""Azərxalça" 5000-ə yaxın vətəndaşı daimi iş yerləri ilə təmin edəcək"

 
 
Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin yaradılmasında əsas məqsəd xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. “Azərxalça” yaradıldığı bir ildən  artıq dövrdə uğurlu fəaliyyət gösrərib, bir sıra yeniliklərə imza atıb.
 
ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Moderator.az-a açıqlamasında bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
   
Vidadi Muradov bildirib ki, “Azərxalça” ASC respublikamızın əsas xalçaçılıq mərkəzidir:
 
“Bir ildən çox fəaliyyətimiz müddətində bu çətin, eyni zamanda məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışmışıq. Azərbaycan xalçaçılığı kompleks anlayışdır. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. “Azərxalça” respublikada xalçaçılıq sənayesini məhz bu kompleks yanaşma əsasında inkişaf etdirir. Cəmiyyətin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi – Füzuli və Şəmkir filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş bu filialların hər birində 150 toxucu, 10 nəfər inzibati-texniki işçi çalışır. Burada indiyədək 43 dəzgahda qədim Azərbaycan çeşniləri əsasında müxtəlif ölçülü 300-dən çox  xalça toxunub.
 
Ümumilikdə indiyədək  xalçaçı-rəssamlar tərəfindən Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük veririk”.
  
Cəmiyyətin rayonlarda yaradılacaq filialları barədə də məlumat verən  İdarə Heyətinin sədri deyib ki, 2017-ci ilin sonunadək Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax filialları da istifadəyə veriləcək. 2018-2019-cu illərdə - hər ildə respublikanın daha 10 rayonunda filialların yaradılması, bununla da Cəmiyyətin filiallarının ümumi sayının 30-a çatdırılması və 5000-ə yaxın vətəndaşın daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. “Azərxalça”nın bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçün respublikamız həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensial imkanlara malikdir.
  
“Bütün iş prosesi ilə paralel olaraq rayonlarda “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1300 nəfərdən çoxdur. Bu toxucuların arasında gənclər də var. Gənclərin sayəsində toxuculuq sənəti nəsildən-nəslə ötürüləcək və dünya irsinin ayrılmaz parçasına çevrilən xalçalarımız daim diqqət mərkəzində qalacaq. Kurslarda tədris alan toxucular Cəmiyyətin yerli filiallarında daimi işlə təmin olunacaqlar”. -  Vidadi Muradov belə deyib.
 
Onun sözlərinə görə, Cəmiyyət yerli xammal əsasında Azərbaycan xalçası toxumağı qarşısına məqsəd qoyub. Bunun üçün ölkəmizin geniş imkanlara malik olduğunu yerli və xarici ekspertlər də təsdiqləyirlər. İqtisadiyyat Nazirliyi ilə birlikdə Sumqayıt Sənaye Parkında 2018-ci ilin sonunadək Əyirici-boyaq Fabrikinin yaradılması istiqamətində işlər görülür. Respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. Bu il 52 rayondan 1000 ton yunun tədarük olunması nəzərdə tutulub. Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 70 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm “Azərxalça”nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə ediləcəkdir. Belə bir müəssisənin yaradılması Azərbaycan yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcəkdir.
  
Vidadi Muradov Azərbaycan xalçalarının beynəlxalq təbliğatı istiqamətində görülən işlər barədə də məlumat verib:
 
“Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi” olaraq bu ilin 14-17 yanvar tarixlərində Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq satış sərgisində təqdim etdik. Bu tədbirdə bir daha yüksək keyfiyyətli Azərbaycan xalçasına olan marağın, diqqətin şahidi olduq. DOMOTEX beynəlxalq sərgisi əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu və “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərdi”.
 
İdarə heyətinin sədri onu da bildirib ki, bu il sentyabrın 8-də ABŞ-ın paytaxtında “Azərbaycan Xalçaları İncəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunub. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib.Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə əllə toxunmuş bu xalçalar barədə geniş məlumat verilib, onların çoxsaylı sualları  sualları cavablandırılıb. Sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilib və geniş ziyarətçi marağına səbəb olub.
  
Vidadi Muradov əminliklə deyib ki,  Azərbaycanda xalçaçılıq həm mədəniyyət, həm də aparıcı iqtisadi sahələrdən biri kimi dövlətimizin ümidlərini doğruldacaq. “Azərxalça” bundan sonra da bütün gücünü səfərbər edərək milli xalçaçılıq sənayemizin inkişafı istiqamətində yorulmadan çalışacaq.

Загрузка...
Загрузка...