Bakıda 1 manat 50 qəpik üçün işlənən cinayət... - REPORTAJ, FOTOLAR

 
Bakı bazarlarında 2 manata satılan kolbasalara hər addımda rast gəlmək mümkündür. Ən dəhşətli məqam isə odur ki, mənşəyi, istehsal olunduğu yeri bəlli olmayan, uyğunluq sertifikatı verilməyən bu kolbasaların satışı açıq-aşkar həyata keçirilir.
 
Metro ətraflarında, insanların sıx olduğu yerlərdə, əsasən də aztəminatlı insanların üz tutduğu bazarlarda daha çox rast gəlinir. İnsan həyatı üçün təhlükəli olan, kustar üsulla hazırlanan bu kolbasaların satışına isə heç bir müdaxilə yoxdur. Bu cür kolbasaların satışı daha çox "8-ci kilometr" bazarında həyata keçirilir.
 
Musavat.com-un müxbiri "8-ci kilometr" bazarında olub və kolbasa satanlarla həmsöhbət olub.
 
Bazarın girişində yaşlı bir xanımın 1.50-2 manata kolbasa satması diqqətimizi çəkdi. Çünki hazırda bu qiymətə qəssabxanada ət yox, ancaq sümük tapmaq mümkün olar. Belə isə 1.5 manata satılan kolbasa nədən hazırlana bilər? Müştəri qismində yaxınlaşıb, kolbasanın qiyməti ilə maraqlandıq.
 
Satıcı iki növdə "Servelat" kolbasasının olduğunu bildirdi. Kolbasaların birinin üzərində "Servelat" yazılsa da, digərinin adı yoxdur. Üzərində Azərbaycan məhsulu olduğunu göstərən etiket var. Lakin məhsulun harada istehsal olunması ilə bağlı dəqiq bir ünvan göstərilməyib, istehsalçı şirkətin adı da yoxdur. Ünvan yerində Qaraçuxur qəsəbəsi ərazisində hazırlandığını göstərsə də, konkret küçə, yer yoxdur. İstehsal tarixində isə məhsulun 2017-ci ilə qədər yeyilə biləcəyini göstərir.
 
Kolbasanın ucuz olmasının səbəbini isə satıcı belə izah etdi: "Bu firma malı deyil. Sexdə hazırlandığı üçün ucuz satılır. Həm də toyuq ətindən hazırlanır. Maya dəyəri az tutur. Həkimdən də keçib, hər bir sənədi var. Bazarın baytar həkimlərinin də icazəsi var".
 
Ətraflı məlumat almaq, satıcıya yeni mağaza açdığımızı və buna görə  xeyli kolbasa almaq istədiyimizi bildirdik. Bu yolla 2 manatlıq kolbasanı istehsal şirkətinin hara yerləşdiyini öyrənməyə çalışdıq. Satıcıdan ona kolbasa verən şəxslərin əlaqə nömrəsini almaq istəsək də, cəhdlərimiz nəticə vermədi. Satıcı nə ünvanı, nə də kolbasa satan şəxslərin nömrəsini vermədi. Bildirdi ki, nə qədər kolbasa lazım olsa özü bizə sata bilər.  Əgər mütəmadi almaq istəsək lap aşağı qiymətə verər, 20 ədəd götürsək, 1 manat 70 qəpikdən, 50 ədədini isə 1 manat 50 qəpikdən: "Sən nə edirsən sexin ünvanını, mən sənə sex qiymətinə sataram da..."
 
Bəs, 2 manatlıq kolbasanı kimlər yeyir?
 
Bazarda 2 manatlıq kolbasaları yeyənlər əsasən bazarın işçiləridir. Satıcının da dediyinə görə, bu kolbasaların müştəriləri az deyil. Gün ərzində 30-50 ədəd kolbasa satır. Eksperiment üçün bazarda müxtəlif peşə sahələrində çalışan satıcılarla həmsöhbət olduq.
 
Söhbət zamanı aydın oldu ki, 2 manatlıq kolbasaların əsas alıcıları bazarda çalışanlardır. Günorta yeməyı ucuz başa gəlsin deyə bu kolbasalardan alırlar. Səyyar şəkildə corab satışı ilə məşğul olan satıcı günorta yeməyi üçün bu kolbasalardan aldığını dedi: "Ucuz olsa da, çox ləzzətlidir. Mən daha çox yumurta ilə bişirirəm. İki nəfər pul atışıb, bir kolbasa alıb, qonşuluqdakı kafedə 50 qəpiyə bişiririk. "Obed"imizi yola veririk. Sizi başa düşürəm. Düşünürsüz ki, kolbasa ucuzdursa, deməli, eşşək ətindəndir. Ona qalsa, mağazalarda satılanları camaat almasın. Hamısı adını "halal" qoyub, haramçılıqla məşğuldurlar. Mən bildiyim qədər, bu kolbasa toyuq ətindəndir. Yəni, yemək olar. Əsas odur qarın boş qalmasın".
 
Digər bir satıcı belə kolbasaların paytaxtın bir çox yerlərində satıldığını dedi: "Daha çox "Ulduz" metrostansiyasının yaxınlığında  fəaliyyət göstərən sexlərdə hazırlanır. Orada onlarla kolbasa sexi var. Bu sexlər ölü heyvan ətlərini alıb, kolbasa hazırlayırlar. İki manata da kolbasa olarmı? Tanış uşaqlar alıb, yeyib. Deyirlər ki, tərkibinə o qədər karton qatırlar ki, palçıq kim olur. Buna baxmayaraq camaat alır. Heç kim də buna nəzarət eləmir. Kimə lazımdırsa pullarını verib, işlərini görürlər".
 
Qeyd edək ki, biz də uzun müddətdir ki, Bakı bazarlarında bu cür zərərli məhsulların satılmasını müşahidə edirik və musavat.com olaraq, dəfələrlə bu mövzuya toxunmuşuq. Lakin bütün yazılanlara, deyilənlərə baxmayaraq, insanlar həmin kolbasalardan imtina etmədiyi kimi, aidiyyatı qurumlar da problemin qarşısını almaqda israrlı deyillər. Bu məqamda məsuliyyət insanların üzərinə düşür. Özünüzü, övladlarınızı, yaxınlarınızı 1-2 manat uğrunda işlənən bu cinayətdən qoruyun!

Загрузка...
Загрузка...