Bakıda 5 ilə yekunlaşdırılmalı olan nəhəng layihə niyə çökdü? - REPORTAJ, FOTOLAR

2013-cü ildə inşasına başlanılan “Həzi Aslanov-2” metrostansiyasının vəd edilən vaxtda istifadəyə verilməsi mümkün olmayacaq. İnşasının 5 il ərzində yekunlaşacağı planlaşdırılsa da, nəzərdə tutulan işlərin az bir hissəsi yerinə yetirilib. Hazırda inşaat ərzisində heç bir iş görülmür.
Xatırladaq ki, rəsmi olaraq Yaşıl xəttin davamı olan “Xətai-Həzi Aslanov-2” sahəsinin inşasına 2013-cü ilin avqust ayında başlanılıb. Nobel prospekti boyunca salınan bu xətt üzərində 3 stansiyanın istifadəyə verilməsi planlaşdırılırdı. Lakin geridə qalan 3 il ərzində nəzərdə tutulan işlərin az bir hissəsi icra olunub.
Musavat.com-un məlumatına görə, hazırda “Həzi Aslanov” metrostansiyasının ətrafında hasara alınan ərazilərdə tikinti işləri dayandırılıb. Rəsmi məlumatda inşaat işlərinin 2013-cü ildə başladığı göstərilsə də, qeyd edilən ərazilər həmin tarixdən də əvvəl - 2011-ci ildən hasarlanmış, avtomobil yolu istifadəyə bağlanmışdı. İndi hasara alınan inşaat ərazisində heç bir texnika işləmir, ərazi Metropoliten əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.   
Tikintisinə hələ Tağı Əhmədovun zamanında başlanılan “Xətai-Həzi Aslanov-2” sahəsində işlərin dayandırılması 2014-cü ilin əvvəllərinə, sabiq Metropoliten rəhbərinin öz postundan uzaqlaşdırıldığı zamana təsadüf edir.
Hazırda görülən işlərlə bağlı məlumat əldə etmək üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. “Bakı Metropoliteni”nin rəsmisi adıçəkilən metrostansiyasının istifdəyə veriləcəyi dəqiq tarixin məlum olmadığını, lakin tikinti işlərinin davam etdiyini bildirdi.
Xatırladaq ki, “Azərtunelmetrotikinti”nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas inşaat işlərini onun Azərbaycandakı tərəfdaşı “Akkord”un vasitəçiliyi ilə Fransanın “Buiq” və Ukraynanın “İnterbudmontaj” şirkətləri yerinə yetirəcəkdilər.
Layihəyə əsasən salınacaq hər üç metrostansiyası Nobel prospektində yerləşəcəkdi. “Yaşıl xətt”in “Xətai”dən sonrakı ilk yeraltı dayanacağı “Ağ şəhər” layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı Avtomobil Zavodunun ərazisində olacaqdı.