Azərbaycanı seçən rusiyalı turistlərın sayı artır

Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndən Türkiyəyə gedən rusiyalı turistlərin sayı azalıb. Novator.az Rusiyanın turizm agentliklərinə istinadla xəbər verir ki, əvəzində Azərbaycan, Gürcüstan və Ermənistana gələn və gəlməyə hazırlaşan rusiyalı turistlərin sayı artıb. Rusiyanın turizm agentlikləri bunu istirahət üçün bir qayda olaraq Türkiyəyə üz tutan turistlərin Türkiyəni Azərbaycan, Gürcüstan və Ermənistanla əvəz etməsi kimi qiymətləndirir.
Rusiyanın “Delfin” turizm şirkətinin baş direktoru Sergey Romaşkin deyib ki, Azərbaycan, Gürcüstan və Ermənistana qabaqcadan sifariş edilmiş turların sayı 50% artıb.
“NTK İnturist”in satış direktoru Sergey Tolçin də turistlərin seçdiyi yerlər arasında MDB dövlətlərinin populyar olduğunu qeyd edib. Onun sözlərinə görə, rusiyalı turistlər arasında Azərbaycan və Ermənistana getmək istəyənlərin sayı üç dəfə artıb. Amma Sergey Tolçin onu da bildirib ki, buna heç də turizm bazarının artımı kimi baxmaq olmaz. Çünki söhbət Rusiyadan turist axının artmasından yox, sadəcə olaraq onların seçdiyi ölkələrin dəyişməsindən, yəni axının başqa ölkələrə yönəlməsindən gedir. Tolçin Rusiyanın Krasnodar diyarına gedən turistlərin də sayının 15% artdığını deyib.
“DaTravel.com” şirkətinin baş direktoru Vladislav Şevtsov rusiyalı turistlərin qabaqcadan sifariş etdiyi yerlər arasında Qırğızıstan paytaxtı Bişkekin lider olduğunu, amma Bakı və Tbilisiyə də tələbatın artdığını deyib.