Azərin Türkiyədə yaralı hərbçilərə konsert verdi

Müğənni Azərin yaralı türk əsgərləri üçün konsert verib.Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert Türkiyə Silahlı Qüvvələrinin Reabilitasiya Mərkəzinin açılışının 16-cı və Türk Silahlı Qüvvələri ilə Əl-ələ dərnəyinin yaradılmasının 20-ci il dönümü münasibətilə keçirilən tədbirdə baş tutub.
Konsertə Məhmət Akif Ərsoyun “Ordunun duası” şeiri ilə başlayan Azərini tamaşaçılar alqışlarla müşayiət edib. Daha sonra da müğənni “Çırpınırdı Qara dəniz” və “Ölürüm Türkiyəm” mahnılarını konsert iştirakçıları ilə birlikdə ifa edib.
Azərbaycanlı müğənni yaralı əsgərlərin və eləcə də, bu mərkəzdə müalicə alan mülki vətəndaşların əl işlərindən ibarət sərgini gəzib.
Sərgidən əldə olunacaq gəlir reabilitasiya mərkəzinə yardım kimi ayrılacaq.