Bakı sakinləri xoşbəxt deyil: Səbəbi özləri açıqladı - REPORTAJ

 
 
Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və insan hər zaman məsud ola bilməz. Amma dünyanın elə inkişaf etmiş ölkələri var ki, insanları sözün əsl mənasında qayğısız, şad-xürrəm ömür sürürlər. “Bəyin oğurlanması” filmində deyildiyi kimi soruşa bilərsiniz ki, sənə əjdaha lazımdır? İndiki çətin bir dövrdə, manatın öldüyü, dolların məzənnəsinin qalxdığı və ən nəhayət, ərzaq məhsulları ilə geyimlərin, ümumiyyətlə, hər şeyin bahalaşdığı bir vaxta bunlardan danışmağın yeridir?
 
Eurostat statistika agentliyi Avropanın ən xoşbəxt şəhərini təyin edib. Məlum olub ki, xoşbəxt şəhərin müəyyənləşməsi şəhər əhalisinin yaşam tərzindən - səhiyyədən, ekologiyadan və təhsildən razı qalmaları əsasında formalaşıb. Araşdırmalardan bəlli olub ki, ən xoşbəxt əhalisi olan şəhər Litvanın paytaxtı Vilnüsdür. Sıralama ikinci pillədə Danimarkanın paytaxtı Kopenhagen və İsveçin paytaxtı Stokholm qərarlaşıb. Beşlikdə həmçinin Luksemburq, Vyana və Afina şəhərləri yer də alıb.
 
Maraqlıdır, Bakı əhalisi özünü xoşbəxt sayırmı? Ümumiyyətlə, bizim üçün xoşbəxtlik hansı meyaralara əsaslanır?
 
Cebhe.info müxbiri paytaxt sakinləri arasında sorğu keçirmək qərarına gəlib. Sorğumuzda iştirak edən respondentlərin demək olar ki, əksəriyyəti pessimist ruhda, yaşayışlarından, həyat tərzlərindən şikayətçi olublar.
 
Tarix müəllimi Samir Şükürov: “Xoşbəxt olmaq üçün adamın gərək düzgün qrafikli, normal işi olsun. İş olan yerdə yaxşı əməkhaqqı da olmalıdır. Yaxşı iş və pul olandan sonra xoşbəxtlik də özü gələcək. Ona görə də birinci növbədə yaxşı işin, yaxşı pulun olmalıdır ki, insan da məsud olsun”.
 
Müəllim Namiq Hüseynzadə: “Bizdə idarəçilik tamamilə fərqlidir, kütləvi nəzarət mexanizmi var. Müstəqilliyi əldə saxlamaq əsasdır. Amma biz hələ müstəqillik yolunda deyilik. Çünki bu yol çox uzundur. Bizdə şan-şöhrət, təkəbbür, özündən razılıq, mentalitetlə bağlı bu kimi qüsurlu hallar genimizə, xarakterimizə hopub. Biz bəzən elə cah-cəlal qururuq ki... Hansı ki, buna heç əsas da yoxdur. Türkük, beynəlxalq arenada öz yerimiz var. Demokratik düşüncədəyik və İslam dəyərlərindən kənara çıxmırıq. Baxırsan, bunların heç birinin cücərtilərini bizdə görmürəm. Yəni nə zaman ki, düzgün demokratik ab-hava olacaq, o zaman da insan azadlığından, xoşbəxtliyindən danışarıq”.
 
Ofisiant Hüseyn Haqverdiyev: “Xoşbəxt olmaq üçün çatışmayan o qədər səbəblər var ki... Bundardan ən əsası da puldur. Restoranda ofisiant işləyirdim. Hazırda işsizəm. Heç olmasa 300-400 manat aylıq gəlirim olsa, başımı dolandırardım. Subayam, bu yaxınlarda evlənməliyəm. Xərclə-borcla evlənəcəyəm, Allah yetirər”.
 
İqtisadçı Samirə Əsədova: “Bir ölkədə hər şey dörd-dördlük olsun ki, insanlar da özünü xoşbəxt saysın. Burada isə millət acından ölür, batıb gedir. İnsanlar dilənir, hansı xoşbəxtlikdən danışırsınız? Hətta yaxşı geyinən bir insana yaxınlaşın, görün, nə qədər dərdi, banklara borcları var? Banklar üzərlərinə hüçum çəkib. Az qalırlar evlərini, maşınlarını əllərindən alsın. İnsanlarln çoxu faizdə batır... Qanunlar yoxdur, bizdə ancaq rüşvət işləyir”.
 
Tələbə Feyziyyə Zeynalova: “Xoşbəxtliyin meyarı - sağlamlığımdır. Əgər sağlamamsa, mən xoşbəxtəm! Adi başım da ağrıyanda belə, özümü xoşbəxt hesab edə bilmirəm. Xoşbəxtlik mənim üçün nisbidir. Bütün gün boyu, səhərdən gecəyə qədər xoşbəxt ola bilmərəm. Yaşadığım hadisələrə, əhvalıma görə bu amil də dəyişir. Məsələn, çox sevdiyim insanla, dostumla axşam işdən sonra görüşüb, gözəl bir məkanda, çay süfrəsində, dənizi seyr edə-edə, maraqlı söhbət edirəmsə, həmin an xoşbəxtəm. Hətta həmin anı dondurmağım gəlir. Və ya dənizdə suyun üzərində uzanıb, günəş şüalarını seyr edəndə, dəhşət xoşbəxt oluram. Yəni, həyatım boyu yaşadığım ani xoşbəxtliklərim var və bunlar mənim üçün çox dəyərlidir. Pulum çox olarsa, dünyanı səyahət edərəm, xoşbəxtliyim də birə min artar”.
 
Aytən Həsənova
Cebhe.info

Загрузка...
Загрузка...