Azərbaycanın "Dəmir günbəz" xəbəri Ermənistanda vahimə yaradıb

 
Erməni rəsmi cəmiyyəti sakitləşdirməyə çalışaraq bir-birinə zidd açıqlamalarla yadda qalıb
 
 
İsrailin yaxın vaxtlarda Azərbaycana "Dəmir günbəz” raketdən müdafiə sistemini verəcəyi ilə bağlı Azərbaycan KİV-də yayılan məlumat Ermənistanda bomba effekti yaradıb.
 
İnterAz xəbər verir ki, erməni KİV məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannesyana sual ünvanlayıb. Erməni rəsmi erməni cəmiyyətini sakitləşdirməyə çalışaraq bir-birinə zidd açıqlamalarla yadda qalıb. Əvvəlcə o, erməniləri Azərbaycan KİV-də yayılan bu tipli məlumatlara inanmamağa çağırıb. Bundan sonra Artsrun Ovannesyan bir az da irəli gedərək indiyədək hazırlanmış raketdən müdafiə sistemləri içərisində mükəmməlliyi ilə seçilən "Dəmir günbəz" sistemini pisləyərək bunun Ermənistanda olan Rusiya "İsgəndər"ləri qarşısında bir işə yarımayacağını deməkdən çəkinməyib.
 
Məsələ burasındadır ki, aprel döyüşlərinədək elə həmin Ovannesyan Ermənistanın Azərbaycanın aviazərbələrindən qorunmaq üçün öz "Dəmir günbəz"lərinin yaradılmasının vacibliyindən dəm vururdu. Ovannesyan bu sistemin İsrailin "Dəmir günbəz" sistemi ilə müqayisə oluna biləcəyini də iddia edirdi. İndi görünür həmin Artsrun Ovannesyan dediklərini unudub.
 
Qeyd edək ki, erməni rəsminin pislədiyi İsrailin "Dəmir günbəz" sistemi idarəolunmayan, 4 kilometrdən 70 kilometrə qədər radiuslu taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulub. İsrailin "Rafael” şirkəti tərəfindən istehsal edilir. Bir "Dəmir günbəz” batareyası 150 kvadratkilometr ərazinin müdafiəsini təmin edir. Sistem düşmən taktiki raketlərini aşkarlayan, uçuş trayektoriyasını müəyyən edən ELM-2084 radarından ( "ELTA Systems” şirkəti), atəşin idarəedilməsi mərkəzindən və hərəsində 20 raket olmaqla 3 "Tamir” raket-tutucu komleksindən ibarətdir. "Tamir” raketlərinin uzunluğu 3 metrdir."Rafael” şirkəti bildirir ki, "Dəmir günbəz”in hədəfi vurma dəqiqliyi 90 faizdir. Sistem bütün hədəfləri aşkarlayır, ancaq eyni vaxtda buraxılan raketlərin hamısını həmişə vura bilmir. Bəs çoxsaylı "Qəssam” və "Qrad” raketlərinə qarşı bu sistemin tətbiqi nə dərəcədə sərfəlidir? İsrail ordusu sistemin döyüş təcrübəsinə əsasən müəyyən edib ki, "Dəmir günbəz”in tətbiqi maliyyə baxımından çox effektivlikdir. Belə ki, düşmən raketlərini bu sistemlə sıradan çıxarmaq həmin raketlərin vura biləcəyi ziyanın 3-4 faizi dəyərində başa gəlir.