Azərbaycanlıların Almaniyadan böyük köçü başlayır - deportasiya

 
 
Almaniya hökuməti 2016-cı ilin sonuna kimi 26 000 qaçqını ölkədən çıxaracaq.
 
BakiPost.az xəbər verir ki, bu barədə məlumatı "Rheinische Post” qəzeti Almaniya Federal Polisinə istinadən yayıb. Məlumatda bildirilir ki, sığınacaq axtaran bu qədər şəxsin ölkədən kənarlaşdırılması faktı 2003-cü ildən sonra ilk dəfədir, qeydə alınır. Belə ki, həmin ilk Almaniyadan çıxarılan qaçqınların sayı 20 888 nəfər olub.
 
 
Qəzetin yazdığına görə, 2003-cü ildə sığınacaq axtaranlardan 14 529 nəfəri təhlükəsiz ölkələr kimi tanınan Kosova, Serbiya, Makedoniya, Bosniya və Hersoqovina ölkələrinin vətəndaşları olub və bu səbəbdən də deportasiya ediliblər.
 
Məlumatda qeyd olunur ki, geri göndərilənlərdən 17 792 nəfəri təyyarə ilə birbaşa gəldikləri ölkəyə göndərilib. Ölkədən çıxarılan 504 nəfər suriyalı isə ərazisindən istifadə etməklə Almaniyaya gəldikləri ölkəyə qaytarılıb.
 
Almaniyadan çıxarılan 218 iraqlıdan cəmi 9 nəfəri birbaşa İraqa göndərilib.
 
Polisdən verilən xəbərə görə, vətəninə göndərilən Əfqanıstan vətəndaşlarının da sayı artmaqda davam edir. Belə ki, 2015-ci ildə Almaniyadan 178 Əfqanıstan vətəndaşı çıxarıldığı halda, bu il onların sayı 199 nəfər olub.
 
Deportasiya olunan qaçqınlar içərisində azərbaycanlılar da üstünlük təşkil edir. Almaniyadan Azərbaycana qaytarılanların rəsmi sayı açıqlanmasa da, onların da sayı əvvəlki illərlə müqayisədə artıb. Deportasiya edilən həmyerlilərimiz daha çox saxta sənədlər və başqa adlarla sığınacaq almaq istəyən, araşdırma zamanı isə şəxsiyyəti müəyyən olunan şəxslərdən ibarət olub. Məlumata görə, hazırda qaçqın statusu almağa çalışan xeyli azərbaycanlının geri qaytarılması gözlənilir. Çünki onların əksəriyyəti saxta sənəd və qondarma səbəblərlə Almaniyaya sığınıblar.