetlərdə yazan ədəbiyyat xadimi milli hökümət devrildikdən sonra da ədəbi yaradıcılıq və demokratik mübarizəsinə davam edib.
Mərhum Tərlanın bir çox əsəri, o cümlədən Alavlı Şeirlər, Durnalar Gələndə, Araz Gülür, Yolçu Yolda Gərək, Gümüşü Pencək və Zirvədə Günəş kimi kitablar Tehran və Bakı şəhərlərində işıq üzü görüb.
 
Güney Azərbaycan ədəbiyyatı üzrə tədqiqatçı Esmira Fuad Haşım Tərlanın uşaqlıq və gəncliyi haqqında öz araşdırmalarına maraqlı faktları qeyd edib:
 
“İlk təhsilini Bakıdakı 10 saylı orta məktəbdə alıb. Kiçik yaşlarından şeirə-sənətə maraq göstərir. Oktyabr inqilabının 20-ci ildönümü münasi-bətilə  10 saylı orta məktəbdə keçiriləcək tədbirə hazırlıq işləri görülür. O isə «deyəsən, özünü sınamağın vax¬tı¬ çatdı»,- deyə elə hey düşünür və bu düşüncələr içərisində də ilk misraları yan-yana düzür, uşaq hə¬vəsilə mahiyyətini dərindən dərk etmədiyi o «şanlı gün»ü mədh edirdi:
 
Oktyabr gəlir, şanlı gün gəlir,
Əməkçi dünyası bayram eyləyir…
Oyandı təbiət, güldü kainat,
O gündən başlandı bu gözəl həyat…
 
Ədəbiyyat müəllimi Qılman İlkinin tövsiyəsi ilə tədbirdə oxuduğu bu ilk şeir ona uğur gətirir və elə müəlliminin istəyilə də şeiri Yazıçılar İttifaqına aparır. Yazıçılar İttifaqının o vaxtkı sədri böyük Səməd Vurğun onu gülərüzlə qarşılayır və şeiri “Azərbaycan pioneri” jurna¬lında dərc etdirməyi qərara alır. Lakin gənc və yeniyetmə qələm sahiblərinə xüsusi diqqət və qayğı ilə yanaşan görkəmli söz ustadı balaca Haşımdan dəyərli məsləhətlərini də əsirgəmir: «Oğlum, yaxşı şeir yazmaq, yaxşı şair olmaq üçün çoxlu oxumaq lazımdır».
 
Xalq şairi Səməd Vurğunun köməyi ilə ”Oktyabr gəlir” şeiri «Pioner» jurnalında çap olunur. İlk şeirinin jurnalda dərc olunduğunu gördükdə isə sevincdən gözləri dolur. Bundan sonra Qılman İlkin şagirdinin o zaman Bakıda nəşr olunan bəzi mətbuat orqanları ilə əmək¬daşlığına da şərait yaradır… Mir Haşım Həsənzadə Sovet Azərbaycanındakı həyatından məmnun idi, qayğısız uşaqlıq çağlarını, şairlik əzabının bəxş elədiyi ilk sevinc, fərəh duyğularını yaşayırdı. Poeziya aləminin tərlanı olacağını düşündüyündən “Tərlan” təxəllüsünü də götürmüşdü…”
 
Yaradıcılığının ən parlaq dövrü isə elə 1941-46-cı illər Pişəvəri hərəkatına düşür. Bu illərdə onun şeirləri həm ideya-məzmun, həm də forma etibarilə yetkinləşir.
 
Esmira Fuad bu barədə yazır: “Milli Hökumətin məğlubiyyətindən sonra Haşım Tərlan bir müddət həbsə alınır və sürgün olunur”. 1949-50-ci illərdə ölkədə gedən ictimai-siyasi proseslər isə Tehranda yaşayan Azərbaycanlı yazıçı və şairlərə “Azərbaycan cəmiyyəti»ni yaratmaq imkanı verir. Cəmiy¬yətin yaranmasında yaxından iştirak edən Haşım Tərlan ədəbi məclislərdə ye¬nə də öz  şeirləri ilə çıxış edir, “ədəbi fəaliyyətini gah gizli, gah da açıq şəkildə davam etdirir”. Ancaq bu nəfəsliyin də ömrü uzun olmur. Çox keçmədən cəmiyyətin binası şovinist rejimin quldur məmurları tərəfindən dağıdılır. Cəmiyyətin üzvlə-ri təqib və olmazın əzab-əziyyətlərə mə¬ruz¬¬ qalırlar. “1964-cü ildən etibarən Haşım Tərlan doktor Salamullah Cavidin “Dostlar görüşü” ədəbi məclisinə dəvət olunur. Məclisin iclaslarında fəal iştirak edir. Nəhayət, 1979-cu ildə İranda baş verən inqilab, şahlıq rejiminin devrilməsi və Amerika imperializminin vətənindən qovulması H.Tərlanın yaradıcılığına təkan verir, yeni ilhamla daha inqilabi şeirlər yazmağa başlayır.
Haşım Tərlan ömrünün son illərini Tehranda -Piruzi məhəlləsində kiçik bir dükanda çalışdı və orada  ədəbi yaradıcılığını davam etdirir. Daha sonra isə qocalar evi… Ondan sonra da…
Moderator.az Haşım Tərlanın bir neçə şeiri təqdim edir:
 
Mənimdir
 
Əziz Vətən, sənin doğma elində
Bitən lalə, açan güllər mənimdir.
Bu şövkətli, əzəmətli torpağın
Qoynundakı igid ellər mənimdir.
 
Aslan kimi xalqımdakı çox hünər,
Tarix bilir vüqarlıdır dağ qədər.
Bülbül kimi nəğmə deyən hər səhər,
Sazındakı səslı tellər mənimdır.
 
Səadətdən ilham aldı elimiz,
Günəş çıxdı işıqlandı günümüz,
Yurdumuzun şöhrətidir dilimiz,
Bu şöhrətli şirin dillər mənimdir.
 
İndi doğma diyar qeyinir əlvan,
Vətən göylərindən çəkilir duman,
Fəxridir könlümə bu nur hər zaman,
Azərbaycan adli ellər mənimdir.
 
 
Mənəm
 
Çox da öz elimdə, vətənimdəyəm.
Yadlar əlində əzilən mənəm.
Öz doğma dilimdə danişsam da mən,
Dili xəncər ilə kəsilən mənəm.
 
Suleyman Rüstəmə dərd olub vətən,
Göz yaşı ələnib şerlərindən.
Rüstəm olmasaydı deyərdim ki, mən,
Əli hər tərəfdən üzülən mənəm.
 
Bilirəm, bilirsən nədir kədərim,
Qaranlıq gecədir aydın səhərim.
Çap üzü görməyən söz incilərim,
Taxçada yan-yana düzülən mənəm.
 
Qan qardaşım deyir keçdin varından
Ah çəkdi baxdıqca öz diyarından.
Zəmanın eybəcər barmaqlarından
Babəkin al qanı süzülən mənəm.
 
Elmin Nuri

Загрузка...
Загрузка...