Bakı Metropoliteninin yeni qatarı - Sərnişinlər bu yeniliyə çox sevinəcəklər - FOTOLAR

Baxış sayı: 
149

Bu gün Bakı Metropoliteninin "Dərnəgül" stansiyasında yeni qatarın təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə yeni qatarın əvvəlki modellərdən üstün cəhətləri barədə məlumat verib:
 
 
“Fevral ayında Bakı Metropoliteni ilə Rusiyanın “Metrovaqonmaş” şirkəti arasında imzalanan müqaviləyə əsasən, Bakıya 2 yeni qatar gətirələcəkdi. Qatarlardan biri artıq Bakıdadır və bütün sazlanma işləri yekunlaşdırılaraq sərnişinlərin istifadəsinə verilib. Qatar ayın 20-də cənab prezident İlham Əliyevin iştirakı ilə xəttə buraxılıb. Növbəti qatar isə may ayında paytaxta gətiriləcək. Faktiki olaraq yeni qatarların əvvəlki modellərdən fərqli cəhətləri çoxdur. İlkin olaraq yeni qatarların hər bir vaqonunda 16 USB portu var və vətəndaşlar telefonlarını, planşetlərini və s. digər elektron cihazlarını enerji ilə təmin edə biləcəklər. Qatarlarda sərnişinlərin komfortlu gediş-gəlişinin təmin olunması məqsədilə kondisioner sistemi mövcuddur. Hər 5 vaqondan bir vaqonlararası keçid mövcuddur. Bu sərnişinlərin sıxlıq zamanı rahat hərəkətinə şərait yaradacaq. Eyni zamanda oturacaqların yeni olması, vaqonların qapılarının daha geniş olması sərnişinlərin stansiyalarda giriş-çıxışını rahatlaşdıracaq. Onu da qeyd edim ki, ultrabənövşəyi şüaların köməyi ilə vaqonun içərisindəki havanın təmizlənməsi mümkündür. Bu ən son, 4-cü nəsil qatarlar hesab olunur. Qatarda maraqlı məlumatların yerləşdiriləcəyi “Touch Screen” monitorlar quraşdırılıb. Qatarların ortalama istismar müddəti 30-31 il götürülür. Yeni qatarlarında istismar müddəti 31 ildir. Qatarlarda velosiped və uşaq arabaları üçün xüsusi yerlər, eləcə də əlil arabaları üçün təhlükəsizlik kəmərlərilə təchiz edilmiş yerlər ayrılıb. Hazırda qatar aktiv intervalla hərəkət edir”.
Bakıda ilk dəfə 1967-ci ildə açılan, Şərqdə ilk metro olaraq "Ginnesin Rekordlar Kitabı"na düşən metropolitendə müəyyən mərhələlərlə yeni qatarlar alınır. Hər il istifadə müddəti bitən qatarlar xəttən çıxarılaraq yeniləri ilə əvəz edilir.
Qatar içərisində sərnişinlərlə stansiyaya daxil olub. Sərnişinlər yeni qatarlarda xüsusilə USB portların quraşdırılmasını maraqla qarşıladıqlarını deyiblər. Qatarlar rənginə görə, daha əvvəl gətirilən qatarları xatırlatsa da, təchizat sistemi olduqca fərqlənir.
Xüsusilə sərnişin tutumuna görə, nisbətən daha geniş vaqonlar sərnişinlərin daha rahat gedişini təmin edəcək. Növbəti qatar isə may ayında sərnişinlərin ixtiyarına veriləcək.
Hazırda Bakı Metropoliteninin 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti fəaliyyət göstərir. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Gələcəkdə stansiyaların tikilməsinin sürətləndiriləcəyi və daha 51 yeni stansiyanın inşası, 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi də nəzərdə tutulub.
N.Paşayev Bənövşəyi xətt üzrə stansiyada tikinti işlərini sürətləndirdiyini də deyib:
 
 
“Bənövşəyi xəttin B3 adlanan stansiyasında tikinti işlərini daha da sürətləndirmişik. Həmçinin Dərnəgül elektrik deposunda da işlər sürətləndirilib. Cənab prezident də öz müşavirəsində metro tikintisinə təkrara start veriləcəyini bildirib. Hazırda bir neçə istqamətdə metro stansiyalarının tikintiləri davam etdirilir. Bənövşəyi xəttin Xocasən istiqamətində elektrik deposu var ki, orada da tikinti işləri davam edir. Eləcə də “Həzi Aslanov 2” və “Dərnəgül” elektrik deposunda da işlər ən son sürətlə davam etdirilir”.
Könül Cəfərli

Загрузка...
Загрузка...