​Azərbaycanla Almaniya arasında iki saziş imzalanıb

Sentyabrın 7-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə maliyyələşdirmə sazişi və xüsusi razılaşma sazışi imzalanıb.
 
Turaninfo.az AzVision.az istinadən xəbər verir ki, sazişləri Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Almaniya tərəfdən isə KfW Bankının (Almaniya İnkişaf Bankı) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vittin imzalayıblar.
 
Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan hökumətinin Almaniya ilə əməkdaşlığa önəm verdiyini deyib. Baş nazirin müavini Almaniya hökuməti və KfW Bankı tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
 
Bildirilib ki, bu layihənin əsas məqsədi regionda ilk biosfer rezervatın yaradılması ilə bağlı hazırlıq tədbirlərinin görülməsi, Zaqatala qoruğunun infrastrukturunun gücləndirilməsi, təbiətin mühafizə tədbirlərinin dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasıdır. Qrant 2013-cü il noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında 2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə Maliyyə Əməkdaşlığı haqqında Saziş”ə əsasən ayrılıb. Bu il başlanması, 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan layihənin ümumi dəyəri 4,5 milyon avro, qrantın məbləği isə 4 milyon avrodur.
 
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkələrimiz arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və əməkdaşlığın uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb. Birgə həyata keçirilən layihələrin vacibliyini qeyd edən səfir çirkab suların təmizlənməsinin ən vacib və aktual məsələ olduğunu söyləyib.
 
Tədbirdə, həmçinin Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin vəziyyəti və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər, eləcə də maliyyələşmə məsələləri müzakirə edilib.
 
“II Açıq kommunal infrastruktur proqramı” layihəsi üzrə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Layihənin birinci mərhələsində Gəncə və Şəki şəhərlərində su mənbələrinin bərpası, magistral xətlərin və su anbarlarının tikintisi həyata keçirilib.
 
Layihənin icrası tam başa çatdıqdan sonra hər iki şəhərdə ümumilikdə 500 min sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.