Bakıda 3 yaşlı körpənin ölümü ilə bağlı detallar- FOTO

Bu gün səhər saatlarında Bakının Qara Qarayev prospektində yerləşən çoxmərtəbəli binanın arxasında uşaq meyiti tapılıb.
 Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, 3 yaşlı İsa Rüstəm oğlu Vəliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq vəfat edib.
Qonşulardan aldığımız məlumata görə, onlar səhər saatlarında binanın arxasında İsa Vəliyevin meyitini görüblər və dərhal yaxınlıqda yerləşən 24-cü polis bölməsinə məlumat veriblər.
Mərhum İsanın ailəsindən aldığımız məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Uşaq mənzilin açıq eyvanında oynadığı zaman, yıxılıb. Vəliyevlər ailəsi həmin mənzildə uzun zamandır ki, kirayə yaşayırlar.
İsa Vəliyev 2013-cü ilin 12 yanvar tarixində, Bakıda dünyaya gəlib. 12 yanvarda dünyaya gələn uşaq 12 mayda dünyasını dəyişib.
Hadisə baş verən zaman İsa Vəliyevin valideynləri yuxuda olublar.
Faktla bağlı araşdırma aparılır.