Azərbaycanlı aktyor: “Qadın obrazını əyləncə üçün canlandırmaq əxlaqsızlıqdır”

Dünyanın Eddi Redmeyn, Killian Mörfi, Qal Qarsia Bernal, Robin Uilyams, Kurt Rassel, Lev Şrayber, Deril Dikson, Şon Bin kimi məşhur aktyorları qadın obrazının öhdəsindən məharətlə gəlib. Hətta, bu roluna görə “Oskar” alan aktyorlar da var. Lakin Azərbaycan tamaşaçısı aktyorların  qadın obrazını canlandırmasını  birmənalı qəbul etmir və hətta onları tənqid hədəfinə çevirir.
Musavat.com aktyorlar arasında sorğu keçirib və onlardan qadın obrazının birmənalı qarşılanmaması barədə fikirlərini öyrənib.
Aktyor Elməddin Cəfərov qadın obrazını canlandırmağı sevmədiyini deyib: “Elə adamlar var ki, aktyorların qadın obrazına girməsi onların  düşüncəsinə uyğun deyil. Hər tənqidi normal qarşılamaq lazımdır. Aktyora qarşı  hər zaman tənqid olub. Tənqidçilərin yığışdırılması pis haldır. Kiminsə kimisə tənqid etdiyi üçün qınamaq olmaz, bu onun  haqqıdır. Mən qadın paltarı geyinmirəm, amma geyinən həmkarlarımı da normal qarşılayıram. Hər işin tənqidçisi olmalıdır”. 
Aktyor Kamran Yunis qadın obrazını canlandıran aktyorlara iradını bildirib: “Dünyada aktyorlar qadın obrazını o qədər gözəl, zövqlü və mükəmməl  canlandırırlar ki, həzm olunur. Bizdə isə qadın obrazını iyrənc formada təqdim edirlər. Onlara nəinki mükafat vermək olar, heç haqlarında danışmağa dəyməz. Təbii ki, qadın obrazının öhdəsindən məharətlə gələn aktyorlarımız da var. “Tootsie” (1982) filmində Dustin Hoffman qadın rolunu o qədər gözəl oynayıb ki, insan baxanda heyran qalır. Biri var kimisə güldürmək üçün qadın cildinə girirsən, biri də var hansısa amal, niyyət  üçün bu addımı atırsan.  Qadın obrazı yaratmaq problem deyil. Mənə gözəl və peşəkar rejissor tərəfindən qadın obrazını oynamaq təklifi gəlsə, oynayaram.  Amma  ssenariyə, rejissora, operatora baxaram. Kinoda hər şey mükəmməl olmalıdır.  Kişilər uzun illər qadın obrazını oynayıblar. Mən də onların sırasında durmaq istəyərdim. Qadın obrazını ucuz gülüş, insanları əyləndirmək  üçün canlandırmaq əxlaqsızlıqdır. Əxlaqsızlıqları mən analiz etmirəm. İnsanları əyləndirənlər əxlaqsızlar olur”.
 
Gənc bloqqer Hüseyn Əzizoğlu bildirib ki, qadın obrazına görə onu tənqid edənlər də çoxdur: “Çəkdiyim vine-larda qadın obrazını canlandırıram. Məni də bəzi bölgələrdə tənqid edirlər. Məsələn: Kubinka, Yasamal, Sovetskinin sakinləri mənə irad bildirir. Bəzən yazırlar ki, qadın obrazına girmə. Bir də dindar dostlarım  qadın obrazını canlandırmağıma qarşıdır. İnsanların çoxu  isə aktyorun qadın obrazını oynamasına qarşı deyil. Mən peşəkar deyiləm. Lakin illərin aktyorlarının qadın obrazını canlandırmasının şahidi olmuşam. Bəlkə də, bu sözü demək mənim üçün tezdir. Amma düşünürəm ki, aktyor hər obrazı oynaya bilməlidir”.