“Azərbaycandan qoparılan icma xarici emissarların əlinə keçdi”

Əlibala Əsgərov: “Gürcüstanda ermənilər 700 kilsəyə sahib çıxmaq istəyirlər”
“II İlya imkan vermir ki, din haqqında qanun qəbul olunsun”
“Bütün hadisələr o vaxt başladı ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi burda öz nümayəndəliyini yaratdı...”
Bugünlərdə Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayonunda müsəlmanlar və xristianlar arasında dava düşmüş, nəticədə 3 nəfər müsəlman döyülmüşdü. Hansı ki, bu, Gürcüstanda müsəlmanlar və xristianlar arasında baş verən ilk toqquşma deyildi. Müsəlmanlar idda edirlər ki, onların dini inanclarına hörmət qoyulmur və qarşıdurma da məhz bu səbəblərdən baş verir.
“Qeyrət” Xalq Hərakatının sədri Əlibala Əsgərovla söhbətimizdə Gürcüstanda din azadlığı sahəsində mövcud olan vəziyyətə aydınlıq gətirmyə çalışdıq. Onun sözlərinə görə, hazırda Gürcüstanda öz statusu üzrə fəaliyyət göstərən cəmi bir məscid var ki, o da Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mülkiyyətidir. Nəzərə alsaq ki, Gürcüstanda təkcə 500 mindən artıq Azərbaycan türkü yaşayır, o halda bu ölkədəki dini durumu kifayət qədər acınacaqlı hesab etmək olar. Bəs, Ə.Əsgərov bu haqda nə düşünür?
- Bildiyiniz kimi, Gürcüstanda din haqqında qanun hətta bu gün də qüvvəyə minməyib. Hardasa 2-3 dəfə parlamentə çıxarılıb və müəyyən problemlərin ucbatından yenə arxa plana atılıb. Çünki orda ermənilər çox böyük imtiyazlar tələb edir, Gürcüstan ərazisində hardasa 700 kilsəyə sahib çıxmaq istəyirlər. Sonra ayrı-ayrı dini sektaların, qurumların hər biri öz payını götürmək məqsədi güddükləri üçün, II İlya da bu məsələyə çox həssas və ehtiyatla yanaşır, imkan vermir ki, din haqqında qanun qəbul olunsun. Yəni burda bizi narahat edən ən böyük səbəb 2012-ci ildən başladı...
SSRİ zamanında Azərbaycanda olduğu kimi, Gürcüstanda da dinin dövlətlə əlaqəsi yox idi. Hətta indi təhlil edəndə belə demək olar ki, Gürcüstanda dini azadlıq Azərbaycandan çox üstün idi. Biz burda müəyyən dini ayin və mərasimləri açıq-aşkar keçirirdiksə, Azərbaycanda müəyyən qadağalar var idi. Yəni SSRİ dönəmində elə bir basqı görmədik. Bütün hadisələr o vaxt başladı ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi burda öz nümayəndəliyini yaratdı. O nümayəndəlik yaranandan sonra Kuveytdən, Ərəbistandan, İraqdan, İrandan və başqa ölkələrdən dini emissarlar, din adı altından müxtəlif adamlar Gürcüstana ayaq açdılar. Məsələn, 6 ay gedib Qumda oxuyub geri qayıdan şəxslər buralarda 70-80 minlik maşınla gəzdilər. Yaxud Türkiyəyə gedib, ordan qayıdanlar burda yeni dini sektalar, təriqətlər ortaya qoydular. Buna görə də, mən dərk etdiyim qədər, Avropa və Qərb burda narahat oldu. O cümlədən ayrı-ayrı dövlətlərin, sektaların, dini icmaların din adı altında özlərinin dövlət siyasətlərini Gürcüstanda qurması Saakaşvili tərəfindən də çox pis və qəti addmlarla qarşılandı. Odur ki, 2012-ci ildə dövlət məmurlarının əli ilə, biri də bizim indiki müxalifətdə olan deputatımız Azər Süleymanovun və digər bir neçə adamın adını yazmaqla, Gürcüstan Müsəlmanlar İdarəsi deyilən bir ictimai təşkilat yarandı...
-Gürcüstan Müsəlmanlar İdarəsi ictimai təşkilat kimi fəaliyyət göstərir?
-Bəli, ictimai əsaslar üzərində yarandı, QHT formasında. Burda məsqəd Azərbaycanla Borçalının əlaqələrini bir az da qırmaq, Azərbaycana dini bağlılığı kəsmək, ikinci planda isə xaricdən din adı altında gələn “qara pullar”ın qarşısını kəsmək idi. Bu hadisələrin ilkin mərhələsində mən də müzakirələrə dəvət olundum. Mən qəti şəkildə həmin qurumun bu formada yaranmasının əleyhinə getdim. Tövsiyə etdim ki, Nazirlər Kabineti yanında 3-5 nəfərlik bir qurum yaransın və qeyri-gürcülərin, yəni Gürcüstanda yaşayan qeyri-dinlərin nümayəndələrinin bütün ayin və mərasimləri o qurum tərəfindən tənzimlənsin. Təbii ki, dövlətin xarici və daxili siyasətinə uyğun şəkildə. Mənə açıq şəkildə və çox da qırıcı formada dedilər ki, sən istəyirsən burda İslamı dövlət səviyyəsinə qaldırasan, o mümkün deyil. Nəticədə istədiklərini etdilər və Qumda, Türkiyədə, İranda dini təhsil almış gəncləri yığdılar, hamısı ilə ayrı-ayrılıqda söhbət etdilər və hamısına da dedilər ki, bu təşkilatı sənə verəcəyik, buna “hə” deyin. Nəticədə ayrı-ayrı qruplaşmalar meydana gəlməyə başladı. Bu qruplaşmaların sonunda iki dövlətin xarici işlər naziri – cənab Elmar Məmmədyarov və Qriqori Vaşadze Marneulidə bu məsələ ilə bağlı görüş keçirdilər. Bu görüşdə mən birmənalı olaraq özümün və bizim bölgə insanlarının əksəriyyətinin fikrini ortaya qoydum ki, biz Qafqaz Müsəlmanları Ruhani İdarəsinə bağlıyıq və ordan da fətvamızı alacağıq, sizə ehtiyac yoxdur. Amma bu etirazlara baxmayaraq, Acariyadan olan bir gürcünü gətirib Gürcüstan Müsəlmanlar İdarəsinə rəhbər təyin elədilər.
- Yəni Gürcüstan Müsəlmanlar İdarəsinin rəhbəri təyinat yolu ilə bu qurumun başına gətirildi...
- Bəli, o, Gürcüstan Dövlət Təhlükəsizlik orqanlarının əli ilə təyin olundu. Bizim bölgədən isə iki nəfəri seçdilər, birinin adını şeyx, o birinin adını isə müfti qoydular və həmin iki nəfəri Tiflis Cümə məscidinə yerləşdirdilər. Bunların da hər ikisi Dövlət Təhlükəsizlik Xidmətinin əli ilə həmin yerə gətirildi. Bununla da Azərbaycanla dini əlaqələrin tam dayandırıldığını və Qafqaz Müsəlmanları Ruhani İdarəsi ilə heç bir əlaqə olmadığını elan etdilər.
- Hazırda Gürcüstanda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəliyi fəaliyyət göstərmir?
- Cümə məscidindən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəliyini atdılar. Yəni o günə qədər həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəliyi yerləşirdi, onları çıxardılar. Onu da deyim ki, mən keçən qurultayda Allahşükür Paşazadə cənablarına yaxınlaşdım və ordakı durumu ona az da olsa nəql edəndən sonra, ondan görüş istədim. Həmin gün rezidensiyasında biz onunla görüşdük. O insanı da mən haqlı sayıram. Deyir ki, heç bir hüquqi sənədi, hüquqi statusu olmadan 16 ildir mən orda idarə saxlayıram, halbuki Azərbaycan dövləti mənə heç bir yetki verməmişdi ki, respublikdan kənarda dini nümayəndəliklər saxlayım və bu və ya digər formada həmin qurumu maliyyələşdirim. Xatırladım ki, bu hadisələrdən sonra - 2012-ci ilin yayında Azərbaycan prezidenti sərəncam verdi ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin respublikadan kənarda nümayəndəlikləri açılsın. Ondan sonra Gürcüstanda yeni nümayəndəlik açıldı, hansı ki, əslində həmin nümayəndəlik 16 il idi orda fəaliyyət göstərirdi. Amma bu nümayəndəliyin əlində bir məscid, bir dini idarə yoxdur, sadəcə kiçik bir ofisləri var. Amma gəlin baxaq “Əhli-Beyt” cəmiyyətinə, hansı ki, İran tərəfindən maliyyələşir. Gedin onların oturduğu yerə baxın, görün onlara hansı şərait yaradılıb... Yəni Gürcüstan Müsəlmanlar İdarəsi deyilən qurumu Gürcüstan dövləti yaratdı, dərhal da atdı. Onlara heç bir maliyyə dəstəyi də yoxdur, çox cüzi bir şey var. Üstəlik, Azərbaycandan qoparılan bu icma artıq xarici emissarların əlinə keçdi. İran bir yandan, İraq bir yandan, Türkiyə bir yandan, Ərəbisatan bir yandan və s. vəziyyəti o qədər gərginləşdirdilər ki, nəticədə, Soğanlıq deyilən yer var, Nardaransayağı şiəliyin mərkəzidir, gətirib burada vəhhabilərə rəsmən yer verdilər. Bütün bunlar dövlətin düşünülmüş addımlarıdır. Biz həmin vaxt böyük etiraz etdik ki, siz bu milləti, bu xalqı, azərbaycanlıları qarşı-qarşıya gətirirsiniz. Təsəvvür edin ki, Soğanlıqda bir nəfər belə vəhhabi təriqətinə aid şəxs olmadığı halda, bu təriqətin üzvləri gəlib Soğanlıqda yer aldılar və orda məscid tikdilər. Bu yeni məscidin camaatın toplandığı yerlə arası heç 70 metr yoxdur. Nəzərə alsaq ki, şiələr aşura günü və digər mərasimlər keçirir, vəhhabilər isə buna qarşıdır, mən siz əmin edirəm, burda indən belə çox ciddi hadisələr törəyəcək. Əslində, nəticəsini bu yaxınlarda gördük, Soğanlıqda vəhhabilər bir cavan oğlanı bıçaqlayıb öldürdü...
- Gürcüstanda “Nurçular”ın fəaliyyəti yenə də hiss olunur?
- “Nurçular”ın fəaliyyəti bir o qədər qabarıq olmasa da, amma var. Ümumiyyətlə, Türkiyədən dəstək alan müəyyən qurumlar burda fəaliyyət göstərir. Məsələn, Kosalı kəndində onların bir mədrəsəsi var. O qədər qapalıdır ki, bilmirik onun içində nələr baş verir, nə iş görürlər... Onların yeyib-içdiyi ərzaqlarına qədər Türkiyədən gəlir.
Əslində belə demək olar ki, Gürcüstanda müsəlmanlar arasında dini parçalanma həddən artıqdır. Marneulidə 5 dini icma var, hamısı rəsmən Gürcüstan məhkəməsində qeydiyyatdan keçmiş dini qurumlardır. Heç biri də digərini qəbul etmir. Heç biri digərinə yanaşmır. Ümumiyyətlə burda təhsilin səviyyəsi çox aşağı olduğundan gənclər arasında dini meyllər daha çoxdur. Mən islamı az-çox bilirəm, amma mən istərdim ki, bizim gənclər təhsil alsın, dini təlimlərə tərəf getməsin.
- Marneulidəki dini icmalar hansı təriqətləri təmsil edirlər?
(Ardı var)
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.az