Bakıda bank müdiri belə öldürüldü

Azər Məmmədov - "Zaminbank"ın Nəsimi filialının müdiri
Vəkil Cavid Rzazadə ötən il aprelin 21-də "Avropa" otelində "Zaminbank"ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirilməsini əks etdirən videogörüntüləri yayıb. Qətldə təqsirləndirilənlərdən biri - Mövlud Səfərovun vəkili C. Rzazadə ANS PRESS-ə bildirib ki, videoda olan görüntülər hadisənin necə baş verdiyini əks etdirir və hüquqlarını müdafiə etdiyi M. Səfərovun təqsirsizliyi, Sənan Quliyevin isə məhz özünü müdafiə həddini aşmaqla Azər Məmmədova ölümcül xəsarət yetirdiyi, habelə qəsdən adam öldürmə cinayətinin törədilmədiyi açıq-aşkar görünür:
“Mövlud Səfərovun barəsində ittiham hökmü çıxsa da həmin hökmdən apellyasiya şikayəti verilib. Müdafiə tərəfi Azərbaycanda ədalətli və vicdanlı məhkəmə araşdırmasının aparılacağına və nəhayətdə bəraət hökmünün qəbul ediləcəyinə inanır. Videonun cəmiyyətdə izlənməsi ictimai fikri formalaşdıracaq və məhz bu sübut müdafiə tərəfinə böyük ümidlər verir”.
Qətl hadisəsi ötən il aprel ayının 21-də "Avropa" otelinin nəzdində yerləşən idman zalında qeydə alınıb. "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədov və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə bıçaqla xəsarətlər yetirilib. Filial müdiri hadisə yerində ölüb, məşqçi isə xəsarətlər alıb.

Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulublar.
S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adamöldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə, 120.2.2-ci (qəsdlə adamöldürmə, xuliqanlıq niyyəti ilə adamöldürmə, 120.2.3-cü (qəsdlə adamöldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələrilə ittiham ediliblər.
2016-cı ilin yanvar ayında məhkəmənin qərarı ilə Sənan Quliyev ömürlük, Mövlüd Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.