Bakı və Moskvanın gizli hərb razılığı – Mühüm dəyişiklik

Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inanıram. Bəli, söhbət heç də mərhələli sülhdən getmir.
 Bu sözlər millət vəkili Zahid Orucun Axar.az-a verdiyi açıqlamada yer alır. Deputat Sankt-Peterburq görüşü ilə bağlı çox mühüm məxfi detalları açıqlayıb:
 “Qarabağ danışıqları heç zaman region və kənar dövlətlər tərəfindən indiki qədər böyük diqqət və marağa səbəb olmamışdı. Hər halda on illər ərzində işğala əsaslanan status-kvonu qoruyub saxlamaq məqsədilə çarın adını daşıyan şəhərə yollanan Sərkisyanın bir məqsədi, digər ölkələrinsə ayrı hesabı vardı. Elə isə Putin mühüm beynəlxalq forumun davamı olaraq iki ölkə başçısını Sankt-Peterburqa nə üçün dəvət etmişdi? Onsuz da Lavrov vasitəsilə Rusiya bütün danışıqlara nəzarət edir və hər gün Kerrinin telefon zənglərinə cavab verən rus xarici siyasət idarəsinin rəhbəri Amerikanın Qarabağa artan marağının nədən qaynaqlandığını yaxşı bilir. Cavabı son ayların hadisələrində axtarmaq lazımdır. Hər halda “sabiq çekist olmur” deyənlərin yenə də haqlı çıxdığını görə bilərik. Yəni Vyana danışıqlarına razılıq verən Moskva Dördgünlük müharibədən sonra Qərbin hərəkətə keçdiyinin və təşəbbüsü ələ almağa çalışdığının fərqindəydi. Erməni versiyasından çıxış edib son vəziyyəti daha yaxşı izah etmək olar. Belə ki, Moskva və Bakı öz aralarında məlum hərbi-siyasi yaxınlaşmanı dərinləşdirməklə “mərhələli hərbi həll” yolunu seçiblər və razılaşdırılmış müharibə Qərbi regiondan kənarda qoymağa hesablanıb. Ona görə də Vaşinqtondan baxıb görəndə ki, Putin müharibəni istədiyi ssenari üzrə inkişaf etdirə bilər və belə olanda Avropaya açılan bütün keçmiş-indiki transmilli layihələr zərbə altına düşər, onda Obamanın məsləhətçiləri çalışdılar ki, erməni-azərbaycanlıları rus layihəsindən çıxarsınlar. Bütün hallarda, Putin 5 apreldə müharibənin yeni dalğasını dayandırıb siyasi təşəbbüsü əbədi rəqiblərinə verə bilməzdi. Sankt-Peterburq Qarabağa Vyanadan bir köynək daha yaxındır”.
 Deputat Dördgünlük müharibədən sonra Qafqaz uğrunda gedən mürəkkəb diplomatik-siyasi davanın gücləndiyini bildirib:
 “Hazırda Moskva və Bakı arasında tarixdə heç zaman olmayacaq qədər yaxşı münasibətlər hökm sürdüyündən və əksinə, ermənilər son yüz ildə ruslarla ən pis duruma gəlib çatdığından Prezident İlham Əliyev danışıqların məhz belə bir müstəvidə Azərbaycana xeyir verəcəyini proqnozlaşdırır. Əslində, hərbi-status kvo dəyişib və onu siyasi cəhətdən tamamlamaq lazımdır. Ona görə Prezdient İlham Əliyev aprel savaşının nəticələrindən və danışıqların aparıldığı gün 25 minlik silahlı kontingentin təlimlərindən keçərək Peterburqa yola düşmüşdü. Sərkisyan isə ağır Peterburq danışıqlarına 5 generalın - Qarabağın ələ keçirilməsində iştirak edən və özlərini hakimiyyətdə olmağa haqlı sayanların başını vurmaqla, siyasi və hərbi qüvvələr arasında dərin münaqişə ilə getmişdi. Xatırlayın ki, o, başqa bir müxalif döyüşçü qəhrəman Jirayr Səfilyan və onun tərəfdarlarını həbs etməyə də məcbur olmuşdu”.
 Sankt-Peterburq görüşünün məxfi xarakterinə rəğmən onu uğurlu bir prosesin mühüm həlqəsi sayan Zahid Oruc deyib ki, Rusiya Qarabağ münqişəsindən indi külli miqdarda ziyan çəkdiyini yaxşı başa düşür:
 “Bütün Qərb kompaniyalarını regiona məhz münaqişəli vəziyyət gətirdi. Üstəlik, Qarabağ hərbi cəhətdən Qərbin Rusiya sərhədlərinə yaxınlaşmasının ən yaxşı yoludur. Şimali Qafqazı destabilə etmək üçün mühüm platsdarm məhz Azərbaycan ərazisində Qarabağ kimi hərbi gərginlik mənbəyini saxlamaqdır. Biz hələ şimal-cənub strateji nəqliyyat arteriyaları üzərində Cəbrayılda, Füzulidə bir neçə yüz erməninin ucbatından Rusiyanın itirdiyi milyardları da ziyanların siyahısına əlavə etsək, sanksiyaların vurduğu zərbədən daha böyük itkilərin alındığına əmin olarıq. Ona görə Putin planını əngəlləmək və onun Qafqazdakı sülhpərvər missiyasına ziyan vurmaq, regionu himayə edə biləcək yeganə gücün NATO olacağını qələmə vermək naminə Sankt-Peterburqdakı danışıqların məxfi detalları Qərb üçün çox önəmlidir. Onlar tərəfləri öz orbitlərinə çəkmək üçün hər cür şirnkiləndirici təkliflər gətirməyə hazırdılar. Hər halda 90-cı illərdə bu xaqlardan bir çoxunu ruslarla vuruşdurub bunun böyük faydasını götürüblər. Lakin prezidentlik müddəti sona çatmaqda olan Obamanın iki dövlət başıçısı ilə birgə görüşə 8 ildə zaman tapmaması fonunda Putin yeganə xilaskara çevrilir. Çox yaxın günlərdə yenidən Avropa paytaxtlarına yığışıb Qarabağı müzakirə edəcək diplomatların hamısı bilir ki, Moskva ilə razılaşmadan hərəkət edə, hər hansı sülh sazişini icra etmək üçün qoşun birləşmələri yarada bilməzlər. Bizim düşüncələrimizdə son 20 ilin gətirdiyi dəyişiklik bundan ibarətdir”.
 Millət vəkili məhz Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inandığını vurğulayıb:
 “Bəli, söhbət mərhələli sülhdən getmir. Azərbaycan Rusiyanın fəallığı və bölgənin təhlükəsizliyi üçün dəyişikliklər etmək planlarına qarşı deyil. Ona görə Prezidentin Piterdən inamlı qayıtdğını görməmək mümkün deyil. Unutmayın ki, Qarabağ konflikti Rusiyanın təhlükəsizlik və iqtisadi maraqlarına güclü zərbə vurur”.