Azərbaycanın cəbhədə şəhid olmuş pilotunun xatirəsi Gürcüstanda anılıb

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, mayor Təbriz Musazadənin xatirəsi onun anadan olduğu Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində ehtiramla yad olunub.
“Report” xəbər verir ki, şəhidin doğulduğu evə toplaşan kənd ictimaiyyətinin nümayəndələri onun uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrindən danışıb, təəssüratlarını bölüşüblər.
“Təbriz 1981-ci ildə bu evdə dünyaya gəlib. Dördüncü sinifə qədər rayonda rus məktəbində oxuyub. Sonradan ailəsi ilə birlikdə Bakı şəhərinə köçsələr də, Təbriz doğma kəndi ilə əlaqələrini kəsmirdi. Orta məktəbdə oxuduğu illərdə yay tətillərini Dmanisidə keçirirdi. Daim şən, deyib-gülən, hamıya qayğı göstərən Təbriz hərbiçi olmaq istəyirdi. Sonradan o, öz arzusu ilə 1996-cı ildə C.Naxçıvanski adına hərbi liseyə daxil oldu. Hərbi təhsilini davam etdirmək üçün o, 1999-cu ildə Heydər Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub və 2003-cü ildə həmin məktəbi təyyarəçi pilot ixtisası ilə bitirib. Hərbi məktəbdə oxuduğu illərdə də kəndə gələn Təbriz yaşıdları, kənd camaatı ilə görüşlərdə Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda mübarizədən danışıb, hərbçi kimi Vətən uğrunda döyüşə hazır olduğunu bildirib və gəncləri də mübarizəyə səsləyib”, - deyə şəhidin yaxın qohumu Şahzadə Musayeva “Report”a bildirib.
Şahzadə xanım deyib ki, kənd əhalisi onun xatirəsini əziz tutur, onunla fəxr edir.
Şəhidin həmyaşıdı Cəmil Qocayev isə bunları deyib:
“Biz yaxın dost idik. O, elə uşaqlıqdan hərbçi olmaq istəyirdi. Bizimlə görüşəndə də hərbçi kimi salamlaşırdı. Kiçik oğlu da özü kimi təyyarəçi olmaq istəyirdi. Sonuncu dəfə kəndə gələndə xeyli söhbət etmişdik. Elə hey Qarabağdan, cəbhədən danışırdı. Deyirdi ki, torpaqlarımızı azad edəcəyik. Lazım gəlsə hamımız öləcəyik, amma torpaqlarımızı azad edəcəyik. Təbriz və onun təyyarəçi dostları torpaqlarımızın azadlığı uğrunda şəhid oldular. Şəhidlik zirvəsinə ucaldılar”.
Təbriz Musazadənin müəllimi Ənvər Süleymanov da keçmiş şagirdi ilə fəxr etdiyini bildirib:
“Yaqublu kəndindən 12 nəfər 1992-93-cü illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ savaşında iştirak edib. Onlardan ikisi şəhid olmuşdu. Eşitmişik ki, Təbriz və onun dostları döyüş meydanından sağ çıxa bilərdilər. Lakin onlar düşmənin qərargahını görüb və həmin ilan yuvasını dağıtmaq üçün canlarını qurban veriblər. Biz onlarla fəxr edirik. Bu kəndin gəncləri bu gün də mənəvi Vətənimiz Azərbaycan uğrunda döyüşməyə hazırdırlar. Son günlər cəbhə xəttində baş verənləri biz də izləyirik. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə istənilən vaxt döyüşə atılmağa hazırdırlar”.
Mərasimə toplaşanların hamısı, xüsusən də gənclər Azərbaycan Ordusunun son nailiyyətlərindən sevinclərini gizlətməyib, hər zaman Azərbaycan uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, Dmanisi rayonu Gürcütanın Ermənistanla sərhəd rayonunda yerləşir. Yaqublu kəndi Ermənistandan 20-30 kilometr uzaqlıqda yerləşir.