Azərbaycanın neftdən gözləntisi...

 
Bəzi ekspertlər qiymətlərdə müsbət dəyişikliyi mümkün sayırlar...
 
 
Azərbaycanın neftin qiyməti ilə bağlı gözləntisi o qədər də nikbin deyil. Əksər ekspertlər neftin bahalaşmayacağını vurğulayırlar. Əksinə, bildirilir ki, dünyada baş verən müəyyən proseslər neftin ucuzlaşmasına səbəb ola biləcək amillərdir. Maliyə naziri Samir Şərifov isə sentyabrın 26-da bildirib ki, 2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcək: “2017-ci ildə 1,5 milyard manat azalmadan söhbət gedir”.
 
Qeyd edək ki, 2016-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 7 milyard 615 milyon manat təşkil edib. Nazirin sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 1 barelə görə 40 dollar səviyyəsində götürülüb.
Əksər ekspertlər son günlər “qara qızıl”ın qiymətindəki oynaqlıq təklif və tələb balansının tapılması üçün neftin 1 barelinin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırır. Ekspertlərin hesablamalarına görə, neft hasilatı yüksək olaraq qalır. Hasilatın dayanması üçün neftin daha da ucuzlaşması lazımdır.
 
Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban isə bildirib ki, artıq Brend markalı neftin barelinin qiymətində 0,56 faiz ucuzlaşma var. “Ötən həftənin 5-ci günü neftin 1 bareli 46,04 dollarla bağlanmışdı. Hazırda Brend markalı neftin 1 barelinin qiyməti 45,77 dollardır. Deməli bu, bazarda təklifin yüksəkliyi və sentyabrın 28-də Əlcəzairdə keçiriləcək beynəlxalq enerji konfransında bazar iştirakçıları arasında olan əhval-ruhiyə ilə bağlıdır. Bazar iştirakçılarının bu görüşdən kifayət qədər pozitiv gözləntiləri yoxdur. Bir neçə gün əvvəl neftin qiyməti 47 dolları keçmişdi. Hətta qısa müddətdə 48 dollara da çatmışdı. Artıq neftin qiymətində 2 dollardan artıq ucuzlaşma var”- deyə, ekspert cebhe.info-ya bildirib.
 
İl sonuna qədər neftin qiymətinin azalmasına gəlincə ekspert bildirib ki, bu barədə əsasən Rusiya mətbuatı yazır: “Nəzərə alaq ki, oktyabrın əvvəlində Rusiyada büdcə müzakirəsi olacaq. Orda partiyanın ümumi xətti ilə razılaşmayan, ondan fərqli və zidd xətt irəli sürən müxtəlif qruplar var. Onların büdcə ilə bağlı öz siyasi ambisiyaları var. Bunun da reallığı əks etdirməsi sual altındadır”.
 
Azərbaycanın neft hasilatının dondurmasına gəlincə, İlham Şaban bildirib ki, hasilatın dondurulması məsələsi 2016-cı ilin I rübündə gündəmə gəlsə də, aprelin əvvəlində müzakirəyə çıxarılıb: “İstər Sənaye və Energetika Nazirliyi, istərsə də ARDNŞ-nin rəhbərliyi dondurma deyəndə o mesajı vermək istəyir ki, biz hasilatı bundan sonra artırmayacağıq. Yəni dünya bilsin ki, bundan sonra biz hasilatda artıma doğru getmirik. Türkmənistan artıma doğru gedir. 2030-cu ilin proqnozlarına görə, Qazaxıstanda neft hasilatı artacaq. O cümlədən Rusiya və İranda da analoji hal baş verir. Azərbaycanda isə hasilat azalmağa doğru gedir. Dünya haradan bilir ki, Azərbaycanda hasilatının perspektivləri necədir?”.
 
Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, dünya bazarlarında tələb və təklifin arasında yaranmış fərq səbəbindən artıq iki ilə yaxındır neftin qiymətləri stabilləşə bilmir. OPEK-in bu müddət ərzində dəfələrlə toplanaraq məsələyə pozitiv yanaşım etmək cəhdləri hər dəfə boşa çıxır. Çünki belə qlobal məsələləri OPEK həll etmir. Bu məsələ dünyanın iqtisadi və siyasi güc mərkəzi olan ABŞ-ın istəyinə uyğun tənzimlənir. Bildirilir ki, OPEK bu gün müəyyən siyasəti həyata keçirmək üçün bir alətdir və bundan artığına qadir deyil.
 
Ekspert Fikrət Yusifov isə musavat.com-a bildirib ki, qiymətlərdə müsbət dəyişiklik olması mümkündür: “Neft hasil edən ölkələrin hamısı bu qiymətlərin artmasında maraqlıdırlar. Lakin onlar iki ildir ki, buna heç cürə nail ola bilmirlər. Çünki bu qiymətlərin qalxmasında dünyanın ən böyük iqtisadi və siyasi güc sahibi Amerika Birləşmiş Ştatları maraqlı deyil. Neftin qiymətlərinin mümkün qədər aşağı salınmasında bu ölkənin yeganə məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir. Bu məqsədi reallaşdırmaq xatirinə hətta Birləşmiş Ştatlar öz neft sənayesindəki zərəri də normal hal kimi qəbul edir. OPEK üzvü olan ölkələrin son iki il ərzində neftin hasilatını azaltmaqla bağlı keçirdiyi toplantıların heç bir qərar qəbul edilmədən yekunlaşması da ABŞ-ın xüsusi xidmətləridir. Ancaq yaxın iki ildə neftin qiymətlərində müsbət dəyişikliklər qaçılmazdır”.