​Azərbaycandan çıxarılan milyardların ünvanı aşkarlandı

 
Ölkədə istehsalı artdığı iddia edilən məhsulların idxalı kəskin artıb Hökumətin qeyri-neft sektorunu inkişaf etdirmək çabaları bu ilki rəqəmlərlə ziddiyət təşkil edir
Ölkədə istehsal məhsullarının artdığı bəyan edilsə də idxal məhsullarının həcmi çoxalıb. Artım əsasən ərzaq məhsullarına aiddir və əksər hallarda 100-200 faiz arasındadır. Bunu gömrük statistikası da təsdiqləyir. Bizimyol.info statistik baza məlumatlarını təhlil edərək bu qənaətə gəlib. Son iki ilin 9 ayını müqayisə edəcəyik.
 
Süd, yumurta idxalı niyə intensivləşib?
 
Belə ki, ötən ilin 9 ayında ölkəyə idxal edilən ət və qida üçün yararlı ət əlavələrinin ümumi dəyəri 12 912.09 min dollar təşkil edirdisə, bu ilin eyni dövründə adıçəkilən məhsulların idxalının məbləği 24 300.21 min dollar olub. Yəni iki dəfə artıq. Balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları da onun kimi. Keçən ilin cari dövründə 5 301.48 min dollarlıq məhsul gətirilmişdisə, bu ilin eyni dövründə yenə iki dəfəyə yaxın artıqdır - 10 180.10 min dollar. Süd məhsulları, quş yumurtası, təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları əvvəlki ilin 9 ayında 41 897.74 min dollar həcmində idxal olunmuşdusa, bu ilin müvafiq dövründə məbləğ 69 958.73 min dollarla ölçülür. Bu da əvvəlki illə müqayisədə 1,7 dəfə çoxdur. Halbuki, sadalanan məhsulların daxildə istehsalının artdığı iddia edilir. Məntiqlə, artıma müvafiq olaraq adıçəkilən məhsulların idxalında əhəmiyyətli azalma baş verməliydi.   
 
Meyvə-tərəvəz, bitki və heyvan  yağlarına da ehtiyac çoxalıb 
 
Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruların idxalı keçən ilin 9 ayında cəmi 15 378.54 min dollar təşkil edirdisə, bu ili eyni dövründə 2,7 dəfə artaraq 42 228.02 min dollara çatıb. Yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqlarının həcmində də böyük artım qeydə alınıb. Belə ki, keçən ilin söhbəti gedən dövründə adıçəkilən məhsulların həcmi 27 414.97 min dollar olmuşdusa, cari ilin eyni vaxtında həcm 49 039.22 min dollara bərabərdir. Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar ötən il 11 672.18 min dollar həcmində idxal olunmuşdusa, bu il üç dəfəyə yaxın artaraq 33 034.45 min dollar təşkil edib. Söhbət ilin 9 ayından gedir. Yağlı toxum və bar, digər toxumlar, taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem idxalı 3,4 dəfə artaraq 5 797.54 min dollardan 19 634.91 min dollara çatıb. Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri, heyvan və ya bitki mənşəli mumların idxalı keçən ilin 9 ayında 63 063.70 min dollar idisə, bu ilin eyni dövründə 99 335.97 min dollara bərabərdir.
 
Ərzaq məhsulları bu il daha artıq gətirilib
 
Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsulların idxalda payı 6 864.67 min dollardan 11 732.75 min dollara, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları 106 698.62 min dollardan 155 561.89 min dollara, kakao və ondan hazırlanan məhsullar 21 456.89 min dollardan 30 830.30 min dollara, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar, un qənnadı məmulatları 36 868.22 min dollardan 51 338.52 min dollara, tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları 16 335.66 mi dollardan 18 126.03 min dollara, müxtəlif ərzaq məhsulları 23 297.47 min dollardan 36 745.89 min dollara, yeyinti sənayesinin qalıqları və tullantıları, heyvanlar üçün hazır yemlər 16 891.10 min dollardan 33 117.12 min dollara çatıb.
 
Tütün və içki idxalı əhəmiyyətli azalıb
 
Yalnız bəzi idxal məhsullarında azalma var. Misal üçün, diri heyvanlar 38 719.47 min dollardan birdən-birə 17 242.80 min dollara düşüb. Dənli bitkilər də 260 354.60 min dollardan 244 192.81 min dollara, unüyütmə-yarma sənayesi məhsulları, səməni, nişastalar, inulin, buğda kleykovinası 13 304.25 min dollardan 12 726.60 min dollara qədər azalıb. Kənd təsərrüfatı sahəsində gətirilən gübrələr iki dəfədən çox azaldılaraq dəyəri 41 495.89 min dollardan 20 417.73 min dollaradək aşağı düşüb.
 
Tütün və tütünün sənaye əvəzedicilərilərinin idxalında kəskin azalma baş verib - keçən ilin 9 ayında ölkəyə gətirilən belə məhsullar 230 931.90 min dollar təşkil edirdisə, bu ilin müvafiq dövründə belə məhsulların idxalı 120 574.63 min dollara bərabər olub. Spirtli və spirtsiz içkilər və sirkə də eyni dərəcədə azalaraq 52 532.90 min dollardan 45 297.71 min dollara düşüb.  
 
Əczaçılıq bazarı tərəddüd yaşayır
 
Qeyri-ərzaq məhsullarından tikinti materiallarının da gətirilməsində ixtisar var. Keçən ilin söhbəti gedən dövründə duz, kükürd; torpaq və daş, suvaq materialları, əhəng və sement  49 315.37 min dollar dəyərində gətirilirdisə, bu il məbləğ 33 179.24 min dollara bərabər olub. Tikinti materiallaraının idxalının azalması ölkədə tikinti bumunun səngiməsi ilə izah olunur. Əczaçılıq məhsullarının idxalı da da bir xeyli aşağı düşüb - keçən il 196 041.67 min dollar dəyərində məhsul gətirilmişdisə, bu il həcm 138 790.08 min dollarlıq olub.  Bu da əczaçılıq bazarında qiymət tərəddüdü ilə izah edilir. Qiymətləri gah tənzimlədilər, gah da taleyini xarici valyutanın müəyyənləşdirməsi üçün dolların kursuna buraxdılar. 
 
Qeyri-ərzaq məhsullarının idxalı da artım tempini qoruyur
 
Amma bir sıra qeyri-ərzaq məhsullarının idxalı əhəmiyyətli şəkildə çoxalıb. Ölkəyə gətirilən efir yağları və rezinoidlər, ətriyyat, kosmetik və tualet vasitələri iki dəfədən çox artaraq 30 499.52 min dollardan 64 144.85 min dollara çatıb. İdxal olunan üzvi kimyəvi birləşmələr 14 872.02 min dollardan 27 476.97 min dollara, aşılayıcı və boyayıcı ekstraktlar, tanninlər və onların törəmələri, boyaqlar, piqmentlər və digər boyayıcı maddələr, boyalar və laklar, zamazkalar və digər mastikalar, tipoqrafiya boyaqları, mürəkkəblər, tuş 21 210.46 min dollardan 41 234.09 min dollara, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar 38 682.37 min dollardan 70 289.10 min dollara, mebel; yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları, lampalar və işıqlandırıcı avadanlıqlar, işıq tablo və lövhələri, analoji məmulatlar, yığma tikinti konstruksiyaları  117 479.36 min dollardan 160 967.25 min dolara qədər artıb.