​Bakıda 30-a yaxın ailənin həyatı təhlükədə - FOTOLAR

Yataqxanada məskunlaşan məcburi köçkünlər aidiyyatı qurumlardan şikayətlənirlər
 
Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2 ünvanında yerləşən 17 saylı yataqxanada məskunlaşan sakinlər dözülməz vəziyyətdən şikayətçidirlər. Onlar həyat şəraitinin yaxşılaşdırılması tələb edirlər. Bu barədə şikayətçilərin "Bizim Yol”-a ünvanladıqları müraciətdə bildirilir.
 
Problemlə bağlı dəfələrlə aidiyyatı qrumlara müraciət etdiklərini xatrıladan məcburi köçkünlər, onlara müsbət cavabın verilmədiyini bildirirlər. Müraciətdə qeyd olunur ki, 1946-cı ildə tikilmiş köhnə 2 mərtəbəli yataqxanada 30 ailə yaşıyır. Bu ailələrin 24-ü qaçqın və məcburi köçkünlər, qalanları isə yerli sakinlərdir. Qəzalı vəziyyətində olan binada yaşamaq çox çətindir.
 
"Dövlət başçısının 20 iyul 2016-cı il tarixli "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamında Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Bunun üçün Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılmışdır. Bu məsələni dəqiqləşdirmək  üçün Komitə ilə əlaqə saxladıq. Bildirdilər ki, Bakıxanov qəsəbəsisndə yerləşən 17 saylı yataqxanada yaşayan qaçqın və və məcburi köçkünlərində köçürülməsi məsələsi gündəmdədir. Lakin nədənsə  sonradan bu sərancam yalnız Mərdəkan qəsəbəsində yerləşən pansianatda yaşayanlara aid olduğunu eşitdikdə çox məyus olduq. Biz əlbətdəki istəyirik ki, bütün qaçqın və məcburi köçkünlər yeni mənzillərlə təmin olunsun. Lakin bizim hansı şəraitdə yaşadığımızı bildikləri halda bu məsələyə bəzi qrumlar niyə biganə yanaşırlar? Qarşıda payız, qış fəsli gəlir, qorxu və həyacanlı anlarımız yaxınlaşır, çox narahatıq. Yataqxanaya bu aylarda yağış suları dolur. Burada yaşayan insanlar arasında infeksion xəstəliklər yayılıb”,-deyə məcburi köçkünlərin müraciətində bildirilib.
 
Bu müraciət yataqxanada məskunlaşmış sakinlər adından Qətibə Mehtiyeva, Bəxtiyar Əliyev, Nurayə Novruzəliyeva, Arif Əliyev, Vaqif Fərzəliyev, Xalidə Hüseynova, Adil Əliyev, Nazim Məmmədov, Murad İsmayılov, Ceyhun Rüstəmov, Nuranə İsmayılova, Vilayət Vəliyev, İlqar Sadıxzadə, Naidə İskəndərova və Şakir Nəsirov imzalayıblar.
 
Xatırladaq ki, sözügedən yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin balasındadır.