Azərbaycanlıların Almaniyaya qaçmasına qırmızı işıq - Qaçqın statusuyla bağlı qaydalar dəyişdi

 
Almaniyada qaçqın statusunun verilməsi qaydaları sərtləşdirilib
 
Politika.Az xəbər verir ki, bu barədə dəyişiklikləri nəzərdə tutan qanunlar paketi artıq qüvvəyə minib. Yeni qanunla qaçqın statusunun verilməsi qaydaları təkmilləşdiriləcək.
 
Dəyişikliklərə əsasən qaçqın statusu almaq üçün kifayət qədər əsaslı səbəbləri olmayan şəxslərin vətənlərinə qaytarılması sürətləndiriləcək. Bundan əlavə, hər bir qaçqının aylıq xərcləri üçün büdcədən 670 avro məbləğində vəsaitin ayrılması təsdiqlənib.
 
Alman hökuməti həmçinin Almaniyaya gələnlərin "maddi baxımdan həvəsləndirilmə”sinin də qarşısını almaq istiqamətində tədbirlər hazırlayıb. Belə ki, bundan sonra qaçqın statusu almaq şansı olmayanlara yardım pul vəsaiti kimi deyil, ərzaq və geyim kimi veriləcək.
 
Həmçinin, Almaniyadan sığınacaq almaq üçün yeni müraciət edənlər bundan sonra ilkin qəbul məntəqəsində 3 ay deyil, 6 ay saxlanılacaqlar.
 
Edilən dəyişikliklərdə həmçinin təhlükəsiz ölkələrin də siyahısı yenilənib və genişləndirilib. Beləliklə bu siyahıya daxil edilən ölkələrin vətəndaşları Almaniyada qaçqın statusu almaq şanslarını tam itiriblər.
 
Almaniyanın əsasən Suriya, İraq və Əfqanıstandan olan qaçqınlara diqqət ayırmağı planlaşdırdığı bildirilir.
 
Almaniya Maliyyə Nazirliyi isə növbəti ildə büdcədən qaçqınlara vəsait ayrılmasında problemlərin yaranma ehtimalının olduğunu deyib.
 
Onu da qeyd edək ki, Ümumdünya İqtisadi Forumunun keçirdiyi rəy sorğusunun nəticəsinə görə, Almaniya digər Avropa ölkələri ilə müqayisədə qaçqınlara daha humanist münasibət göstərən ölkədir.

Загрузка...
Загрузка...