Azərbaycanda olan narkomanların sayı açıqlandı

Ölkədə narkomaniya ilə mübarizə gücləndirilib.
 Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda respublika üzrə 31.12.2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28555 (o cümlədən opioidlərin qəbulu nəticəsində - 20036 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8519 nəfər), dispanser qeydiyyatında olanlar - 23153 nəfər, profilaktik - 5402 nəfər, anonim müalicə alanlar - 583 nəfər, toksikoman 158 nəfər təşkil edib. Narkotik istifadəçilərinin 592 nəfəri qadındır.
 2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb (o cümlədən, opioidlərin qəbulu nəticəsində - 1224 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 793 nəfər), dispanser qeydiyyatında olanlar – 1432 nəfər, profilaktik - 585 nəfər təşkil edib.
 Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli qərarı ilə ölkəmizdə “Narkomaniya xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Son üç il ərzində Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə 424 xəstə müalicə alıb.
 2015-ci ildə 2833 nəfər könüllü müalicə almaq üçün mərkəzə müraciət edib.
 2015-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilən şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə ötən il ərzində ekspertizadan cəmi 3111 nəfər keçib. Onlardan 1577 nəfərə məcburi müalicə təyin olunub.
 Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir.
 Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan immunçatışmazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən, 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. Bundan əlavə, Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir şəhər narkoloji dispanserləri və bir sıra mərkəzi rayon xəstəxanalarının narkoloji kabinetlərinin nəzdində, ümumilikdə, 48 könüllü məsləhət və müayinə məntəqəsi təşkil edilib. 2015-ci il ərzində məntəqələrdən 44 278 nəfər şəxs müayinədən keçib.
 Ötən il Respublika Narkoloji Mərkəzində 30 655 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçib.
 Mərkəz ölkədə narkomaniya ilə mübarizə sahəsində bir sıra layihələr icra edir. Problemin müxtəlif aspektlərini işıqlandıran “Narkotiklər haqqında həqiqəti bilin” adlı jurnal, “Alkoqolizm” və “Psixoaktiv maddələrdən asılılıq” adlı ümumilikdə 175000 ədəd buklet və müxtəlif əyani vəsait (broşür, yaddaş vərəqi, cib təqvimləri və s.) çap edilib və yayılıb.
 Səhiyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzi üçün 250 çarpayılıq müasir standartlara cavab verən yeni bina inşa olunur. Mərkəzdə reabilitasiya, intensiv terapiya, psixoterapiya, ixtisaslaşdırılmış tibb şöbələrinin, laboratoriyaların (kliniki, biokimyəvi və toksikoloji) fəaliyyət göstərməsi nəzərdə tutulub.