“Bacımı öldürüb ağlaya-ağlaya polisə getdim” - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

 
Bacısını öldürməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1986-cı il təvəllüdlü Məmməd Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Məmməd Musayev 11 iyul 2013-cü ildə saat 15 radələrində yaşadıqları Yevlax şəhəri C.Cabbarlı küçəsi, ev 7, mənzil 3-də yaşayan dul bacısı Elnurə Musayevanın mobil telefonla naməlum şəxslə danışmasını görüb. Bacısı ona kiminlə danışdığını deməyib. Bu, Məmməd Musayevdə şübhə doğurub.
Qısqanclıq və qətl
Məmməd Musayev bacısı ilə təklikdə söhbət etmək qərarına gəlib. Söhbət zamanı Elnarə Musayeva “nə edirəmsə yaxşı edirəm, sən mənim işimə qarışma” deyib.
Daha sonra Elnarə Musayeva bıçaq götürərək qardaşını hədələyib və ondan işinə qarşımamasını tələb edib. Məmməd Musayev bacısının bu hərəkətini başqa şəxslə görüşməsinin etirafı kimi qəbul edib. Bu səbəbdən o, bacısını öldürmək qərarına gəlib. Məmməd Musayev bıçağı bacısının əlindən alaraq ona çoxsaylı zərbələr vurub. Elnarə Musayeva yerindəcə ölüb.
İki maddəli cinayəti işi və 9 il cəza
Məmməd Musayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Musayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Nərminə Nuriyeva apelyasiya şikayəti verib. O, oğluna təyin edilmiş cəzanın yüngülləşdirilməsini istəyib. Həmçinin təqsirləndirilən şəxsin vəkili Fərhad Məmmədov da eyni tələblə apelyasiya şikayəti verib.
Apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Bacımın oğlanlarla telefonla danışdığından şübhələndim”
Məhkəmədə ifadə verən Məmməd Musayev bildirib ki, 2012-ci ilin noyabr ayında Moskvadan Yevlaxa gəlib: “Həmin vaxt bacım Elnarənin telefonla kimlərləsə danışdığından şübhələndim. Buna görə də ona öz iradımı bildirdim. Ona “eşitdiyimə görə əxlaqsızlıqla məşğul olursan, məni biabır edirsən və s.” sözlər dedim. Lakin Elnarə mənə dedi ki, sən yalan deyirsən, mən heç kimlə danışmıram və heç kimlə də görüşmürəm, sən get öz arvadına sahib dur”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin fevral ayında yenə də Rusiya Federasiyasının Moskva şəhərinə gedib və həmin ilin iyulun 10-da geri qayıdıb: “Evə qayıdan zaman anam Nərminə, bacım Elnarə və onun azyaşlı qızı Aylin evdə olublar. Bacımın telefonda kiminləsə danışdığını gördüm və onun oğlanlarla danışmasından şübhələndim”.
“Pozğunluq edirəm, sənə nə?”
Məmməd Musayev bildirib ki, buna görə də bacısı ilə söhbət etmək üçün anası Nərminəyə aptekdən dərman almağa yollayıb: “Aylini də anamla yolladım ki, ona da top alsın. Bundan sonra anam Aylini götürərək evdən getdi. Elnarə ilə evdə tək qaldım və onunla söhbət etmək üçün evin yataq otağına keçdim. Elnarədən telefonla kiminlə danışdığını soruşdum və ondan telefonunu verməsini istədim. Lakin Elnarə telefonu vermədi və “yaxşı edirəm, sən mənim işimə qarışma, məni yığmısan boğaza, subay qadınam, c, sən get öz arvadına sahib çıx” sözlər dedi”.
“Bir neçə dəfə vurdum ki, tez ölsün, əziyyət çəkməsin”
Təqsirləndirilən şəxs qeyd edib ki, Elnarənin sözləri ona çox pis təsir edib: “Bacıma sillə vurdum. Bundan sonra Elnarə yataq otağında olan güzgülü siyirmənin üstünə olan cib bıçağını götürərək mənə xəsarət yetirəcəyi ilə hədələdi. Elnarənin əlindən tutaraq özümə tərəf çəkdim, bıçağı ondan aldım. Əsəbi olduğumdan və onun əxlaqsız davranışına dözməyərək bıçaqla Elnarənin bədənin müxtəlif nahiyələrinə vurdum. Ona qısa müddət ərzində bir neçə dəfə vurdum ki, tez ölsün, əziyyət çəkməsin. Özümü itirdiyimdən neçə dəfə və hansı nahiyələrinə vurduğumu xatırlamıram. Bundan sonra ağlaya-ağlaya Yevlax rayon polis şöbəsinə getdim və hadisə barədə məlumat verdim. Cinayətin aləti olan bıçağı növbətçi hissəyə təhvil verdim”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Məmməd Musayevin cəzasından 1 il çıxıb və onun barəsində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Загрузка...
Загрузка...