Azərbaycanlı və erməni namizəd əlbəyaxa oldu - Video

 
Gürcüstan Demokratik Hərəkatının erməni namizədi efirdə rusca danışdığı üçün azərbaycanlı namizədlə əlbəyaxa olub.
 
“Yerli əhali məndən xahiş etmişdi ki, çıxışımı rusca edim. Çünki Marneulidəki seçicilərimin çoxu gürcücə bilmir. Efir başlayanda gürcücə danışdım və aparıcıya seçicilərimin istəyini çatdırdım. O da dedi ki, heç bir problem yoxdur, gürcülər də, azərbaycanlılar da rusca bilir, sərbəstsiniz. Rəqibim buna kəskin etiraz eləsə də, aparıcı onu sakitləşdirdi. Daha sonra mən təmsil etdiyim siyasi blokun platformasından danışanda o dayanmadan mənə atmacalar atmağa başladı. Onun etikadan kənar hərəkətlərinə əlimdəki qələmlə cavab verdim. Sonra o mənə hücum etdi”.
 
Bu sözləri Musavat.com-a açıqlamasında Marneulidən Gürcüstan parlamentinə namizədliyi irəli sürülən Polad Xaliqov deyib.
 
Polad Xaliqov seçkiyə Sənayeçilərin Siyasi Blokundan qatılıb. Onunla efirdə əlbəyaxa olan Vepxiya Qurgenişvili isə 35 saylı Marneuli Seçki Dairəsində Demokratik Hərəkatı təmsil edir. Sentyabrın 21-də Kvemo Kartli TV-də keçirilən tok-şouda siyasi baxışları fərqli olan tərəflər öncə söz davasına başlayıb.
 
Polad Xaliqov deyir ki, onun təmsil etdiyi blokun Gürcüstanın Rusiya ilə yaxınlaşma siyasəti aparması demokratları qıcıqlandırır:
 
“Qurgenişvili milliyətcə ermənidir. Soyadından göründüyü kimi, onun babaları sonradan gürcü soyadını qəbul edib. Onun təmsil etdiyi blokun lideri Nino Burcanadzedir. Burcanadzenin heç zaman yerli azərbaycanlılara münasibəti isti olmayıb və bu gün də bu siyasət davam edir. Biz hakim “Gürcü arzusu” blokuna müxalif deyilik. Blokumuzda əsasən iş adamları birləşir, biz Rusiya ilə ticarət münasibətlərinin genişlənməsinin tərəfdarıyıq. Hesab edirik ki, Rusiya ilə geniş əlaqələr yaradılmayana qədər vətəndaşların rifahını yüksəltmək mümkün olmayacaq. Mən bu haqda danışanda rəqibim tez-tez sözümü kəsir və replikaları ilə məni provokasiyaya çəkmək istəyirdi. Onun bir neçə sözünə cavab vermədim, ancaq sonda ona layiq olduğu cavabı verdim. Əgər mən susqun dayansaydım, seçici məni bağışlamazdı”.
 
Polad Xaliqov rəqibinə qələm atandan sonra studiyadakılar onu sakitləşdirib, ancaq bir neçə saniyədən sonra Qurgenişvili ona hücum edib. Daha sonra efiri davam etdirmək mümkün olmayıb. P.Xaliqov deyir ki, Mərkəzi Seçki Komissiyası baş verənləri pisləyib:
 
“Sözsüz, bu təqdir olunası olay deyil. Mərkəzi Seçki Komissiyası baş verənləri pisləsə də seçki prosesində iştirakımıza əngəl olacaq hər hansı qərar yoxdur. Yerli gürcülər və ermənilərin də hər hansı basqısı ilə üzləşmədim. Bura Qafqazdır. Əksinə, mən ona cavab verməsəydim, nüfuzdan düşərdim”.
 
Məsələnin azərbaycanlı əhalinin dövlət dilini bilməməsindən qaynaqlandığını vurğulayan namizəd deyir ki, gənclər artıq bu məsələyə ciddi fikir verir: “Azərbaycanlı əhali uzun illər bu məsələyə barmaqarası baxıb. Dövlət dilini öyrənmək ikinci yox, dördüncü, beşinci dərəcəli iş sayılıb. Ancaq indi hər kəs analayır ki, biz bu cəmiyyətin bərabərhüquqlu üzvü olmaq istəyiriksə, gürcücəni ana dilimiz kimi öyrənməliyik. Müstəqillik dönəmində doğulanların demək olar, 70 faizi gürcü dilini bilir. Düşünürəm ki, digər yaş qrupları da dövlət dili məsələsinə diqqət verməlidir”.