Azərbaycanlı qadın Ermənistan tərəfə keçdi

Onun Ermənistan tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.
Bü gün Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib. ANS PRESS-in məlumatına görə, bu barədə "NEWS.am" saytına Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.
"Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib"
Armen Kaprielyan bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.
“İyunun 7-də Azərbaycan - Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, - deyə o bildirib.
Hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.

Lusik Abovyan - 2015-ci il noyabrın 8-də Azərbaycan-Ermənistan sərhədini Qazaxda pozmuş erməni qadın
 Ötən il 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozub. Qadın müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. Saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılıb.
Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın noyabrın 12-də geri qaytarılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının həyata keçirilməsinə yardımçı olub.