Azərbaycanın daha bir boksçusu “Rio-2016”ya lisenziya qazanıb

Azərbaycanın daha bir idmançısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Turaninfo.az "Report"un məlumatına istinadən, bu, 91 kq. çəki dərəcəsində çıxış edən boksçu Abdulqadir Abdullayevdir.
"Bakı 2015" I Avropa Oyunlarının qalibi finalda zədəsini səbəb göstərərək, onunla döyüşə çıxmayan Ukrayna yığmasının erməni üzvü Gevorq Manukyanı Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 3-cü yer uğrunda görüşdə məğlub edib - 2:1. Bununla da Abdullayev "Rio-2016"ya 41-ci lisenziyanın sahibinə çevrilib.
Beləliklə, Azərbaycan boksçuları Avropa Təsnifat Turnirində 5 lisenziya qazanıb. Daha öncə Cavid Çələbiyev (56 kq), Yana Alekseyevna (60 kq), Lorentso Sotomayor (64 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da bu hüquqa yiyələnib. Çələbiyevlə Alekseyevna turnirdə qızıl medal qazanıbsa, Sotomayorla Məcidov final qarşılaşmalarını bu axşam keçirəcək. Ümumilikdə, Azərbaycan boksçuları "Rio-2016"ya 13 mümkün vəsiqədən 8-nə yiyələnib. Ötənilki dünya çempionatında Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) da lisenziyalara sahib çıxıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində "Rio-2016"ya 41 lisenziya var.