Azərbaycanda ölüm hökmü bərpa edilir? - ŞOK TƏKLİFLƏR

 
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər
 
Politika.Az xəbər verir ki, bu barədə təkliflə deputat Elmira Axundova çıxış edib. O, bir sıra cinayətlərin məhz bu cəza ilə cəzalandırılmasının tərəfdarıdır:
 
“Düşünürəm ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxmağın və istisna hal kimi xüsusilə ağır cinayətlər, arvadının başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır”.
 
Deputat hesab edir ki, ölüm hökmünün bərpası xüsusilə ağır cinayətlərin sayını azaldar.
 
Maraqlıdır ki, onun bu təklifinə münasibət bildirən hüquqşünas Adəm Məmmədov da deyir ki, ölüm hökmünün bərpası mümkündür: “Lakin bəzi maddələr üzrə. Məsələn, iki və daha artıq şəxsin öldürülməsi, xüsusi amansızlıqla, quldurluqla, hədə-qorxu ilə qətlə yetirmə, təkrar öldürmə və s. bu kimi ağır cinayətlər, hansı ki, Cinayət Məcəlləsinin müvafiq maddələrilə 14 ildən 20 ilədək, yaxud 20 ilədək həbs nəzərdə tutulur. Şəxsən mən Qobustan həbsxanasında ömürlük məhbuslarla görüşmüşəm, söhbət etmişəm və eləsi olub deyib ki, bizi öldürsələr yaxşıdır. Yəni onların arasında eləsi var hamilə qadını zorlayıb öldürüb, 5 yaşında uşağı zorlayıb öldürüb. Bax, bu cür şəxsiyyət əleyhinə olan cinayətlərlə bağlı ölüm hökmü bərpa olunsa yaxşıdır. Bunlar elə işlərdir ki, sui-istifadə halları olmur. Etiraf etməliyik ki, ölüm işlərilə bağlı istintaq obyektiv gedir, heç kim saxtakarlığa getmir. Nadir hallarda ola bilər ki, ölüm işində sui-istifadə olsun. Digər cinayət növlərinə də tətbiq etmək olar ölüm hökmünü, məsələn, ağır müharibə cinayətləri, terror və s. kimi. Bu zaman da kifayət qədər mötəbər sübutlar olmalıdır”.
 
Həmsöhbətimiz dövlətçilik əleyhinə və s. məsələlərdə ittiham olunan şəxslərə qarşı ölüm hökmünün tətbiq olunmasının əleyhinə olduğunu diqqətə çatdırdı: “Burda sui-istifadə ehtimalı yüksəkdir. Vay o haldan ki, Eldar Mahmudov kimi nazir ola, kimdənsə “sağ ol” eşitmək üçün insanları bada verə. Ölüm hökmü elə cəzadır ki, istintaqın səhvini bərpa etmək olmur”.
 
A.Məmmədovun sözlərinə görə, bizim cəmiyyətdə sui-istifadə halları çoxdur: “Belə hallar olmasına görə də oxşar təkliflə çıxış etməyə adam çətinlik çəkir. Yəni bu məsələlərə yanaşma birmənalı deyil. Məsələn, Amerikanın bəzi ştatlarında ölüm hökmü var. Amma bu dövlət o qədər böyük və çoxmillətli dövlətdir ki, orada bu hökmün icrası vacibdir. Biz isə kiçik bir dövlətik, təbliğatla, digər müəyyən addımlarla cinayətlərin qarşısını kəsmək olar. Bizdə o həddə çatan cinayətlərə meyllilik də yoxdur. Məsələn, biz terror milləti deyilik, sakitik, aqressiv deyilik, əsəbiləşməsək xüsusi amansızlıqla cinayət törədən deyilik. Dediyim odur ki, birmənalı olaraq ölüm hökmünün bərpasının tərəfdarı deyiləm, sadəcə olaraq qeyd etdiyim kimi, bəzi cinayət növlərinə münasibətdə bu cəzanı tətbiq etmək mümkündür. Bilmirəm, kim nəyə görə, nə fikirləşib belə bir təklifi səsləndirir, amma bu məsələyə çox həssas yanaşılmalıdır”.

Загрузка...
Загрузка...