Bakı şəhərinin istiliklə təmin olunmamasının günahkarı hansı qurumdur? — AÇIQLAMA

 
Bu il Bakı ən soyuq və yağışlı dövrlərindən birini yaşayır.
 
Bakıda soyuqların tez düşməsinə baxmayaraq istilik sistemləri işə düşməyib. Bakı sakinləri isə evlərini isitmək üçün digər üsullardan istifadə edirlər. Görünən isə budur ki, paytaxt sakinləri noyabr ayının 15-nə qədər üşüməli olacaqlar.
 
Şəhər sakinlərinin narazılığını nəzərə alaraq məsələni aydınlaşdırmağa çalışdıq.
 
Ölkə.Az-ın istilik mövsümü ilə bağlı suallarını "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev cavablandırıb:
 
"Qanunvericilikdə istilik mövsümü Bakı şəhəri üçün naoyabr ayının 15-dən aprel ayının 15-nə kimi 5 ay, dağlıq rayonlarda isə 6 ay nəzərdə tutulub. Havaların soyuq keçməsi ilə əlaqədar, əgər 10 gün ardıcıl istilik 6 dərəcədən aşağı olarsa istilik mövsümü Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vaxtından əvvəl başlana və əgər istilər tez düşərsə, vaxtından əvvəl bitə bilər. İstiliyin verilməməsi tək "Azəristilik"dən asılı olan səbəb deyil.
 
Ötən il havaların soyuq keçməsi ilə əlaqədar internat məktəblərinə, uşaq evlərinə, doğum evlərinə, bəzi xəstəxanalara vaxtından əvvəl istilik verdik. Hansıların ki, özünün həyətində fərdi qazanxanası var idi, onları qoşduq. Ancaq bizim digər iri rayon istilik qazanxanalarımız var. Onlar 200-ə yaxın yaşayış binası, həmin ərazidəki məktəb və baxçaları istiliklə təmin etdiyindən kompleks işə salınmalıdır.
 
Məktəb, baxça, səhiyyə müəssisələri və s. bunlar büdcə təşkilatlarıdır. Onlarla bizim münasibətlərimiz müqavilə ilə tənzimlənir. Müqavilə isə onlar tərəfindən 5 aylıq olmaqla bağlanır. Büdcə təşkilatı olduğuna görə onlara 5 aylıq vəsait ayrılır. Onlar tərəfindən bizə fərdi müraciət olunmalıdır ki, ödənişə təminat verilsin. Boz qazanxananı vaxtından əvvəl işlətdikdə elektrik enerjisinə, suya görə xərc yaranır, biz də onların pulunu ödəməliyik. Bizə müraciət olunub, təminat verildikdə biz onların qazanxanalarını vaxtından əvvəl qoşa bilərik. Eyni zamanda, bundan başqa Əhmədlidəki yaşayış binalarının bir hissəsini təmin edən qazanxanalar elektriklə işləyir və enerjini "Azərenerji"dən alır. Bizimlə bərabər 550-yə yaxın qazanxanalar işə düşəndə "Azəriqaz" da öz xətlərində müəyyən tənzimləmə işləri aparmalıdır. Bunlar hamısı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tənzimlənir. Eyni vaxtda "Azəristiliktəchizat", "Azərenerji", "Azəriqaz", "Azərsu" da öz xətlərində tənzimləmə işləri aparmalıdır. Ona görə tək "Azəristilik" yox, digər kommunal xidmətlər istilik mövsümünə keçməlidir".
 
"Azəristiliktəchizat" ASC-nin rəsmisi qış mövsümünə hazır olduqlarını bildirib:
 
"Bizim bütün qazanxana istilik məntəqələrimiz hazırdır. Hətta bir ay bundan əvvəl sınaq işləri keçirmişik, xətlərimizi yoxlamışıq. İstismara hazır vəziyyətdəyik. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamından sonra paralel surətdə payız-qış mövsümünə keçiləcək".