Bakıda dəhşət artır: gənclər məhv olur...

 
90-lardan sonrakı gənclər – azadlığı metro bağlanana qədər olan pub əhli - kimyəvi-sintetik narkotik vasitələrdən, psixotrop dərmanlardan daha çox istifadə edirlər.
 
Yəni həm bədən, həm də baş xəstələnib...
 
Statistik məlumata görə, istifadəçilərin sayı ildən-ilə artır. Maniyanın yaş senzi 30-dan 17-yə düşüb. Xəstələrin 40 faizini 17-25 yaşlılar təşkil edir.
 
“Ölüm” prosesi adətən, marixuanadan (“ot”dan) sonra opium narkotika mərəhələsinə keçir: psixotrop-kimyəvi həb, daha sonra iyləmə və ineksiya ardıcıllığı ilə reallaşır. Kimyəvi-sintetik həb bilavasitə fərdin fiziki-mənəvi ölümüdüsə, marixuana və ineksion istifadə eyni zamanda həm fərdi, həm də digər istifadəçilərin məhvidir. Belə ki, dodaqdan-dodağa ötürülən narkotik məhsul (adətən siqaretə doldurulur) ağızdakı bakteriyalar, əgər istifadəçi xəstə isə, tüpürcək vasitəsiylə - xəstəlik daşıyıcısıdı. İneksion qəbul isə iynə ilə birbaşa qana ötürülür. Həmin iynədən iki-üç nəfər eyni anda istifadə edir. Beləcə QİÇS, vərəm və başqa xəstəliklər yayılır.
 
Spays, met (metamfetamin), "şüşə" kimi kimyəvi - sintetik məhsullar beyin iflicinə, xarakter erroziyasına, mənəvi aşınmaya səbəb olur.
 
Zamanla mədə-bağırsaq, ürək-damar sistemi sıradan çıxır. Kimyəvi narkotik məhsul fiziki-bioloji təsirlərdən əlavə, ciddi mənəvi böhran yaradır. Milli kimlik bir yana, insan özünə yeddi köynək yad olur.
 
Dişlər tökülür, dəri qocalır. Xüsusilə qadınlarda kəskin bədən qoxusu yaranır.
 
Met, "şüşə" pessimizmə sürükləyir, adətən intihar cəhdləriylə nəticələnir.
 
Bu insanlar valideyn olacaqlar. Kişi, ya qadın – cütlükdən birinin narkotik asılılığı uşağın psixoliji, fiziki-bioloji qüsurla doğuluşuna səbəb olur.
 
Psixotrop dərmanların reseptsiz satışını, kimyəvi narkotik vasitələrin sürətlə yayılmasına yol açan səbəbləri araşdırmaq bəlli orqanların işidi. Bu məhsullar kimlərin əliylə yayılır, necə artır? – İnzibati ölçü gərək. Qurbanların həbsi yox, tibbi xarakterli izolyasiyası daha faydalı olar. Təcili reabiltasiya mərkəzləri istifadəyə verilməlidir. Müalicədən sonrakı altı ay təhlükəli dövrdür. Psixoloji zəiflik qığılcıma bənddir ki, alışa. Xəstə azı, 6-9 ay reabiltasiya mərkəzində qalmalı, müayinə-müalicə davam etməli, psixoloji yardım almalı. Yoxsa həbs qətimkan tədbirlərinin faydalı iş əmsalı sıfır!
 
19 yaşlı gənc üçün həbsxana münbit mühitdi. Bu, birbaşa ölümə sürükləməkdi. Azadlıqda mühitin təsiriylə narkoman olursa, həbsxana şəraitində kim olacaq?
 
Bu mərəz şəhərdə sürətlə yaılmaqda. Övladlarınıza nəzarət edin. Heç olmasa, ayda bir dəfə ümumi müayinəyə aparın. Təkid edin. Ciblərini yoxlayın. Necə qazanır, nə cür qazanır, kimlə oturur, kimlə durur, hara gedir, hardan gəlir – diqqətdə saxlayın. Azadlığına çərçivə olun demirəm, döyün-söyün, şillə-təpik demirəm, amma öyrənin, nəzarətdə saxlayın, dinləyin.
 
Sonra çox gec olacaq.

Загрузка...
Загрузка...