​Bağdadın süqutunun acı hekayəsi - ABŞ ordusu 15 il əvvəl bugünkü gün İraqa hücum etdi

 
15 il əvvəl bugünkü gün ABŞ və müttəfiq ölkələr İraqa hücum etdi. 2003-cü il martın 17-də ABŞ və Brtitaniya İraq lideri Səddam Hüseynə təslim olması üçün 48 saat vaxt verdi. Verilən vaxt tamam olduqda isə ABŞ və Brtianiya ordusunun (ümumilikdə 400 min nəfər yaxın hərbçi – K.R.) rəhbərlik etdiyi 15 ölkədən ibarət koalisiya İraqa hücum etdi.
 
İşğaldan əvvəl ABŞ aviasiyası İraq səmasında əhaliyə xəbərdarlıq elanlar atılıb, ardınca isə bombardmanlar başlayıb. İlk olaraq Bağdad və İraq ordusuna məxsus mərkəzlər aviasiya və raket atəşinə tutulub. Müttəfiq aviasiyası 1700 uçuş həyata keçirib, 504 ədəd “Cruise” raketi atılıb.
 
Hücumun zərbəsi kəskin idi, Körfəz müharibəsndən sonra faktiki olaraq əl-qolu bağlanmış Səddam Hüseyn ordusu 3 həftə tab gətirə bildi. 20 gündən sonra aprelin 9-da artıq ABŞ tankların Bağdadın mərkəzində idi. Səddam qaçmış, onun hökuməti dağılmışdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş müharibənin başa çatdığını elan etdi. Ancaq işğal başa çatmışdı, amerikalılar isə 2011-ci il dekabrın 15-dək rəsmən İraqda qalaraq savaşı davam etdirdilər. Amma İraqda hələ də sabitlik və əmin-amanlıq yoxdur. Müharibə hər iki tərəfə baha başa gəlsə də, iraqlılar üçün böyük faciə oldu.
 
 
1990-cı ildə Küveyti işğal etməsi və ardınca 1991-ci ildə İraqa qarşı “Səhrada fırtına” əməiyyatı ilə Səddam Hüseyn onsuz da böyük ölçüdə zəiflədilmişdi. Ancaq 11 sentyabr olaylarından sonra ABŞ hökuməti Səddam Hüseyni nüvə silahı hazırlamaqda ittiham etdi. Vaşinqton Səddam Hüseyni terrorçuları himayə etməkdə və gizli şəkildə nüvə silahına sahib olmaqda ittiham etdi. Ancaq bu iddialar sonradan özünü doğrultmadı, İraqda nüvə silahı tapılmadı. Bunun əvəzində isə İraqın neft ehtiyatlarına görə və eləcə də radikal xristian qrupların İraq savaşında dini mahiyyət “axtarışları” kimi məlumatlar da ortada “dolaşmağa başladı”. 11 sentyabr və ardınca başlayan antiterror müharibələrinin kölgəsində İraq işğalını legitimləşdirmək Vaşinqton üçün elə də çətin olmadı. Əslində isə Buş administrasiyası buna ehtiyac görmədi belə. BMT-dən kənar alınan qərarla ABŞ və Britaniya İraqı işğal etdilər. Ancaq bu savaş ABŞ-a da ucuza başa gəlmədi. Buşun “xərcsiz” adlandırdığı müharibə Amerikaya 2,2 trilyon dollara başa gəldi, bu gün də davam edən terror müharibələrini nəzərə alsaq xərclər artmaqda davam edir.
 
İraq müharibəsinin itkiləri ilə bağlı fərqli rəqəmlər söylənilir. Amerika mərkəzli araşdırma qurumu 10 illik savaş dövründə 122 min iraqlının öldüyünü, 135 min nəfərin isə yaralandığını açıqlayıb. Ancaq müstəqil araşdırma mərkəzləri 600, bəziləri isə 1 milyon iraqlının müharibədə qurban getdiyini təxmin edir.
 
 
 
Rəsmi rəqəmlərə əsasən 10 illik işğal dövründə amerikalılar 4475 (bəzi rəqəmlərə görə, 4487 – K.R.) nəfər itirib, 32 min nəfər isə yaralanıb. Müttəfiq ölkələrdən ölənlərin sayı isə 318 nəfər olub. Amerikalılar İraqda ən böyük itkini işğal zamanı, yəni 2003-cü ildə deyil, 2004-2007-ci illərdə partizan müharibələri zamanı veriblər. Ən böyük itkiləri isə kənardan idarə olunan partlayıcılar törədib. Məhz İraq işğalı zamanı kənardan idarə olunan bombala, minalanmış avtmobillərlə terror əyləmləri dəhşətli şəkildə geniş yayıldı, demək olar ki, hər gün ölkənin fərqli bölgəsində işğal qüvvlərinə, eləcə də dinc əhaliyə qarşı terror həyata keçirilrdi. Məsələn, ABŞ-ın İraqdakı itkilərinin 55-65 faizi məhz kənardan idarə olunan bombaların partlaması nəticəsində qeydə alınıb.
 
 
Bundan başqa, 2006-2007-ci illərdə əl-Qaidənin İraqda peyda olmasından sonra məzhəb düşmənçiliyinin alovlanması nəticəsində toqquşmalar baş verdi və bu motivlə təxmini məlumatlara görə, 35 min insan öldürülüb. Terror və silahlı hücumlar nəticəsində İraq təhlükəsizlik qüvvələri işğal dövründə 10 mindən artıq əməkdaşını itirib.
 
İşğaldan bir neçə ay sonra 2003-cü ilin payızında amerikalılar ölkənin idarəçiliyini keçid koalisiyasına verdilər. 2005-ci ildə isə ölkənin yeni konstitusiyası qəbul olundu və parlament seçkiləri keçirildi. İraq parlamentar respublikaya keçdi.
 
Yaxın Şərqdə Livandan sonra İraqda etnik və məzhəbi hakimiyət bölgüsü mövcuddur. Ölkənin prezidenti kürd (hazırda Fuad Məsum – K.R.), parlamentin sədri sünni, baş nazir isə şiə siyasi partiyalarının təmsilçisidir. Ancaq hər dəfə seçkilərdən sonra İraqda hökumətin formalaşması uzun zaman alır. Bu ilin may ayında İraqda növbəti parlament seçkiləri keçiriləcək və yeni hökumət formalaşdırılacaq.
 
 
 
Müharibə başlayanda gündəlik 2.5 milyon barrel neft ixracatı olsa da, işğal zamanı bir müddət neft sənayesi tamam dayanıb. Ancaq sonradan yenidən işə salınıb. Hazırda İraq 3,7 milyon barrel gündəlik neft ixracatı ilə dünyanın öndə gedən neft ixracatçısı ölkələrindən biridir. Ancaq bu, İraqın potensialından çox azdır, çünki İraq təsdiqlənmiş neft ehtiyatlarına görə dünyanın 4-cü ölkəsidir.
 
Müharibə nəticəsində 3 milyondan çox iraqlı ölkə daxilində qaçqın oldu, 2 milyondan çoxu isə ölkə xaricinə qaçmağa məcbur qaldı. 2014-cü ildə İŞİD-in Mosulu və ətraf bölgələri işğal edərək Bağdadın 57 kilometrliyinə qədər gəlməsi ilə İraq ikinci bir ağır müharibə dönəminə qədəm qoyub və minlərlə insan öldürülüb, qaçqın düşüb. İŞİD-lə mübarizə hələ də davam edir. İraqın yaralarını sağaltması isə hələ uzun illər vaxt alacaq. Bu ilin əvvəlində Küveytdə İraqın bərpası ilə bağlı konfrans keçirilib. İraq hökuməti bəyan edib ki, İŞİD-in dağıtdığı bölgələrin yenidən bərpası üçün 88 milyard dollar pul lazımdır. Konfransda İraqa 30 milyard dollar yenidənqurma üçün yardım təklif edilib, ancaq İraqdakı korrupsiya səbəbindən maliyyə yardımının donor ölkələrinin özləri tərəfindən xərcələnəcəyi qeyd olunub.
 
 
Bu gün İraqın işğalının 15 ili tamam olur. Amma İraq hələ də tam azad deyil, ölkənin böyük hissəsi dağıdılıb, terror və separatizm təhlükəsi qalır. Üstəlik korrupsiya və siyasi anlaşmazlıqlar var. Nəhayət, amerikalılar 2011-ci ilin dekabrında rəsmən İraqı tərk etsələr də, hələ də ölkədə Vaşinqtonun rəsmi məlumatına görə 5 mindən çox amerikalı hərbçi var. Bağdadda və ölkənin müxtəlif bölgələrində Amerika hərbi bazaları qalır.
 
Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...