“Azərbaycanda ən böyük problem bu rejimin zehniyyəti və düşüncəsidir”

”Tofiq Yaqublu: “Bizim ölkədəki qədər haqsızlıq bəlkə də heç bir ölkədə yoxdur”
“Bir o qalıb ki, Zakir Həsənovu da müxalifətə qarşı mübarizəyə qoşsunlar, tankla, topla gəlib Müsavatın qərargahın topa tutsun...”
Müsahibənin əvvəli bu linkdə: http://turaninfo.az/ilham-liyevin-heydr-liyevdn-frqi-odur-ki.html
Müsahibimiz keçmiş siyasi məhbus, Müsavat Partiyası sədrinin müavini TofiqYaqubludur. Xatırladaq ki, T.Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs olunaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən T.Yaqublu martın 17-də Azərbaycan prezidentinin sərəncamı ilə azad olunub.
-Sizcə, müxalifətin indiki zəif duruma düşməsində AXCP və Müsavat arasındakı intriqaların rolu varmı?
- Bəli. Müxalifətin indiki zəif duruma düşməsində hər iki partiyanın, yəni Müsavat və AXCP-nin böyük rolu var. Əlbəttə, indi müxalifət deyəndə Azərbaycanda tək Müsavat və AXCP-nin oldğunu iddia etmirəm. Amma cəsarətlə deyirəm ki, muxalifətin zəif duruma düşməsində əsas bu iki təşkilatın rolu var. Müxalifətin zəif və yaxud da güclü olmasını müəyyən etsək, görərik ki, onların arasında olan zəifliyi yaradan nöqtə bu didişmədir. Mən ad çəkməyəcəm, məsələn, AXCP ilə, eləcə də Müsavatla digər səmimi muxalifətçi və ya bir qurum arasında nifaq düşsəydi, inanıram ki, muxalifət bu qədər zəifləməzdi. Amma AXCP ilə Müsavat arasındakı indiki vəziyyət, bu partiyaların bir yerdə olmaması heç də ürəkaçan deyil. Təbii ki, ümumi götürsək, müxalifətin bu gün zəif düşməsinə əsas səbəb təkcə bu partiyalar arasında olan nifaq deyil, ən çox bu rejimin repressiyalarıdır...
Bir haşiyə çıxım ki, mən həbsə düşməzdən əvvəl rəhmətlik Boris Nemtsovun bir fikrinə rast gəlmişdim. Adam özü etiraf etmişdi ki, postsovet ölkələrində, yəni aftoritar, sərt rejim olan ölkələrdə ən güclü muxalifət Azərbaycandadır. Demişdi ki, bu insanlar bu qədər çətinliyə, əzaba sinə gərib dözür, hələ də mübarizə aparırlarsa, deməli, Azərbaycan muxalifəti çox güclü və qorxmazdır.
Hesab edirəm ki, harada belə rejim varsa, deməli, muxalifətin günü heç də ürəkaçan olmur, xoş keçmir. Bu haqsızlıqlar tək Azərbaycanda deyil, Ermənistanda, Belorusda, eləcə də Rusiyada da belədir. Amma Azərbaycandakı qədər haqsızlıq deyərdim ki, bəlkə də heç bir ölkədə yoxdur. Dövlətə qarşı bu qədər haqsızlıq olmaz. Bir adam nümunə gətirsin ki, Azərbaycanda olan rüsvayçılıq, rəzalət, qanunsuzluq digər sadaladığım və sadalamadığım ölkələrin hansında var? Təbii ki, belə ağlagəlməz hərəkətlər bu rejim tərəfindən yalnız Azərbaycanda yaradılıb. Bütün dövlətin nə qədər gücü varsa, müxalifətə qarşı yönləndirilib, bir o qalıb ki, Zakir Həsənovu da qoşsunlar, tankla, topla gəlsin Müsavat Partiyasının qərargahın topa tutsun, bombalasın, yaxud da Əli Kərimlinin evini yandırsın və s.
Bütün bunlara baxmayaraq biz qorxmadıq, geri çəkilmədik, bütün çətinliklərə sinə gərməyi bacardıq və bu gün düşürük həbsə, sonra çıxırıq, deyirik ki, biz mübarizəni davam etdirəcik. Deməyim odur ki, haqsızlıq gördükcə daha güclü oluruq və çətinlikləri göz önünə almırıq. Çünki bizim xalq dözümlü xalqdır. Odur ki, muxalifətin bu günə düşməsinə başlıca səbəb hakimiyyətin apardığı repressiyadır. Amma bu repressiyalar qarşısında həm hakimiyyətin, həm də xalqın zəif düşməsi də obyektiv tarixi reallıqdır. Bir nümunə göstərmək istəyirəm. Alman xalqı Hitlerin repressiyasına düşdü və beləcə ona boyun əydi. Yaxud da Şimali və Cənubi Koreyanı götürək, eyni millətdir, eyni yerdir, eyni xalqdır, amma orada bizdən fərqli olaraq səsi çıxan yoxdur. Çünki orada repressiya aparatı o qədər güclüdür ki, başqa cür hərəkət edə bilmirlər və hakimiyyətə məcburən baş əyirlər. Hazırda biz də Şimali Koreyanın qarşılaşdıqlarına doğru irələyirik. Hesab edirəm ki, bunun qarşısı alınmasa, bizim xalqı da özlərinə baş əydirəcəklər. Digər tərəfdən də inanıram ki, bizim xalq Şimali Koreya xalqı ola bilməyəcək, hətta repressiyalar bizi məcbur etsə belə. Çünki bizim çox güclü muxalifətimiz var. Biz “azadlıq!” deyib sürətlə irəliləyirik və bu da bizim xalqa yetərincə bəs edər, həm də kimlərəsə boyun əyməkdən uzaqlaşdırar.
Diqqət etsək, neçə illərdir Əli Kərimlini xaricə buraxmırlar, ona pasport vermirlər və yaxud da İsa Qəmbər Azərbaycanın dilbər guşəsi Lənkərana gedir, hökümət tapşırıq verir ki, yolunun qarşısını bağlasınlar, İcra Hakimiyyəti qadınları tökür oraya və onları daş-qalaq edirlər. Bu nə dərəcədə doğrudur? Belə şeylər heç bir ölkədə görsənməyib. Halbuki, bu rejimdən əvvəl - Elçibəy hakimiyyəti dövründə Azərbaycan ən böyük demokratik tarixi dövrünü yaşayıb. Mir misal deyəcəm: O vaxtın “ana muxalifət”i Etibar Məmmədov və Nemət Pənahlı idi. Onlar həmin vaxtdan öz sözünü deyən olublar. Xatırlayıram, o vaxtlar AzTV-də canlı efir idi və həmən vaxt Etibar Məmmədovu çıxış etməyə çağırırdılar və ona deyirdilər ki, sözləri de, yazaq proqrama. Etibar Məmmədov deyirdi ki, mən yalnız canlı yayımda danışacam. Təəssüf olsun ki, indi ümumiyyətlə muxalifəti efirə buraxmırlar ki, xalqa həqiqəti çatdırsın.
- Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) ilə əlaqələriniz varmı və yoxdursa, gələcəkdə ola bilərmi?
- Mən Müsavat Partiyasındayam. Əlbəttə, onu deyə bilərəm ki, gediş-gəliş, əlaqəmiz var. Yeri gəlmişkən, Qubad bəyi bir neçə gün əvvəl tədbirlərin birinə dəvət etmişdilər, amma onunla görüşməyə vaxtım olmadı. Təbii, kontaktlarımız var, biz mütləq görüşüb, danışmalıyıq. Mən Qubad bəylə bir dəfə də görüşdüm və çalışacam yenə görüşüm, onu dinləyim, mən də öz mövqeyimi və fikrimi bildirim. Təbii, mən o qədər də sadəlövh deyiləm ki, “bunu düşünən tək mənəm” deyib, hansısa addım atım. Yəni mən bu fikirləri söyləməklə özümü kimlərdənsə artıq göstərmirəm və belə bir şey də yoxdur. Amma mən öz mövqeyimi elan etdimsə, dediyimin arxasınca gedən adamam. Bu işləri həyata keçirmək üçün ancaq görüşüb, arqumentləri öyrənib, danışıqlar aparmalısan. Ona görə də mən mütləq Qubad bəylə görüşəcəm və hesab edirəm ki, danışıqlarımız alınacaq, alınmasa da ən azından bu qarşıdurma səngisin və aşağı səviyyələrə ensin.
- Bu gün iqtidar və müxalifət danışıqlarını zəruri hesab edirsinizmi? Sizcə, müxalifət hakimiyyət rəsmiləri ilə bir masa arxasında əyləşməyə hazırdırmı?
- Əlbəttə ki, müxalifət bu məsələdə tam olaraq hazırdır və heç bir problem də yoxdur. Əgər söhbət Azərbaycanın mənafeyindən gedirsə, deməli, hər kəslə bir masada əyləşib, problemləri çözüb, ən azından həll etmək olar. Təsəvvür edin ki, müxalifətdə olan insanların bir çoxunun fikri yaxşı yaşamaqdan ibarət olsa, digər insanların bir çoxu bu fikirlə razılaşmayacaq. Məsələn, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Fuad Qəhramanlı və s. bu adamlar o qədər imkansızdırlar ki... İstənilən halda onlar yaxşı yaşamağı bacaran adamlardır, sadəcə müxalifətçi olduqları, xalqın gələcəyini düşündükləri üçün bu vəziyyətdə yaşayırlar. Amma bu sadaladığım insanların hər biri çox savadlı, qabiliyyətli insanlardır və ən azından siyasi sığınacaq alıb xaricdə yaşaya bilərlər. Lakin göründüyü kimi, onlar yaxşı yaşamağı bir kənara qoyub, xalqın rifahının yaxşılaşmasını, gələcəkdə Azərbaycanı xoşbəxt ölkələr sırasında görmək üçün öz gözəl yaşayışlarını xalqın yolunda qurban verirlər. Yenə də deyirəm, problem müxalifətdə deyil, ən böyük dərd, problem bu rejimin zehniyyəti və düşüncəsidir. Bu adamların zehni, düşüncəsi düzgün formalaşmayıb və normal deyil. Bəli, elə məqam yarana bilər ki, rejim artıq çıxış yolu görməz və əyləşdikləri kreslonu kiməsə verməmək üçün məcbur olub bir masa arxasına gəlməyə məcbur olar. Azərbaycanın keçmişini və bu gününü dərindən düşünsək, ümumiyyətlə onların bu hakimiyyətdə qalmalarının yeri yoxdur. Və yaxud da hakimiyyətə gəliblərsə, xalqa, millətə, muxalifətə divan tutmamalı, belə davranmamalı idilər. Lakin görünür, bu rejim xalqın, müxalifətin yaxşı yaşamasını istəmir, məhdudiyyətlər, həbslər, maddi çatışmazlıq və sanki muxalifəti çökdürmək istiqamətində mübarizə aparırlar. Bu da onu göstərir ki, muxalifət həqiqətən də Azərbaycanın normal və xoşbəxt olması üçün çalışır.
Bir şeyi də əlavə edim ki, Azərbaycanın bir nömrəli problemi Qarabağ problemidir. Xəstənin ürəyində problem olan kimi, Azərbaycan xalqının da bir nömrəli ürək problemi Qarabağdır. Amma hakimiyət 24 ildə bir dəfə də olsun söz vermədi ki, Qarabağı geri alacaq. Əgər sən hakimiyyətə gəlmisənsə, problemin həlli yollarını tapmalısan, yox, bacarmırsansa hakimiyyətdən get, qoy ölkəni idarə edəcək biri gəlsin. İsa Qəmbər 2003-ci ildə prezident seçkilərinə qatıldı, İlham Əliyevi təmiz qələbəylə uddu. Heç bir şans tanımadan, şəfaf yolla səs topladı. Həmin ərəfədə İsa Qəmbər demişdi ki, Azərbaycan Respubilkasının prezidenti seçilsəm, mən Dağlıq Qarabağ problemini bir prezidentliyim müddətində həll edəcəm, əgər dediklərimə nail olmasam, mən növbəti dəfə namizədliyimi verməyəcəm.
Fərz edək ki, indi hər şey İlham Əliyev deyən kimidir və Azərbaycanda demokratiya var, Azərbaycan müstəqil dövlətdir, xarici bank hesablarında milyardlarla vəsaitləri yoxdur, xalq onu sevib, təmiz qələbə qazanıb. Belə olan halda, bu adam özü deməlidir ki, mən xalqı məcburən belə düşünməyə yönəltməyi bacardım, amma bu işi bacarmıram və istəyirəm ki, dövləti idarə edən kəs onu bacaran olsun. Hazırkı durumda, göründüyü kimi, Azərbaycanda nə demokratiya, nə söz azadlığı, nə də müstəqillik var. İlham Əliyev hakimiyyətə gəldiyi dövrdə dedi ki, neçə ildir Qarabağ problemi həll olunmayıb və olduğu kimi də qalmaqdadır. Yəni etiraf etdi ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan xalqı üçün heç nə etmədi. İndi İlham Əliyev də bu işi bacarmır. Bəs bacarmadığı işə niyə girişir? Çəkilsin, dursun kənarda, qoy bacaran irəli dursun və xalqın əzabına şərik olub, onların dərdini anlasın.
Deyirlər ki, Azərbaycanda ordu Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qrulub. Bu necə ola bilər axı? Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə 6 ay müddətində 6 rayonumuz düşmənə verilib. Amma Elçibəy dövrü ilə müqayisə etsək, Kəlbəcəri itirsək də, ərazilərimizin bir çox hissəsi geri alınmışdı və ermənilər bizə yalvarırdı ki, gəlin, razılaşaq və bu konflikti həll edək.
- Tofiq bəy, gələcək planlarınız nə ilə bağlıdır?
- Nə qədər ki, bu aftoritar rejim hakimiyyətdədir və xalqa divan tutur, biz də bu vətənin övladı kimi, bunlara qarşı mütləq mübarizə aparmalıyıq. Çünki bunu özləri tələb edir, etdikləri səhvlərin nəticəsi olaraq.
Təbii ki, mənim mövqeyim olduğu kimi qalacaq, rəhmətlik Xəlil Rza demişkən, “daha kəskin, daha ciddi”. Bilirsiniz ki, məni şərləyərək, günahsız yerə həbsə atdılar. Mən həbsdə qaldığım müddətdə düşünə bilərdim ki, üç il həbsdə yatmışam, hər şey düzəlib, artıq biraz da istirahətə yer verim və yaxud da şəxsi bizneslə məşğul olum. Amma mən məhbəsdən çıxıb görürəm ki, qoyub gəldiyim Azərbaycan daha da pis gündədir, insanların haqqı işğal olunub. Sözsüz ki, bu halda mən mübarizəmi davam etdirəcəm və daha da gücləndirəcəm.
Ülviyyə XƏLİL