Bakı ''Formula ''-ə necə hazırlaşır? - FOTOLAR, REPORTAJ

Ölkəmiz  Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinə hazırlaşır. İyunun 17-də start götürəcək tədbirlə bağlı görüləcək işlər sürətləndirilib.
Azərbaycan bu yarışmaya ciddi yanaşır və eyni formada da hazırlıq görür.
Bunu musavat.com-un müxbirinin paytaxt Bakıdakı müşahidələri zamanı da görmək mümkün olub.
Artıq "Formula-1” Avropa Qran-prisinə marşalların hazırlanması məqsədi ilə təlimlərə də start verilib. “Baku Marshals Club”un Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə marşalları qismində əməkdaşları ilə baş tutacaq hazırlıq aprelin 29-da başa çatacaq. Təlimlərə ümumilikdə 189 yanğınsöndürmə və 139 xilasetmə marşalları qatılıb. Hazırlıqlar Bəhreyn Motor-İdman Federasiyasının peşəkar təlimçiləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təlim-bazasında aparılır.
“Formula 1” avtomobillərinin yarış halqası bəllidir. Yarış zolaqlarının kənarlarında oturacaqların quraşdırılması prosesi də başlayıb. Yarış halqaları 9 tribunadan, 20 döngədən ibarətdir. Bu tribunalardan iksinin inşası bitmək üzrədir. Bunlar "Sahil" və "Bulvar" tribunasıdır.
Yarış iştirakçıları "Abşeron" tribunasından start götürüb, "Xəzər", "İçəri Şəhər", "Filarmoniya", "Azneft", "Qız Qalası", "Muğam", "Sahil", "Bulvar" tribunalarından keçəcək və yenə "Abşeron" tribunasına dönüb, turu bitirəcəklər. Ən böyük tribuna Azadlıq meydanında salınır. Hazırda bu tribunanın tikinti prosesi bitmək üzrədir.
Hazırlıqlar bununla da bitmir. Bu il keçiriləcək beynəlxalq oyunlar üçün 100-ə yaxın yeni təcili tibbi yardım avtomobili gətirilib. I Avropa oyunlarında stansiyanın 200-ə yaxın seçilmiş həkimi təlim kurslarına cəlb edilib.
“Formula-1”ə görə viza qaydaları dəyişib. Pasport və Formula 1 Avropa Qran Prisi üçün daimi “Formula-1” media buraxılış vəsiqəsi və daimi akkreditasiya ilə təmin olunmuş media nümayəndələri və FIA/FOM/Komanda heyətləri artıq viza üçün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında xidmət göstərən bir neçə viza məntəqəsinə pasport və daimi akkreditasiya sənədi ilə müraciət edə bilərlər. Bu sadələşdirilmiş qaydalar, o cümlədən " Formula 1"-i izləmək üçün ölkəmizə səfər etmək istəyən, pasport və bileti, yaxud biletin alınması haqqında təsdiq sənədi olan azarkeşlərə də şamil edilir. Həmin şəxslər Azərbaycana daxil olmaq üçün vizanı Bakı Hava Limanındakı Viza məntəqəsinə müraciət edərək əldə edə bilərlər. BŞH-nin bu məqsədlə hava limanında təşkil edəcəyi Viza məntəqəsi iyunun 1-də fəaliyyətə başlayacaq.
Dənizkənarı Milli parkda “Formula 1” yarışması haqqında məlumatlandırma məntəqəsi təşkil olunub. Burada bilet satışı, yarış iştirakçıları haqqında məlumatlar, qiymətlər, tribunalar, yarışın harada keçiriləcəyi haqqında informasiyalar verilir. Bununla yanaşı burada quraşdırılan xüsusi simulyasiya oyunları vasitəsi ilə özünüzü "Formula 1" iştirakçısı kimi hiss edə bilərsiniz.
"Formula-1” Avropa Qran-prisinin əyləncə konsertində dünya ulduzları çıxış edəcək. Tanınmış ifaçılar - Kris Braun, Enrike İqlesias və Farel Vilyams Dənizkənarı Bulvarda yerləşən "Formula 1" şəhərciyində səhnə alacaqlar.
Bilet qiymətlərinə gəlincə isə, yarışı canlı izləmək üçün azarkeşlər ən azı, 19 manatlarından keçməli olacaqlar. Ən baha bilet isə 620 manatadır. Azərbaycan vətəndaşları biletləri 40% güzəştlə əldə edə biləcəklər.