Azərbaycanın İtaliyadakı səfiri BMT rəsmisi ilə görüşüb

15 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Məmməd Əhmədzadə Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru José Graziano da Silvaya təqdim edib.
Musavat.com -a verilən məlumata görə, etimad məktubu təqdim edildikdən sonra səfir M.Əhmədzadə ilə baş direktor J.Q.Da Silva arasında görüş keçirilib. 
Görüş zamanı baş direktor Azərbaycanla FAO arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin iyul ayında Romaya səfəri zamanı, həmçinin özünün Azərbaycana 2012-ci və 2015-ci illərdə səfərləri zamanı onunla görüşlərini məmnunluqla xatırlamışdır. O, ötən il Bakı şəhərində təsis olunmuş FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin bu əlaqələrin inkişafına bir daha öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
M.Əhmədzadə Azərbaycan Hökumətinin FAO ilə əlaqələrə xüsusi diqqət yetirdiyini, bu əlaqələrin ölkəmizdə kənd təsərrüfatı sahəsində islahatların aparılmasında və bu sahənin inkişafında önəmli olduğunu bildirib. Azərbaycan diplomatı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft ixracının artırılmasında kənd təsərrüfatı sektorunun prioritet olduğunu bildirmiş, bu sahədə son illərdə əldə edilmiş nailiyyətlər barədə məlumat verilib.
Görüş zamanı FAO və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.