Bakı avtovağzalında sərnişinlər bilet tapmaqda çətinlik çəkirlər

Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində Novruz bayramı ilə əlaqədar respublikanın bölgələrinə getmək istəyən sərnişinlərin böyük sıxlığı müşahidə edilir. Sərnişinlərin böyük əksəriyyəti bilet tapmaqda çətinlik çəkirlər. Bu problemlə hətta onlayn şəkildə bilet alan sərnişinlər də üzləşiblər.
Onlayn bilet alıb, lakin nəzərdə tutulan marşrutu tapa bilməyən sərnişinlərdən biri Nazlı Əhmədova "Report"a bildirib ki, martın 17-də Gədəbəy istiqamətinə 19 mart saat 09.30 tarixi üçün onlayn bilet alıblar. Lakin Bakı Beynəlxalq Avtovağzal Kompleksində onlara bildirilib ki, bu istiqamətə yerinə yetirilən reys ləvğ edilib.
"Bizə dedilər ki, həmin reys ləğv edilib, olmayacaq. Kompleksin rəhbərliyi ilə də danışdıq, bizə dedi ki, bu istiqamətdə reys yerinə yetirən çox avtobus yoxdur. Bilet satışı həyata keçirən kassada isə dedilər ki, Gədəbəy istiqamətində ancaq dövlətə məxsus avtobuslar hərəkət edirlər, özəl daşıyıcı yoxdur. Həmin istiqamətə bizim başqa avtobusumuz yoxdur və olmayacaq. Gedə bilməyənlər öz məsələlərini həll etsinlər. Digər istiqamətlərə isə biletləri avtobus sürücüləri daha baha qiymətə satırlar, insanlar yollarda qalıb", - deyə Bakı şəhər sakini Nazlı Əhmədova bildirib.
Qeyd edilənlərlə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi sərnişinin dedikləriylə razılaşmayıb və bildirib ki, reysin ləğv edilməsi mümkün deyil: "Elə adam var ki, onlayn prosesini düzgün aparmır və kassaya gələndə biletini ala bilmir".
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı isə qeyd edib ki, ötən gün respublikanın rayonlarına 621 reyslə 15 981 sərnişin yola salınıb. Bu gün isə avtovağzalda səhər saatlarından indiyə kimi daşınan sərnişinlərin sayı 18 mini ötüb: "Bu gün səhər Tərtər, Gədəbəy və Quba istiqamətində hərəkət edən avtobuslarda nasazlıq yaranıb. Nəqliyyat vasitələrinin mühərriklərində problem olub. Bu isə sərnişindaşımaya təsir göstərib, sərnişinlər artıq vaxt gözləməli olublar. Yaranmış texniki problemə görə qeyd edilən istiqamətlərə reyslər ləğv edilib. Hər bir sərnişin avtobusla təmin edilməlidir. Sadəcə, texniki cəhətdən nasaz olan avtobus xəttə buraxılmayıb. Bu səbəbdən onlar ləngiyiblər, məsələn, sərnişinlər biletlərini saat 1-ə alıblarsa, 3-ə qədər gözləməli olublar. Bu da bizim bilmədiyimiz haldır, bu normaldır. Bunlar qəbuledilən və başadüşüləndir. Mən avtovağzal rəhbərliyi ilə əlaqə saxlamışam. Mənə bildirildi ki, heç kəs yolda qalmayacaq. Maksimum bütün əlavə avtobuslar xəttə çıxarılıb ki, bütün sərnişinlər yola salınsın".
Bütün ehtiyat avtobusların hazırda müvafiq xətlər üzrə sərnişindaşımanı həyata keçirdiklərini qeyd edən Ş.Mehmanqızı əlavə edib ki, bu dəqiqələrdə regionlara 700-dən çox avtobus yola salınsa da, hələ də sərnişin sıxlığı davam etməkdədir: "Bugünkü sıxlığın ən başılca səbəblərindən biri sərnişin sayının (məhz bugünkü tarix üçün) fəaliyyət göstərən avtobus sayından 4-5 dəfə çox olması, həmçinin, sərnişinlərin əksəriyyətinin biletsiz olması və regionlara səfər üçün məhz bugünkü tarixi seçmələridir. Çünki adi günlərdə 400-450 avtobusla sərnişindaşma həyata keçirilirdisə, bu gün 700-dən çox avtobus xəttə çıxarılsa da, sərnişin sayı dəfələrlə çoxdur. Avtovağzala bu gün gələn və gəldiyi saatda gedə bilməyən sərnişinlərə isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti hələ bir ay əvvəl səfərlərini öncədən planlaşdırmağı tövsiyə etmişdi. Nəzərə alsaq ki, regionlar üzrə biletlər isə avtobus sayına uyğun satılır, deməli, bileti əvvəldən almaq lazım idi. Günün sonunda sərnişindaşıma üzrə bu gün qeydə alınan dəqiq statistikanı isə növbəti gün diqqətinizə çatdırcağıq".