Azərbaycanın böyük aktyorunun faciəli ölümü: Mehmanxanda dəhşət

Baxış sayı: 
234

 
    
 
Xalq artisti Ağadadaş Qurbanovun xatirəsinə
 
Səhnəyə qədəm qoyduğu ilk günlərdən hər zaman yaradıcılıq həvəsi ilə yaşayan, daim novatorluq eşqi ilə alışıb-yanan Ağadadaş Qurbanov 1911-ci ildə mart ayının 8-də Bakıda Gülməmməd kişinin ailəsində dünyaya göz açıb.Onun atası zamanının mütərəqqi fikirli insanlarından idi. 1915-ci ildə atasını, az sonra anasını itirir Ağadadaş. O, əvvəl kiçik bacı ilə babasının himayəsində yaşayır. Babası ilə nənəsi rəhmətə getdikdən sonra doqquz yaşlı Ağadadaş kiçik bacısı Bikə ilə birlikdə şikəst əmiləri Məhərrəmin yanında yaşayır və su daşıyaraq bacısı ilə əmisini saxlayır.
 
Pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında Ağadadaş Qurbanovun təşəbbüsü ilə Bakı Uşaq Teatrı yaradılır. 1927-ci il mart ayını 15-də A. D. Qurbanovun quruluşunda Lətif Kərimovun “Fırtına” tamaşası göstərilir. İnqilabi mövzuya həsr olunan bu tamaşa uşaqlara məxsus əsər idi. Bu tamaşa üçün lazım olan bütün dekor, əlbisə, silahlar, qarın yağmasını, at ayaqlarının səsini, yemək stolunun bəzədilməsini hamısını rejissor Ağadadaş Qurbanov səliqə ilə özü hazırlayır.   Və o gündən A.D.Qurbanovun təşəbbüsü ilə hazırlanan bu tamaşa ilə respublikada Bakı Uşaq Teatrının təməli qoyulur.
 
Bakı Uşaq Teatr kollektivinin yaradıcılıq işinə rəhbərlik edən Ağadadaş Qurbanov öz üzərində ciddi çalışaraq, bir işə tələbkarlıqla yanaşan 16 yaşlı gənc idi.Onda teatra qarşı sönməz bir eşq var idi. Onun qapı qonşusu akademik Məmməd Arifin atası Məhərrəm kişi Ağadadaşda teatra qarşı sonsuz həvəsi görüb, ona əlindən gələn köməyi əsirgəmir, maddi yardım göstərir və teatra getməsinə imkan yaradır.  
 
1928-ci ildə hər iki bölmə üzrə (Azərbaycan və rus) Bakı Uşaq Teat”ı “Azərbaycan Xalq Maarif Komissarlığı”nın qərarı ilə fəaliyyətə başlayır. Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Susanna Məcidova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Yusif Dadaşov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Mina Abdullayeva, Yusif Əminli, Cavahir İsgəndərova, Kərim Həsənov, Əliməmməd Atayev və başqaları bu teatrın aktyor və rejissorları olurlar.
 
Teatrın rus bölməsi 1928-ci il noyabr ayının 6-da N. Smirnovun “Beş nəfər”, Azərbaycan bölməsi isə 1930-cu il yanvar ayını 30-da N. İvanterin “Qırmızı qalstuk əleyhinə” tamaşaları ilə fəaliyyətə başlayırlar. 1936-ci il iyul ayının 18-də “Azərbaycan Xalq Maarif Komissarlığı”nın əmrinə əsasən “Bakı Uşaq Teatrı” fəaliyyətə “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı” adı ilə başlayır. Ağadadaş Qurbanov bu teatrın banilərindən sayılır. O, faciə, dram və komediya janrlarında uğurlu obrazlar ifa edir.  
 
1936-cı ildə 1952-ci ilə qədər Ağadadaş Qurbanov yaratdığı Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif xarakterli mürəkkəb obrazlar ifa edir. Onun böyük sənətkarlıqla yaratdığı Aydın (“Aydın”), Hacı Qəmbər (“Yağışdan çıxdıq, yağmura düşdük”), Kral Moor (“Qaçaqlar”), Molla İbrahimxəlil (“Molla İbrahimxəlil kimyagər”), Xlestakov (“Müfəttiş”), Fərhad (“Bəxtsiz cavan”), Məmməd (“Partizan Məmməd”). Bəhram (“Fırtına”), Piri baba (“Qaraca qız”), Elman (“Vətən”), Məlik Məmməd (“Məlik Məmməd”), Qlenervan (“kapitan Qrantın uşaqları”), Tom dayı (“Tom dayının koması”), Kikel (“Hünərli Kikel), Ayaz (“Ayaz”), Qaneş (“Əfilər”), Qolçomaq Zakir ağa (“Pambıq verək”), Mail (“Küçələrdə”) və başqa tamaşalarda əksərən baş və əsas rollarda çıxışlar edir.
 
Ağadadaş Qurbanov K.S.Stanislavski və Nemirov-Dançenkonun sənət haqqında nəzəriyyələrini mənimsədikcə M.F.Axundovun, C.Zeynalovun, H.Ərəblinskinin realizm prinsiplərinə getdikcə sadiq qalır. O, səhnə fəaliyyətinə başladığı ilk günlərdən hər zaman yaradıcılıq eşqi ilə yaşab, sənətdə daim yenilik axtarışında olub. A.D.Qurbanovun ifa etdiyi obrazlar janr və xarakter etibarı ilə bir-birlərindən fərqlənsələrdə, aktyor bu obrazlara aydın və düzgün münasibətlə yanaşaraq, onları dəqiq təhlil etməyə çalışır və nəticədə mükəmməl səhnə obrazları ərsəyə gətiribdir.Bu obrazların tamaşaçılar tərəfindən sevilməsi bir daha sübut edir ki, A. D. Qurbanov yaradıcılığa başladığı ilk dövrlərdən tamaşaçılara yaxın olmağa çalışıbdır.“Aktyor A.D.Qurbanov hər bir çıxışı tamaşaçıların xoşuna gəlir və sürəkli alqışlarla qarşılanır.Günlər keçdikcə o, daha çox ümidlər verir. O, böyük gələcəyi olan bir aktyordur” (“Gənc işçi” qəzeti, 19.06.1931).
 
A.D.Qurbanovun tamaşalardakı uğurlu çıxışların ən ümdə cəhəti hazırladığı obraza böyük əmək sərf etməsi idi.Aktyor hər bir yaratdığı obraz üzərində saatlarla, günlərlə, böyük həvəslə işləyirdi. O, tamaşaçılara təqdim etdiyi rolun böyük və kiçikliyində asılı olmayaraq, onu hər tərəfli öyrənir, obraza uyğun sözlərin ən xırda detalına belə fikir verərdi. O, bu sənətin çətin və şərəfli olduğunu yaxşı bilirdi. Və bilirdi ki, yaxşı aktyor olmaq üçün istedaddan başqa zəhmətdə ümdə şərtdir.Ağadadaş Qurbanov ona tapşırılan rolu səbirlə, inamla, ürəkdən sevərək tamaşaçılara təqdim edirdi.
 
A.D.Qurbanov hər yeni rol hazırlayanda K. S. Stanislavskinin bir sözünü heç vaxt yaddan çıxarmazdı: “Artist üçün əsas şərt hansı rolda çıxış etməyi deyil, həmin rolu necə oynamasıdır”. Əlbəttə ki, burada da aktyorun işgüzarlığı, öz işinə dəqiq münasibəti və ən başlıcası istedadı əsas şərtdir.Onun böyük istedadla ifa etdiyi obrazların daxili varlığını tam əks etdirmək qüdrətinə malik idi.
 
Ağadadaş Qurbanov ancaq böyük bir aktyor kimi rol oynamaqla kifayətlənmirdi. O, çalışdığı Gənc Tamaşaçılar Teatrının təşklilati və yaradıcılıq işlərində də çalışırdı. Gənc aktyorlara daim oyunçluqdan, saxtalıqdan, gülüş xatirinə güldürməkdən, ştapdan uzaq olmağı tövsiyə edərdi.Onları realist sənət uğrunda mübarizəyə səsləyirdi. O, gənc nəslin maariflənməsində və tərbiyələnməsində teatrın böyük rolu olduğunu gənc həmkarlarına daim aşılayırdı.
 
Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonuna qədər yəni 1965-ci iyul ayının 22-nə qədər Akademik Milli Dram Teatrında fəaliyyətdə olub. Burada o, Kamilo (“Qış nağılı”), İvanov (“Göz həkimi”), Mirzə Səməndər (“Almaz”), Əbu Übeyd (“Od gəlini”), Şeyx Sənan (“Şeyx Sənan”), Səyavuş (“Səyavuş”), İbrahim xan, Vaqif (“Vaqif”), Brabansio (“Otello”), Əşrəf bəy (“Yağışdan çıxdıq yağmura düşdük”), Dəmirçi Musa (“Toy”), Şults (“Uzaq sahillərdə”), Yəhudi (“Mariya Tüdor”), Hacı Qara (“Hacı Qara”), Professor Mudrov (“Şirvan gözəli”) və başqa obrazlara səhnə ömrü verib.
 
Uşaq və gənclərin qarşısında çıxış edən A.D.Qurbanov 1952-ci ildən indi ki, “Akademik Milli Dram Teatrı”nda tələbkar tamaşaçılar qarşısında çıxışlar etməyə başladı. Şübhəsiz ki, onun böyük istedadı aktyora geniş yol açmağa imkan verdi. Ağadadaş Qurbanovun zəhmətkeşliyi, biliyi, işinə ciddi münasibəti nəticəsində az vaxt içərisində Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərov və başqa böyük sənətkarların işlədiyi kollektivdə tamaşaçıların hörmətini qazandı. Onun ifası böyük tamaşaçı auditoriyasında rəğbətlə qarşılandı.
 
Ağadadaş Qurbanovun yaratdığı obrazlar janr, həcm və xarakter etibarilə bir-birindən fərqləndikləri kimi, ifasının məzmunu və təsir qüvvəsi aydınlığı ilə seçilirdi.
 
A.D.Qurbanov kino sahəsində də xidmətlər göstərib. O, “Səbuhi”,“Fətəli xan”, “Şamdan bəy”, “Qara daşlar”, “Kölgələr sürünür”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Koroğlu”, “Telefonçu qız”, “Zəncirlənmiş adam”, “Yun şal”, “Arşın mal alan” və İrəvan kinostudiyası tərəfindən istehsal olunan “Çay nə üçün səs-küy qoparır” filmlərində irili-xırdalı müxtəlif xarakterli obrazlara ekran həyatı verib. Ağadadaş Qurbanov çətin və maraqlı sənət yolu keçən aktyorlardandır. O, 54 illik qısa ömrünü 38 ilini Azərbaycan teatrının tərəqqisinə həsr edib. Bu böyük aktyorun səhnə həyatı verdiyi canlı insan obrazları teatr tarixinin inkişafında mühüm rol oynayıblar. O, sözün tam mənasında son dərəcə təvəzökar, xeyirxah bir insan idi. Tipikləşmə və ümumiləşmə ustası olan bu görkəmli sənətkar yüksək insani keyfiyyətlərə malik mədəni bir şəxs idi.
 
“A.D.Qurbanov səhnəmizin ən nadir incilərindəndir.Onun aktyorluq istedadı teatrımızın səhnəsində nurlu bir günəş kimi parlayır.Yaratdığı obrazlar səhnəmizi bəzəyir.Ağadadaş öz aktyorluq sənətinə dərin məhəbbət bəsləyir, oynayacağı rollara böyük məsuliyyət və qayğıkeşliklə, həvəs və inamla yanaşır.Onda səhnəmiz üçün lazım olan gözəllik, əzəmət, diribaşlıq, yorulmaq bilməyən qüvvə və həvəs, getdikcə parlayan bir istedad vardır” (İ. Kərimov).
 
Bəzi mötəbər mənbələrdə yazılır ki, Ağadadaş Qurbanov 1965-ci ildə iyun ayının 25-də rəhmətə gedib.Bu düz deyil.Teatr iyul ayının 1-dən 22-nə qədər yüz nəfərlik heyətlə cənub rayonlarına qastrol səfərlərinə yola düşürlər. Qastrolun repertuarına doqquz əsər “Toy” (7 dəfə), “Əliqulu evlənir” (7 dəfə), “Hind gözəli” (4 dəfə), “Sən həmişə mənimləsən” (4 dəfə), “Bağdasar dayı” (4 dəfə), “Kimdir müqəssir” (2 dəfə), “Əcəb işə düşdük” (5 dəfə), “Hacı Qara” (2 dəfə), “Yaxşı adam” (2 dəfə) daxil idi. İyirmi bir gün müddətində 37 tamaşa göstərildi.
Bu tamaşalarda Ağadadaş Qurbanov Dəmirçi Musa (Toy”), Carudatta (“Hind gözəli”), Hacı Qara (“Hacı Qara”), Gülcamal (“Yaxşı adam”) rollarını ifa etdi.
 
İyul ayının 21-də Masallı rayonunda “Toy” komediyasında Dəmirçi Musanı böyük şövq ilə ifa edən Ağadadaş Qurbanov heç özü də bilmədi ki, səhnəyə sonuncu dəfə çıxır.
 
İyulun 22-də kollektiv Salyana gəlir.Mehmanxanada yerləşir. Ağadadaş Qurbanov, qızı Gülşən Qurbanova, qrim sexinin müdiri Bahadur İsmayılov və aktrisa Rəhilə Mirzəyevanın qızı mehmanxananın balkonunda olarkən balkon uçur. Faciə baş verir. Böyük aktyor Ağadadaş Qurbanov dünyasını dəyişir...
 
Ağadadaş Qurbanovun böyük sənəti layiqincə qiymətləndirilib, ona 1943-cü ilin iyun ayının 17-də əməkdar artist, 1954-cü ilin fevral ayının 27-də isə xalq artisti fəxri adları verilib.Bakıda birinci “Fəxri xiyaban”da dəfn olunub.
 
Keçən il görkəmli səhnə ustası, teatr təşkilatçısı, xalq artisti Ağadadaş Qurbanovun 105 yaşı tamam oldu. Vəfatında 52 keçməsinə baxmayaraq, o, bu gün də canlı insan kimi yad edilir. Böyük şəxsiyyətlər ölmədiyi kimi, Ağadadaş Qurbanovun da böyük sənəti daim yaşayacaqdır...
 
İmran Axundov, fəlsəfə doktoru
 
Cebhe.info

Загрузка...
Загрузка...