Bakıda 50-dən çox velosiped oğurlayan şəxs ələ keçdi (FOTO)

Daxili işlər orqanları mülkiyyət əleyhinə olan  oğurluq cinayətlərinin qarşısının alınması və açılaması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
Musavat.com-un məlumatına görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə velosiped oğurluqları edən Yasamal rayon sakini əvvəllər məhkum olunan Eldar Ələsgərov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin velosipedləri oğurladıqdan sonra sataraq maddi gəlir əldə etdiyi məlum olub. Onun paytaxt ərazisində 50-dən artıq velosiped oğurladığı sübuta yetirilib.
Hənifə Bayramzadə, Səbail RPİ-nin baş müstəntiqi: “O, Bakının müxtəlif rayonlarının ərazisindən velosiped oğurlayaraq, naməlum şəxslərə 5-10-20 manata satıb”.
Eldar Ələsgərov, saxlanılan şəxs: Bakının müxtəlif ərazilərində gəzirdim. Bloklarda velosiped olanda götürüb satırdım”.
Faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nə müraciət edə bilərlər.