​Bakı oğruları erməni prokuroru necə soymuşdular – Gizli Tarix

 
...1939-cu ilin isti yay günləri idi. Günortadan xeyli keçməsinə baxmayaraq, havanın bürküsündən nəfəs almaq olmurdu. Dağlı Məhəlləsi şəhərin qərb ucqarında - Çəmbərəkəndlə “Həmşəri palanı” arasındakı təpədə, tozanağın at çapdığı yerdə yerləşirdi.
 
Dağlı məhəlləsi 1939-cu ildə Bakıdan çox, Xızının bir məhəlləsini andırırdı. Fərq ondaydı ki, burada nə göy çəmənli otlaqlar, nə yaşıl meşə, nə də soyuq su çeşməsi vardı. Çeşməni hələ iki ay bundan əvvəl yağmış yağış suyu toplanan üfunətli çalalar, çəmənliyi məhəllədən bir qədər aralıdakı dəvətikanı kolluqları, meşəni isə qəbiristanlıq əvəz edirdi. Daş binaların qır damları gündüzlər qızar, səhərədək öz istiliyini evlərin içinə üfürərdi.
 
Dağlı məhəlləsində Təkdəst Məhərrəmin evinin qarşısındakı səkidə iki cavan ayaq üstə dayanıb, söhbət edirdi. On üç-on dörd yaşlı uşaqsa səkidə oturub altdan-yuxarı maraqla onların söhbətini dinləyir, gah məsum təbəssümlə gülümsəyir, gah da ciddiləşərək nə isə demək istəyirmiş kimi, əlini tərpədirdi.
 
- Gedey, elə "Qız qalası"ndan bir az yuxarıda çimey, - deyə hündürboy, enlikürək Ağayar cibindən dəsmal çıxarıb tərləmiş üzünü, boynunu sildi. - Bu arvad yəqin ki, gəlmiyejey.
 
- Bir az da gözləyək. Düz saat beşin yarısında düşərik aşağı. On dəqiqə də səbr eləginən, - Şahmurad şalvarının qarşısındakı kiçik cibindən (pistonçik) çıxardığı dördkünc qızıl saata baxıb, balaca qardaşı Xeyrullaya sarı dönərək: - Sən dur, getginən evə. Biz gec gələcəyik, - dedi. Dur, dur.
 
- Qədeş, sən mənim canım, məni də dənizə aparun, - deyə yalvardı.
 
- Alə, nöşün and verirsən? Böyügün sözünə belə baxarlar?
 
- Şahqədeş, Vallah, bir kom çimib qeyidərəm. Həri? Sən mənim canım, - Xeyrulla oturduğu yerdən qalxdı, iki barmağı ilə xirtdəyinin dərisindən yapışıb, bu dəfə yalvarış dolu nəzərlərini Ağayara zillədi. Sanki: "Alə, bir kəlmə deginən də..." - sözləri yazılmışdı sifətində.
 
- Evə getginən, sabah səni Xızıya aparıceyəm. Bu gün işimiz var, - Şahmurad çevrilib, uzaqdan görünən qarıya sarı addımladı və gedə-gedə cibindən bir dəstə pul çıxarıb, ovcunun içində sıxdı.
- Salam, Sarıgül bibi... Necəsən? Nəvələrün necədü? Day nə qalıb? Allah qoysa, beş-altı aydan sonra oğlun buraxılıb gələr, hər şey qaydasına düşər. Gələ bu pulları, bir kisə un, bir az da uşaqlarçun pal-paltar alginən. Dünən balaca nəvövü görmüşəm. Maşallah, yaxşıca böyüyüb, lap atası Muradxana oxşayır.
 
- Allah səni Tuğ dağına döndərsin ay bala, inşallah, Muradxan çıxar, yaxşılığuvun əvəzini qeytərər, - qarı ucadan səsləndi və əlindəki pullara baxaraq: - Munun hamısını götürmərəm, çoxdur...- dedi. - Özüvüz bir çətən külfətsüz. Yarısı bəsimdü, oğul.
- Yox, yox, hamısını götürginən. Uşaqlara əyin-baş alginən, - Şahmurad qadının sümükləri çıxmış çiynini qucaqladı, nəmlənmiş gözlərini ondan gizlətmək üçün geri döndü. - Hə, gedey, uşaqlar.
 
- Şahqədeş, sən mənim canın - Xeyrulla yenə əlini boğazına sarı uzatdı və qardaşının qolunun qaldırdığını görüb, onun qoltuğuna girərək böyrünə qısıldı. - Bilirdim ki, razılaşacaqsan.
 
Dağlı məhəlləsindən enib, "Goburnat bağı"na gəldilər. "Kazino"nun yanından ötəndə:
- Ey, Şahmurad, buralarda nə qayırırsan? - deyən səsi eşidib ayaq saxladılar. - Salam, intillegent.
- Edik? Bəs deyirdün, Qara dəniz sahillərinə istirahətə gedirsüz.
- Yox, ora gedəsi olmadıq, Şuşaya gedəcəyik. İki həftəliyə, oradan da Yerevana. Bəs sən?
- Mən sabah Xızıya gedirəm, dağlara, - çoban çadırlarına.
Edik rişxəndlə gülümsünərək:
- İntillegent..., çoban? Beləsini eşitməmişdim.
- Alə, Şahqədeş, alə, rədd elə munu, gedey çimməyimizə, - deyə Ağayar Edikə nifrətlə nəzər salıb, dostunun çiyiniə toxundu. - Görmürsən, yağlı qoğala oxşuyur, neyiynən danışırsan, alə, munun?..
- Mənim sinif yoldaşımdu, hirslənmə Ağa, tanış olun. Prokuror Şahnazarovun oğludur...
- Nəyimə lazımdır, alə? Gəl çıxaq gedey, düdüyün biridü ki, bu...- Ağayar sanki dava axtarırmış kimi Edikə tərəf bir addım atdı.
 
Edik başını aşağı dikib, Nikolayevski küçəsini keçdi, dönüb bayaq Şahmuradla dayandığı yerə baxdı. Yox idilər orada. Ancaq Şahmuradgil getməmişdilər. Bir qədər aşağı getdikdən sonra Şahmurad Ağayara tərəf dönərək:
- Ağa, gəl elə prokurorun evini aparaq, nə deyirsən?.. - pıçıldadı. - Mən onların evində olmuşam. Bax, üçünücü mərtəbə onlarınkıdır. Kiçicik bir risq eləyək? - Üçüncü mərtəbədəki qırmızı pərdəli mənzili görürsən? Prokurorundu.
 
Xeyrulla gözlərini geniş açaraq, gah qardaşına, gah Ağayara, gah da qırmızı pərdəli mənzilə baxırdı.
 
 
 
Onlar İçərişəhərdən, Xan sarayının yanından üzüaşağı düşüb, Qız qalasının yanından çıxdılar. Naberejni küçəni də keçib, dəniz sahilinə gəldilər. Çimirdi camaat.
 
- Mən onların evində olmuşam. Mətbəx, dəhliz... və üç otaq. Biri Edikin atasının kabinetidir. Biri yataq otağı, biri də qonaq-qara qarşılamaq üçün. Edikin ad günündə böyüklər kabinetdə, biz uşaqlar isə qonaq otağında oturmuşduq. Sonra tort kəsdi mərasimi oldu... - Şahmurad gözlərini bir neçə dəfə suya cumsa da, balıq tuta bilməyən qağayıdan ayırmadan pıçıldayırdı. - Onda mən fikir verdim. Bağırovun şəkli bir qədər əyri dayanırdı. Niyə? Yəqin kim isə həmin gün onu tərpətmişdi. Niyə həmin gün? Pul lazım olmuşdu. O vaxtdan düz üç il keçir, amma demək olar ki, həmin şəkli hər gecə yuxuda görürəm. Bağırovun əyri dayanmış şəkili... Şəklin arxasında məncə, dərin seyf var. Nə isə, oranı, Şahnəzərovun evini aparmalıyıq.
 
Səhəri gün Şahmuradla Ağayar "Kazino"nun qarşısında dayanıb söhbət edirdilər.
- Əgər onlar bu gün gedəcəklərsə, hansı marşrutu seçə bilərlər? Qatarla Yevlaxacan, oradan maşınla, yoxsa elə Şahnazarovun "M-1" "tısbağa"sına doluşacaqlar? Bax, bunu fikirləşmişəm səhərəcən, - deyə Şahmurad əllərini cibinə soxub, ağaca söykənərək, biganə baxışlarla ətrafı seyr edən Ağayardan soruşdu.
 
- Şahqədeş, nahaq narahat olursan ey. Təki onlar rədd olub getsinlər, ekspromtom bir şey fikirləşib taparuq. Nədir bəgəm, bir dəqiqəyə açıceyəm qapını, on-on beş dəqiqəyə süpürəceyik otaqları, vəssalam. Alə, bir bax, Xeyrulla qaça-qaça gəlir. Allah eləməsin ki, bir qəza, xəta üz vermiş olsun, - deyə Ağayar başı ilə küçənin o biri səkisini göstərdi.
 
Xeyrulla təngnəfəs yaxınlaşıb, Şahmuradın qənşərində dayandı:
- Şahqədeş, Şahqədeş, mən bir şey fikirləşmişəm. Bəlkə küçənün elə bu üzündən məni sallayasuz kəndirlə?
- Nə danışırsan, alə? Çıx ged evə... Allah eləməmiş, ələ keçsək, ataya nə cavab verərəm... - Şahmurad Xeyrullanın başını iki ovcu içinə alıb saçlarından, alnından öpdü. - Sən burada olsan, fikrim elə sənin yanunda olıcey, heç nə düşünə bilmiyəcəm. Get evə!
Xeyrulla küskün nəzərlərini bir an qardaşının üzündə saxlayıb, kəskin hərəkətlə geri döndü, ayaqlarını sürüyə-sürüyə bir neçə addım atıb:
- Yaxşı-yaxşı fikirləş, intellegent, mən sənə qardaş kimi yox, podelnik kimi deyirəm: mənim planım yaxşıdır, - deyə iki əlini də birdən silkələyərək qışqırdı.
 
- Alə, bir az sakit! - deyə Ağayar barmağını dodaqları üzərində çarpazlayıb Xeyrullaya tərəf addımları. - Bir deyinən görey, sən nə istəyirsən?
 
Hündür boylu, dolu bədənli Ağayar əyilərək qulağını uşağın dodaqları səviyyəsində saxlayaraq dinləyir, yumruğunun baş barmağını qaldıraraq "əla, əla" deyə başını tərpədir, altdan-altdan Şahmurada göz vururdu. Nəhayət, o, belini düzəldib gərnəşdi, sinəsinə bir neçə dəfə vurduqdan sonra səbirsizliklə gah ona, gah da Şahmurada baxan Xeyrullaya:
- Sənün fikirləşdüyüvü heç Firon da ağlına gətirə bilməzdi. Aləm ideyadu. Ancaq indi sən bizə mane olursan, adamların diqqətini cəlb edirsən. Özü də hələ bilinmir prokuror bu axşam, yoxsa sabah səhər köç edəcey. Sən getginən evə, istirahət eləginən. Klyanus, klyanus, klyanus, lazım olsa, sənün ardunca özüm gəliceyəm.
 
Xeyrulla parıldayan gözlərini Şahmurada zillədi, baxışlarında: "Sən nə deyirsən?" sualı oxunurdu.
- Ağa danışan yerdə mən susuram. O, bir söz deyibsə, deməli, fikirləşib, sonra ağzından çıxarıb. Get evə, ürəgüvü buz kimi saxla, lazım olsan, arxanca gəliceyik.
 
Gündüz saat birdə "tısbağa" - "Moskviç" Nikolayevski küçəsində göründü və Şahnazarovun evi qarşısındakı girişdə dayandı. Həmin an günəş şüalaraı altında parlayan maşının ətrafına çoxsaylı uşaq dəstəsi toplandı.
- Hə, çəkilin, çəkilin - deyə maşından düşən prokuror gülümsəyərək bir-iki uşağın başını tumarlayıb yuxarı qalxdı. Maşının içində sürücü və bir milis nəfəri qaldı. Milis nəfəri yarım saat gözlədikdən sonra "Moskviç"dən düşüb girişdə yox oldu və az sonra iki çamodanla geri qayıtdı. Sonra daha bir dəfə üçüncü mərtəbəyə qalxıb-düşən qırmızıpoqonlu bu dəfə iki zənbil gətirdi və yenə yuxarı qalxdı. Çıxışda üzündə sevinc, qürur təbəssümü cilvələnən Edik göründü. Şəstlə sürücünün yanındakı oturacaqda əyləşib, zərblə qapını çırpdı. Şahnazarov da övrətinin qolundan tutaraq, nə isə danışa-danışa maşına yaxınlaşdılar, Edikin mamaşası şaqqanaq çəkərək güldü və iri, ətli əndamını maşına salanda "Moskviç"in bir tərəfi xeyli aşağı yatdı.
 
 
 
Şahnazarov "M-1"-in qapısından tutaraq nə isə fikirləşirdi və birdən əlin şalvarının cibinə salaraq, bir dəstə "beşlik" çıxardı, "Moskviç"in ətrafına toplaşmış uşaqlardan yaxında olanına: - Al, götür, Məşədi Dursunun budkəsində qazlı su içərsən, sən də gəl, sən də... - Hamısına pul payladı. - Hə, uşaqlar, buna "salamatı" deyərlər. A nu, Surencan, troqay, s boqom! - deyə bərkdən səsləndi.
 
Bir qədər sonrna Şahmurad sarımtıl çesuça kitelinin cibindən dairəvi gözlükləri olan eynəyini çıxarıb, dəsmal ilə adi şüşədən olan "linza"ları silib təmizlədi və saçlarına sığal çəkdi, ciddi halda "na razvedku" deyə pıçıldadı.
 
Enli pilləkənlərlə yuxarı qalxdıqca addımlarını sayırdı. Hiss edirdi ki, gicgahlarında qan zərblə vurur. Sanki ayaqlarından ağır yüklər asılmışdı.
Üçüncü mərtəbənin qapıları ağzında stul qoyaraq oturmuş milis əməkdaşı addım səsləri eşidərək ayağa qalxdı və əlində tutduğu kağızı oxuyaraq yuxarı qalxan eynəkli, ağbəniz, qara saçları sığallanaraq proborlanmış oğlanı görəndə yenidən öz yerinə qayıtdı. Şahmurad milis işçisinə heç fikir vermədən dördüncü mərtəbəyə qalxdı, bir qədər gözlədikdən sonra geri qayıtdı.
 
- Orada ment oturub və yəqin ki, prokuror qayıdanacan mənzili qoruyacaqlar, - deyə Şahmurad Ağayara bildirdi. - Binanın damına yol axtarmaq lazımdır. Məni sallayarsan kəndirlə.
- Xeyrullanın planı ilə işləyəcəyik? Pəncərədən içəri girmək mümkün deyil. Şüşələr çox böyükdür sındırmaq olmaz, amma fortoçkadan... bu, daha ağlabatandır. Xeyrullanı götürmək lazımdır, cin kimi uşaqdır...
- Yox, yox. Mən özüm nəfəslikdən içəri girəcəyəm.
- Neyçün mübahisə edirsən, Şahqədeş? Özün də bilirsən ki, bu, baştutan məsələ döyül. Sənün bədənün oradan keçməz axı. Həm də Xeyrullanı kəndirlə sallamaq daha asan olar bizimçün.
 
...Bürkülü bir gecə idi. Dairəvi Ayın solğun işığında iki kölgənin əyilərək, asta-asta yaxınlaşdığına baxırdı Şahmurad. Damın üstündə onların ancaq əyilmiş belləri görünürdü. Onlar lazım olan nöqtədən iki metr də ötdülər və Ağayar uca boyunu qaldıraraq, "Kazino"nun qarşısına baxdı.
 
Şahmurad ağacların kölgəsindən çıxıb, əlini yellədərək "geriyə, geriyə" işarəsi verdi, onların düz nəfəsliklə eyni xətt kəsiyində dayandığını görcək, qolunu şaquli vəziyyətdə saxladı və yenidən ağacın gövdəsinə sığındı.
 
Bir dəqiqə sonra belindən bağlanmış kəndiri yana itələyən Xeyrullanın cılız, arıq bədəni damın kənarında göründü. O, tullanmağa hazırlaşmış pişik kimi yığışaraq, dizləri üstə dayanmışdı. Başını irəli uzadaraq aşağı baxdı. Dərinlikdə Nikolayevski küçəsinin asfaltı qaralırdı. Ağayar kəndiri biləyinə dolayıb, hazır dayanmışdı və hiss edirdi ki, bədəni bir qədər titrəyir. Uşaq isə sakit, soyuqqanlı nəzərlərlə "Kazino"nun qarşısındakı meydançaya baxır, Şahmuradı axtarırdı. O, ayaqlarını aşağı sallayaraq, damın kənarlarından tutdu, Ağayara baxıb gülümsündü və barmaqlarını açaraq qaranlıq uçuruma yuvarlandı. Üfüqi vəziyyətdə, bədənini qacırdaraq həm yellənir, həm də fırlanırdı Xeyrulla. Üzü pəncərənin nəfəsliyinə doğru dayananda əllərini irəli uzatdı. On-beş, iyirmi santimetr çatmırdı oraya.
 
Ağayar da damın üstündə uzanmışdı... Bədəni yarıyadək damdan kənara çıxmışdı. Aşağıda əlayaqlarını tər-pədərək, özünü pəncərəyə çatdırmağa çalışan Xeyrulla çabalayırdı. Az sonra onun cılız bədəni kiçik dördkünc qaranlıqda gözdən itdi.
 
Bir qədər sonra uşaq qara rəngli geyim paltarların içinə doldurduğu pulları nəfəslikdən bayıra atırdı. Şahmurad asfalt üstünə dəyib cırılan kitellərin içindən bayıra sıçrayan pul bağlamalarını yığıb ağacın yanına gətirir, yenidən küçənin ortasına qaçaraq, üçüncü mərtəbədən uçan bağlamaları tutmağa çalışırdı.
 
Axırıncı bağlama da yerə dəyib parçalandı. Ətrafa səpələnən pul dəstələrinin sonunjusunu götürməyə əyiləndə bir əl ondan daha tez yığışdırırdı paçkanı. Şahmurad belini düzəldib, oradakı tapançanı çıxardı. Qarşısında dayanan İçərişəhərli Maruxa idi...
 
Maruxa başı ilə pənjərəyə tərəf işarə edərək:
- Klasnaya rabota, Şaxmurad, xoroşiy kuş i xoroşiy u tebya zmeyış (nəfəslikdən, fortoçkadan içəri girən uşaqlara deyirlər). Na qolubyanike kto? - deyib əlində tutduğu pulu ona uzatdı.
Şahmuradın üzünü fərəhdən doğan təbəssüm bürüdü, nazik bığları dartınıb uzandı.
- Borc verə bilərəm, bratok. Götürginən yarısını, imkanun olanda qeytərərsən...
- Tı çto brat, menya za frayera şitayeş? S takim trudom obrabotal xatu... Nastoyaşiy intelleqent! Nedarom tebe vılepili etu kliçku... Spasibo!
 
...Bir saat sonra iki dost çay içir, iri, qatı açılmamış pul dəstələrini bir-birinin üzərinə yığırdılar. Düz səksən iki min manat idi...
... Onlar axşamadək əlli səkkiz mindən bir qədər çox pul paylamışdılar. Dağlı məhəlləsində, Kubinkada, Sovetskidə yaşayan bütün məhbus ailələrinə bu paydan çatmışdı.