Bakıda 20 polisin tutduğu «avtoş» məmur oğlu imiş

23 yaşlı gənc artıq ikinci dəfədir avtoxuliqan kimi tutulur; bu dəfə 20 sutka həbs verildi
Xəbər verildiyi kimi, mayın 19-da, axşam saatlarında Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin "saxla" əmrinə tabe olmayaraq onun üstünə maşın sürən sürücü saxlanılıb. Avtosfer.az-ın verdiyi məlumata görə, mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Nicat Abdullayev 20 gün inzibati həbs cəzasına məhkum edilib və Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, nazirliklərin birində yüksək vəzifə tutur. Eyni zamanda, turizm sektorunda da fəaliyyət göstərir. Avtoxuliqanın atası geniş biznes şəbəkəsinə malikdir. Atasına güvənən Nicat Abdullayev ötən il də avtoxuliqanlıq edərək saxlanıldığı üçün məhkəmə qərarı ilə sürücülük hüquqqu 1 il müddətinə məhdudlaşdırılıbmış. Mayın əvvəllərində həmin müddət başa çatdığı üçün sürücülük vəsiqəsini yenidən əldə edən N.Abdullayev cəmi bir neçə gün sonra yenidən «avtoş»luq edib tutuldu və yenə də vəsiqəni 1 illik itirdi.
Avtosfer.az Nicat Abdullayevin atası ilə bağlı maraqlı məlumatları da araşdırır və dəqiqləşdirmədən sonra oxuculara təqdim edəcəyik. İndi isə ANS-də həmin avtoxuliqanla bağlı yayımlanan videomateriala baxıb bu gəncin yol polisinin üstünə maşın sürməsinin, insanların həyatı ilə oynayıb necə harınlıq etməsinin canlı görüntüləri ilə tanış olun…