“Azəriqaz” və “Azərişıq” Tarif Şurasından əvvəl “qiymət qaldırıb” - Sensasion məqamlar

 
 
Abonentlərə qaz və işıqdan fantastik hesablar gəlməyə başlayıb
 
Qazın və elektirik enerjisinin qiymətinin bahalaşmasından sonra cəmiyyətdə çalınan həyəcan təbili nahaq deyilmiş. Artıq iri hesablar gəlməyə başlayıb.
 
Xatırladaq ki, Tarif Şurası noyabrın 28-də təbii qazın və elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib, əhali üçün müvafiq kvota müəyyənləşdirilib. Elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə - yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanacaq. Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Qazın illik istehlak həcminin 1500 m3 -dək olan hissəsi üçün köhnə tariflə - 100 manat, istehlak həcmi 1500 m3 -dən çox olan hissəsi isə 200 manat müəyyən edilib.
 
"Azəriqaz” İB və "Azərişıq” ASC-dən iddia olunurdu ki, bahalaşma əhalinin 60-70 faizinə təsir etməyəcək, çünki çoxluq işığın istifadəsində aylıq 250 kVts limitini keçmir. "Azərişıq”-dan bildirilirdi ki, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kVts-dan azdır. Bu baxımdan diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq. İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbətində bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək. Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur. "Azəriqaz" İstehsalat Birliyindən isə deyilib ki, Azərbaycanda əhalinin 62 faizindən çoxu ildə 1500 m3 qaz limitini keçmir. Buna görə də tarif dəyişiklikləri əhalinin böyük hissəsinə təsir etməyəcək.
 
Artımı abunəçilər oktyabr-noyabr aylarından hiss edirlər
 
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün 2016-cı ilin dekabrın 1-i tarixindən tətbiq olunur. Elektrik enerjisi ilə bağlı qərar isə hər iki qrup üçün bu ilin dekabrın 1-dən qüvvəyə minib. Sayğaclar artıq işə düşüb və gələn qəbzlərdən söylənənlərin tam əksi mənzərənin şahidi oluruq. Adıçəkilən hər iki qurumun hələ Tarif Şurasından əvvəl özbaşına qiymət dəyişikliyinə getdikləri barədə şübhələırimiz var. Çünki, artımı abunəçilər oktyabr və noyabr aylarında aşkar hiss ediblər.
 
Tanıdığım bir xanım tək yaşayır, özü də işsizdir. Gündəlik biş-düş imkanı yoxdur. Qazı və işığı da qənaətlə işlətməyə məcburdur. Çox vaxt qohumlarının evinə gedir. O gün mənimlə mübahisə edirdi ki, qiymətlər oktyabr ayından qalxıb. Dediyini də onunla əsaslandırır ki, əvvəllər qaz üçün karta vurduğu 1 manatı 2 həftə 16 gün ərzində işlədirdisə, oktyabrdan qaz ona 1 həftəyə də bəs eləmir.
 
Bizdə qaz xətti olmadığı üçün "Azərişıq”-dan gələn bildirşlərə baxdım. Bu ilin iyun ayında sərfiyyatımız 334 kVts təşkil edib. O vaxt qiymət 6 qəpikdən hesablandığına görə 20,04 manat tutub. Elə bu rəqəm özü onu deməyə əsas verir ki, heç də iddia edildiyi kimi 70% 250 kVts-dan az enerji işlətmir. Kommunal qurumlarda hesab edirlər ki, yoxsullar qaz və işığa qənaət etmək məcburiyyətindədirlər. Deməli, belə deyilmiş. Iyul ayında sərfiyyat 368 kVts, avqust ayında 420 kVts (kondisioner istifadə olunub və 7 qəpikdən hesablanıb) təşkil edib. Sentyabrda heç bir səbəb olmadan sərfiyyat 491 kVts-yə qalxıb. "Heç bir səbəb olmadan”ı ona görə deyirəm ki, sentyabr-oktyabr və hətta noyabr aylarında kondisioner və ya digər qızdırıcı, ya da sərinləşdiricilərə ehtiyac olmur. Odur ki, məntiqlə bu rəqəm aşağı düşməli idi. Oktyabr ayında sərfiyyat 382 olub. Sentyabrla müqayisədə o qədər də bəd deyil. Amma noyabr ayında birdən-birə 538 kVts-yə qalxıb. Doğrudur, noyabr bir qədər soyuq keçdi, amma bayırda. Həm də evdə kondiosionerlərdən istifadə edəcək qədər yox.
 
Bir aya 693 kVts-lik bildiriş
 
Gəlin siz bizim noyabr ayının 8-dən, dekabr ayının 8-dək olan sərfiyyatımıza baxın - 693 kVts və ya 48,51 manat. Son bir ayda rekord qırmışıq. Əslində məcburi köçkün olduğumuzdan bizə kVts hesablanır. Ona görə də məbləğ köhnə qiymətlə göstərilib. Amma normanı bu ay nəyə görəsə və ya nəyinsə sayəsində 93 kVts keçmişik. Halbuki normanı heç ilin ən soyuq ayı olan yanvar-fevralda da aşmamışdıq. Əlimdə bu ilin fevral ayının bildirişi var, sərfiyyat 563 kVts-dir. Deməli, bizim sayğacı "sürətli rejim”ə qoyublar. Elə yazdıqca yazır. Qiymət isə cəmi 8 gündür qalxıb. Bu gedişlə yanvar-fevral aylarında 800 kVts sərfiyyatı boynumuza qoyacaqlarını proqnozlaşdırıram. Halbuki, əvvəlki illərdə heç vaxt belə bir rəqəm olmayıb. Qardaşımın ailəsində də oktyabr-noyabr aylarında sərfiyyat 563-570 kVts olub. Ki mən həmin aylarda olan bu süni artıma güvənmirəm. Sadəcə bu qurumlarda əyləşənlərin barmağı qapı arasında qaldığından, onu ordan çıxarıb sayğaca "toxundurublar”. Beləliklə də xərclərini bizim boynumuza yükləyib qiyməti (bizim üçün kVts-ni) Tarif Şurasının qərarı olmadan qanunsuz "artırıblar”. Çox güman ki, sayğaclarda bir hiylə var, çünki, mənzildən az qala yarım kilometr uzaqdadır, istədikləri vaxt müdaxilə edə bilirlər.
 
İstilik verməyən "Azəristilik” də şərtlərini gələn aydan diqtə edəcək
 
Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli Qərarına əsasən, ölkədə tarifləri dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə isti su təchizatının tarifləri dövlət tənzimlənməsindən çıxarıldığı üçün Tarif Şurasının qərarı ilə müəyyən edilmiş tariflər 2017-ci ilin 1 yanvar tarixindən qüvvədən düşəcək. Bununla bağlı Şuranın müvafiq Qərarına dəyişiklik olunub, "Azəristiliktəchizat” ASC-nin "Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. Indi yanvardan üçüncü bir inhisarçı - "Azəristilik” öz şərtlərini diqtə edəcək. Hal-hazırda qurum istiliyi kəsib, borularda qalan buz kimi su evi cəhənnəmə döndərib. Həftənin 3 günü ilıq su verirlər, 4 günü isə buz.
 
BTRİB ”ustaya pulu qabaqcadan ödəməzlər” fikrini doğruladı
 
Kommunal sahədə problemlərdən yazmışkən, daha bir kommunal qurum Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) və onun tabeliyində olan "Bakinternet” provayderinin xidmətində yaranan fasilələrlə bağlı abunəçilər şikayətlənir. Pulu kirayə mənzil kimi ayın bəri başından tələb edirlər, xidmətləri də son vaxtlar "sıfırdır”. Abunə haqqını ödəyirsiz, telefon və ya internetin açılması üçün bir də başlarının üstündə durmalısız. Yoxsa günlərlə gözləməli olursuz. "Bakinternet” pulunu bəri başdan yığandan bəri arxayınlaşıb, saatlarla fasilə verir. Yaxşı deyiblər ki, "ustaya pulu əvvəlcədən verməzlər”. "Bakinternet” də belə edir, abunə haqqını cibinə qoyandan sonra internet-filan yaddan çıxır. Amma bizim pulu qabaqcadan ödəməmək kimi bir lüksümüz yoxdur, BTRİB-in qoyduğu yeni qayda belədir. Son bir həftədə internetə həmişəki kimi 1-1,5 dəqiqə ərzində deyil, tam 15-20 dəqiqədə qoşulmaq mümkün olur. Sürət də ki can çəkir. Bunu qurumdan "kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparıldığı” ilə bağlasalar da, qətiyyən əlaqəsi yoxdur. Xidmətin keyfiyyətində yaxşılaşma müşahidə edilmir.
 
Yalandan "təmir var”, deyirlər, amma...
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması üçün BTRİB tərəfindən cari ilin əvvəlindən Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır: "Abunəçilərin diqqətinə çatdırırıq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi daxili imkanları hesabına kabel-kanalizasiya quyularında profilaktik təmir-bərpa işlərini davam etdirir. Belə ki, istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı TQ tipli kabellər müxtəlif səbəblərdən yararsız vəziyyətə düşdüyündən onlar zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir. Digər tərəfdən, dəyişkən hava şəraiti zamanı hava rabitə xətlərinin qırılması və sıradan çıxması halları baş verir ki, bu da rabitə xidmətlərinin təminatı zamanı fasilələrin yaranmasına və ya xidmətin dayanmasına səbəb olur. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir. Binəqədi, Hövsan, Sabunçu, Ramana, Keşlə, Balaxanı, Maştağa və Binə EATS-lərinin ərazilərində nasazlıqların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin 2017-ci ilin ilk rübündə yekunlaşacağı gözlənilir”.
 
Sektordan o da deyilib ki, aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yaranır. Guya BTRİB bununla bağlı abunəçilərin öncədən məlumatlandırılmasını təmin edir. Təmir-bərpa işləri müddətində rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir. Gözlərinin içinə qədər yalan deyirlər. Biz heç bir şəkildə məlumatlandırılmamışıq. Nizami Qovşağına zəng edib səbəbini soruşanda da "ümumi problemdir”, deyib abunəçini başlarından edirlər. Ərazi idarələrində isə ümumiyyətlə, cavab verən bir ins-cins tapılmır, telefonu məşğula qoyurlar. Abunəçilər ancaq bir-birindən soruşmaqla problemin haradan qaynaqlandığını anlamağa çalışırlar.

Загрузка...
Загрузка...