“Azərbaycanla Türkiyə arasında ortaq ordu birliklərinin yaradılmasının vaxtı çoxdan çatıb”

Telman Nüsrətoğlu: “Ərdoğanın Bakı səfəri münasibətlərin inkişafına töhfə verəcək”
 
 
Gələn ay Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Maraqlıdır, bu səfər Azərbaycan-Türkiyə münasibətlərini mahiyyət etibari ilə yeni bir mərhələyə yüksəldə bilərmi?
 
Moderator.az -a açıqlama verən Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim  Telman Nüsrətoğlu məlum səfərin hər iki dövlətin maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğualdı:
 
“Bildiyiniz kimi, dünyanın güc mərkəzləri arasında getdikcə dərinləşən mübarizə Türkiyə və Azərbaycanı da yerləşdikləri geostrateji region etibariylə birbaşa əlaqədar etməkdədir. Xüsusən Rusiya prezidentinin Ermənistanla müştərək hərbi birləşmələr yaradılması haqqındakı anlaşmanı təsdiqləməsi, Rusiyanın Gürcüstan siyasəti, Moskvanın Qarabağ məsəsləsində tutduğu mövqe, Rusiya-Qərb qarşıdurması fonunda qardaş Türkiyə prezidenti Ərdoğanın Azərbaycana səfər etməsi önəmlidir. Bu səfərin Azərbaycana türk dövltələri arasındakı inteqrasiyanın, birliyin dərinləşməsinin aktiv tərəfdarı olan Qazaxıstanın ardınca həyata keçiriləcək olması şübhəsiz, bu yöndə də səfərdən gözləntiləri bir az da artırır. Ayrıca, “Türkiyə ilə Rusiya münasibətlərinin müsbət məcrada cərəyan etməsi, Rusiyanın təcrid vəziyyətinin yaratdığı problemlər fonunda daha çox Türkiyəylə əməkdaşlığa meyl etməsi Qarabağ probleminin həllinə müsbət töhfə verə bilərmi” sualını da aktuallaşdırır.
 
Azərbaycan Türkiyə arasındakı münasibətlər starteji müttəfiqlik münasibətlərinin də üstündə bir yerdədir. Hər iki ölkə prezidenti arasında yüksək səviyyədə bir dostluq müşahidə edilir. İki ayrı dövlət olsa da tək milət olan Azərbaycan və Türkiyənin tarixdən günümüzə qədəri də ortaqdır. Ərdoğanın Bakı səfərində daha çox regionda və dünyada yaranan siyasi şəraitlə bağlı məsləhətləşmələr aparılaraq ortaq mövqe formalaşdırılması, hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi yönündə addımlar atılacağını düşünürəm. Məncə, Azərbaycanla Türkiyə arasında da ortaq ordu birliklərinin yaradılmasının vaxtı çoxdan çatıb. Önümüzdəki il Azərbaycan Cümhuriyyətinin yüz illiyi ilə yanaşı, Qafqaz İslam Ordusunun Azərbaycanı bolşevik-daşnak çətələrindən təmizləməsinin, Bakını işğaldan azad etməsinin də yüz ili tamam olur.
 
Bu səfərdə Qafqaz İslam Ordusuyla bağlı müştərək tədbirlərin keçirilməsi yönündə də bəzi qərarlar alına bilər. Ayrıca, FETÖ ilə mübarizənin də gündəmdə olması ehtimalı yüksəkdir. Bilrisiniz, Qazaxıstan da Türkiyə ilə münasibətlərə önəm verən bir sıra başqa ölkələr kimi artıq FETÖ məktəblərini Türkiyə dövlətinin qurduğu Maarif Vəqfinə dövr etməyə başlayıb. Azərbaycanın da bu istiqamətdə addımlar atacağı yönündə Türkiyə ictimai rəyində təbii bir gözlənti var. Türkiyənin Azərbaycanda bir dövlət universitetinin olmamasını da mən münasibətlərin indiki yüksək səviyyəsində cidid bir əskiklik olaraq görürəm. SOCAR-ın Türkiyədə böyük yatırımları var. Ayrıca Ərdoğanın Bakı səfərində qarşılıqlı iqtisadi yatırımlarım daha da artırılması, TANAP və s. kimi məsələlərin də müzakirə ediləcəyini düşünürəm.
 
Ümumiyyətlə, bu səfərin Türkiyə-Azərbaycan qardaşlığının daha da dərinləşdirilməsinə töhfə verəcəyi şübhəsizdir”.

Загрузка...
Загрузка...