Azərbaycanda tarixi mövzularda filmlər niyə çəkilmir?

Baxış sayı: 
173
0  
0  

 
“Payitah Abdülhamid”, “Ərtoğrul”, “Muhteşem Yüzyıl” və bunun kimi tarixi əks etdirən filmlər qardaş Türkiyə tərəfindən çəkilib və maraqla izlənilir. Bu filmlər nəinki qardaş ölkədə, Azərbaycanda da izlənmə rekordları qırır. Baxmayaraq ki, Azərbaycanın kino tarixi və mədəniyyəti Türkiyədən üstündür, ancaq ortaya baxımlı və bir sıra ölkələrə səs sala biləcək bir film qoyulmur. Ortaya qoya biləcəyimiz filmlər isə yalnız sovet dönəmində çəkilən filmlərdir. Halbuki film sektorumuzun inkişafı üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb.
 
Ancaq təəssüflə qeyd etməliyik ki, bu vəsait hazırda Azərbaycan teleməkanını zəbt edən bayağı seriallara və “komediya” filmlərinə sərf edilir. Milli mənəvi dəyərlərimizi, tariximizi əks etdirən filmləri isə görə bilmirik. Bir sıra rejissorlar vaxtı ilə tarixi filmlərin çəkildiyini və təkrarçılığa ehtiyac olmadığını qeyd edirlər.
 
Ancaq bir nüansı vurğulayaq ki, tariximizi əks etdirən bir sıra filmlər sovet dönəmində çəkilib və bəziləri də sovet ideologiyasına uyğun olaraq dəyişikliklərə məruz qalıb. Həmçinin gənclər arasında sorğu keçirsək, əksəriyyətinin o filmlərə baxmadığını, hətta bu cür filmlərin varlığından xəbərsiz olduğunu görərik. Baxmamalarına səbəb kimi isə rəngsiz və sıxıcı olduğu arqumentini irəli sürürlər.
 
Axı nəyə görə Azərbaycanda Türkiyədə olduğu kimi zəngin tariximizi əks etdirən filmləri müasir formada çəkilməsin? Buna mane olan nədir?
 
Kinorejissor Şeyx Əbdül Mahmudov tarixi filmlərin çəkilməsi üçün dövlət nəzarətinin vacib olduğunu bildirdi: “Prezident Azərbaycan kinosunun 100 illiyi ilə bağlı möhtəşəm bir sərəncam imzalayıb. Kinonun vətəni, məskəni Azərbaycandır və biz bunun 100 illiyini bayram edirik. Bizim möhtəşəm bir kino mədəniyyətimiz, kino tariximiz var. Bir sıra filmlərimizdə sovet ideologiyası ilə bağlı bəzi məqamlar kəsilib çıxarılıb. Amma biz bu və ya digər formada keçmişdə çəkilən filmlərimizi qoruyub saxlaya bilmişik. “Qaçaq Nəbi” filminin çəkilişində Rusiyada kinoya rəhbərlik edən erməni mənşəli insanlar mənim başıma oyun açdılar. Sağ olsunlar ki, həmin ərəfədə Süleyman Rəhimov kimi şəxslər mənə dəstək göstərdilər və biz həmin filmi xilas edə bildik. Azərbaycanda kino tarixi də, kino mədəniyyəti də var, kino çəkən də, çəkilənlər də var. Sadəcə olaraq maddi texniki bazanı və maliyyə məsələsini yoluna qoymaq lazımdır. Bir də buna gərək dövlət nəzarəti olsun. Bir film ki, xalqın tarixi, mənəvi dəyərləri, yaradılışı ilə bağlıdır, bu uşaq və yeni çıxanların öz fəaliyyətinin məkanı ola bilməz. Buna ciddi dövlət nəzarəti olmalıdır. Bu gün çox təəssüflər olsun ki, Azərbaycanda qazanılan pulları kimlərsə, küçədə gəzən təsadüfi adamlara verir. Bu təsadüfi adamlar da gündəmdə qalmaq üçün nə gəldi çəkir, kino haqqında pis fikir formalaşdırırlar. Mən min dəfə demişəm ki, onlar kino deyil, başqa şeydir. Artıq bu barədə danışmaqdan yorulmuşam. Azərbaycanın kino mədəniyyəti, möhtəşəm kinoları olanda qardaş Türkiyə bilmirdi ki, kino nə olan şeydir. Ona görə də bunun birinci şərti odur ki, filmlərə dövlət nəzarət etsin. Dünyanın heç yerində elə bir şey yoxdur ki, dövlət kinoya pul ayırsın. Əksinə, dünyanın hər yerində dövlət kinodan qazanır. Azərbaycanda isə dövlət kinoya pul verir, amma bu puldan necə istifadə edildiyi artıq başqa söhbətdir. Bizim də tarixi filmlər çəkməyimiz üçün mütləq dövlət nəzarəti, maddi texnika olmalı və maliyyə məsələsi həll edilməlidir. Bizim problemimiz bundan ibarətdir”.
 
Türkiyədə çəkilən və hər kəs tərəfindən həvəslə izlənilən tarixi filmlərə gəlincə isə, kinorejissor onların peşəkarlıq baxımından aşağı səviyyədə olduğunu dedi: “Türk qardaşlarımızın çəkdiyi o tarixi filmlər barədə peşəkar adam kimi deyə bilərəm ki, peşəkarlıq baxımından çox aşağı səviyyədə çəkilib. Bugünki göstəricilərlə mənfi dördə layiq filmlərdir. Amma iş görürlər və buna da tələbat var. Hər kəs də bu filmlərə baxır və ləzzət alır. Axı biz “O olmasın, bu olsun”u, “Arşın mal alan”ı çəkəndə heç onlar bilmirdilər ki, film nə olan şeydir. Biz bu mədəniyyəti, əlimizdə olanı itirib dağıtdıq. İndi buna dövlət səviyyəsində nəzarət və qayğı olmasa, fərdi şəkildə heç nə alınmayacaq”.
 
Günel MANAFLI,
Musavat.com

Загрузка...
Загрузка...