​Bağda ərik var idi, salam-əleyk var idi, indi isə..." - Tofiq İsmayılovun bacısı

Şəhid dövlət katibinin bacısı Elmira İsmayılova ailəli qızı ilə dar, təmirsiz bir mənzilə sığınıb...
 
 
O, artıq qardaşının məzarını ziyarət etmək iqtidarında deyil...
 
20 Noyabr Qarakənd faciəsinin qurbanlarından biri, keçmiş dövlət katibi, akademik Tofiq İsmayılovun bacısı artıq 3-cü ildir ki, qardaşının məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gedə bilmir.
 
Moderator.az-a açıqlama verən 80 yaşlı Elmira İsmayılova çətinliklə də olsa, bildirdi ki, buna səbəb onun ayaqlarındakı şiddətli ağrılarla müşayiət olunan xəstəlikdir. 26 ildir ki, Tofiq İsmayılov kimi qardaşın yarasını qəlbində daşıyan anaya daha bir zərbə dəyib... Bir müddət öncə oğlu Elçini də itirib...
 
“Çox sağ olun ki, məni yad etdiniz. İnanırsız, yaxın qohumlardan başqa bu gün heç kəs telefon açıb məni yad etmədi, başsağlığı vermədi. Oğlum Elçin rəhmətə getdi, yası oldu; Tofiqi, məni vəzifədə, iş başında olanda daim arayıb-axtaranlar heç biri nə gəldi, nə də zəng etdi...” – deyə Elmira İsmayılova Moderator.az-a minnətdarlığını bildirdi.
 
“20 Noyabr faciəsi haqda ictimaiyyətə ürək sözləriniz nə olardı” sualına cavabda Tofiq İsmayılovun bacısı bunları dedi:
 
”Eh...Yenə yalnız eyni sözlər təkrarlandı: ”Faciədən 26 il ötdü”... Nə olsun?..  O boyda kişilərə nə şəhid adı verdilər, nə də qəhrəman... Özüm də 50 il gənc nəslin savadlanması üçün çalışmışam. Bir maraqlanan varmı?..”
 
3 il əvvəl Elmira xanımla görüşüb geniş müsahibə götürəndə onun ailəli qızı ilə birgə  liftsiz binanın beşinci mərtəbəsindəki dar, təmirsiz bir mənzildə yaşadığının şahidi olmuşdum. Həmin vaxt şəhid dövlət katibinin bacısı hələ neçə il öncədən əlaqədar qurumlara bu haqda müraciət etdiyini bildirmişdi. Bu dəfə müraciətlərin bir nəticəsi olub - olmaması haqda sualımıza Elmira İsmayılova belə cavab verdi:
 
”Heç bir xəbər yoxdur. Bağda ərik var idi, salam-əleyk var idi... Artıq bundan sonra mənə heç nə lazım deyil. Bircə qardaşım və balam sağ olaydı...”
 
Xatırladaq ki, Elmira İsmayılova uzun illər indiki Bakı Slavyan Universitetində müəllim, prorektor və fakültə dekanı kimi çalışıb.
 
Sultan Laçın

Загрузка...
Загрузка...