​Azərbaycanda Kosntitusiya dəyişiklikləri: Yeni sistem islahatlarında növbəti mərhələ - Bizim şərh

Yeni sistem islahatlarında növbəti mərhələKonstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendum ölkədə yeni sistem islahatlarına səbəb olacaq
 
Ölkə öz problemini özü həll etmək niyyətindədir. Lakin Azərbaycanda bəzi siyasi qüvvələr üçün işarəni yalnız xaricdən gözləmək ənənəsi davam edir. Müxalifət Qərbdən yardım gözləyir. Azərbaycan hakimiyyətini isə Qərbin "daxili məsələlərə burnunu soxması" tələbi ilə çıxış edir. Bəlli olan budur ki, Qərbin planında demokratik dəyişikliklər deyil, konkret geosiyasi tələblər durur.
 
Azərbaycan hakimiyyəti Qərbin demokratiya təlkliflərini müəyyən mənada nəzərə ala bilir, lakin təcrübə göstərir ki, onun bütün tələblərinə əməl etmək ölkəni alovun içinə atmaq deməkdir. Digər tərəfdən, balanslaşdırılmış siyasət aparmağa müvəffəq olan rəsmi Bakıya bir müddətdən sonra geosiyasi seçim də etmək lazım gələcək. Bu baxımdan, rəsmi Bakı özünü qorumaq üçün tərəflərdən biri ilə anlaşmağı da nəzərdən keçirə bilər.
 
Bəzi araşdırmaçıların qənaətinə görə, hələ ki, durğunluq bataqlığında hərəkətsiz qalan müxalifət birlik modelini gücləndirərsə, konkret fəaliyyət proqramına malik olarsa, siyasi səhnədə daha çox uğur əldə edə bilər. Bu baxımdan, bütün ümidlərin yalnız xarici amil ilə əlaqələndirilməsi də yanlışdır. Əgər Rusiya və yaxud ABŞ rəsmi Bakını müdafiə etdiyini birmənalı olaraq bəyan edərsə, müxalifətin bütün gözləntiləri puça çıxa və daralmaqda olan müxalifət elektoratı növbəti dəfə xəyal qırıqlığına uğrada bilər. Əslində, müxalifətin əsas nöqsanı da elə xaricdən işarə gözləməkdən ibarətdir.
 
Bütün baş verənlərin bir blef ola bilmə ehtimalını nəzərdən qaçırmaq olmaz. Bu baxımdan, xarici amil olmadan da, protest elektoratı ilə iş gücləndirilə, vahid koordinasiya və mübarizənin taktiki, strateji tərəfləri yenidən nəzərdən keçirilə bilər. Adətən, Azərbaycanda daxili problemlər çoxaldıqca, onlar super güclərin manevr predmetinə çevrilir və rəsmi Bakıya qarşı əlavə təzyiq vasitəsi formasını alır. Bu isə ona gətirib çıxarır ki, vəziyyət qəlizləşərsə, siyasi elita əks elita ilə deyil, bu narazılıqlardan məharətlə istifadə edən xarici güclərlə anlaşa bilir. Bir sözlə, müxalifət üçün oyundan kənar qalmaq təhlükəsi həmişə mövcuddur.
 
Müxalifət düşərgəsində vahid fəaliyyət proqramı yoxdur. Proqramsız və lidersiz isə situasiyanın dəyişdirilməsinə nail olmaq imkansızdır. Unutmaq lazım deyil ki, bu gün özünü müxalifətin lideri kimi təqdim edənlərin çox az bir qismi gerçəkdən bu missiyanı daşımağa razı olarlar. Əslində, iddialarından geri çəkilmək aparıcı liderlərin hamısına sərf edir. Kimisə önə, atəş xəttinə çıxartmaq hər bir üzdə olan liderin praqmatik maraqlarına da cavab verir. Lakin vahid lider statusu əlavə divident də gətirə bilər. İnsanların həddən ziyadə praqmatikləşdiyi dövrdə özünü fəda etməyə hazır olan lider tapmaq da çətindir.
 
Əgər bu gün protest elektoratı vahid lideri az qala idealizə edirsə, onun yoxluğunu müxalifətin məğlubiyyətinin əsas səbəblərindən biri kimi görürsə, gələcək seçkilərdə ciddi məğlubiyyət yaşanarsa, kimliyindən asılı olmayaraq, səmalara qaldırdığı liderdən qisas almaq istəyəcək. Qələbənin həzzini hamı dadmaq istəyir, ona hamı şərik olmaq arzusunda olur, məğlubiyyətə görə isə yalnız lider cavab verməli olur.
 
Əslində, bugünkü siyasi vəziyyəti nəzərə alsaq, müxalifətin lideri statusu məsuliyyəti üzərinə götürmək və gələcəyini riskə atmağı ehtiva edir. Son dərəcə ağır missiyadır. Qələbənin ətri duyulmadan heç kəs bu məsuliyyəti üzərinə götürmək istəməyəcək. Qələbə perspektivi olmayan yerdə isə bunu etmək imkanzıdır.
 
Avropa.info-nun ekspert qrupu