​Azərbaycanda köşə yazarlığı institutu ölürmü?

 
Aqşin Yenisey: “İnsanlar bu illər ərzində yazıyla, kitabla hansısa problemin çözüləcəyinə ümidlərini itirdilər”
 
Xalid Kazımlı: “Bir-birinə oxşayan boz yazılar artdığı üçün keyfiyyət də azalıb”
 
Köşə yazıları zamanında ölkə mətbuatının “şah damarı” sayılırdı. Minlərlə, on minlərlə insanlar köşə yazarlarının tezisləri, proqnozlarını gözləyir, onun əsasında özlərində siyasi və ictimai fikir formalaşdırırdılar. Məşhur köşə yazarlarını yolda görən oxucunun “a bəy, o günkü yazında yaman demişdin, amma...” kimi mülahizələri, fikirləri kimin yadından çıxıb ki? Amma aradan illər keçdi, sosial şəbəkələr həyatımıza sürətlə girdi. Və belə demək mümkünsə, hər kəs köşə yazarı, fikir istehsalçısı oldu.
 
Saytlardakı yazı reytinqlərinə baxanda da məlum olur ki, köşə yazıları heç də hər zaman ən çox oxunan yazılar siyahısında olmur. Niyə? Musavat.com tanınmış köşə yazarlarından bu durumla bağlı dəyərləndirmə istədi. Niyə köşə yazıları əvvəlki qədər populyar deyil? Bu institut iflasa uğrayıb? Oxucu köşə yazarının mülahizələrinə əvvəlki qədər etibar etmir, ya....? Yaranmış mənzərənin səbəbi nədir?
 
“Yeni Müsavat” qəzetinin köşə yazarı, musavat.com saytının veb redaktoru Xalid Kazımlı hesab edir ki, köşə yazarlığı institutu iflasa uğramayıb. Onun fikrincə, sadəcə, köşə yazarlarının sayı artıb və bir-birinə oxşayan boz yazılar artdığı üçün keyfiyyət də azalıb: “Təxminən ötən əsrin 80-ci illərində hamının şeir yazması, yaxud 2000-ci illərdə hamının meyxana deməsi kimi bir görüntü yaranıb. Ancaq 80-ci illərdə, minlərlə adamın şeir yazdığı vaxt Məmməd Araz, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Məmməd İsmayıl kimi parlaq şairlər də vardı və onların qələmindən çıxan hər bir əsər sevilə-sevilə oxunurdu. İndi də yüzlərlə köşə yazarının sırasında parlaq imzalar var və onların daimi və qeyri-daimi oxucuları var. Gündəlik tiraja, oxunma sayına baxanda bir köşə yazısı az oxunmuş kimi görünə bilər, amma siz ona bir ildən sonra baxın, görəcəksiniz ki, dərc olunduğu gün 1000 oxucu tərəfindən oxunmuş yazı hələ də oxunmaqdadır”.
 
X.Kazımlının fikrincə, köşə yazarlığı jurnalistikanın zirvəsidir. Müsahibimiz hesab edir ki, yaxşı köşə yazlarını 3-4 kitab oxumuş şəxslər yaza bilməz, kitabxana oxumuş şəxslər yaza bilər: “Bu, xeyli dərəcədə ədəbi işidir, yazıçılıq deməkdir. Nobel mükafatçıları ödüllərini alanda köşə yazısyla - esseylə çıxış edirlər. Onu da deyim ki, Türkiyədə köşə yazarlarının orta yaşı 60-dır və prezident, baş nazir və digər nazirlər, partiya liderləri, deputatlar hər zaman onların hansısa yazısında yazdıqları fikrə görə ya xalqa izahat verirlər, ya da onlara hücum edirlər”.
 
Şair, eyni zamanda köşə yazarı Aqşin Yenisey isə köşə yazılarına marağın azalması fikri ilə razılaşır. Onun fikrincə, bunun bir neçə səbəbi var: “Ən böyük səbəb budur ki, insanlar yazıyla, kitabla hansısa problemin çözüləcəyinə ümidlərini itirdilər bu illər ərzində. Köşə yazarlarımız çox inqilabi hədəflər qoymuşdular qarşılarına, oxucular da onlardan çox böyük nəticələr gözləyirdilər, olmadı, alınmadı. Köşə yazarlarının ilk nəsli belə kəsildi. İkincisi, bizim mediadan fərqli olaraq dünya mediasında, məsələn, Türkiyə qəzetlərində köşə yazanlar yaşı daha çox əllini keçmiş, düşüncəsi, üslubu, mövqeyi aydınlaşmış adamlardır. Türkiyədə bu gün də qəzetlər o adamların ağzından çıxan sözlərə görə satılır”.
 
A.Yenisey müasir Azərbaycan mediasındakı durumu isə belə təsvir etdi: “Bizim media isə "nəslikəsilmişlərin" yerinə əvvəllər daha çox ədəbiyyatda bir-iki şeir yazıb oxucuları kövrəltmiş, heç bir düşüncəsi, üslubu, mövqeyi formalaşmamış yeniyetmə şairlərdən köşə yazarı düzəltdi, ədəbiyyatın sentimental oxucularına göz dikdi. İndi isə redaktorlar eyni işi sosial şəbəkədə dimdiyinin ucu görünən, laykdan başqa heç nəyi olmayan gənclərlə diriltmək istəyir. Onların adamqıdıqlayan statuslarının altına məktəbli oxucuların göndərdiyi ürəkləri fəth etmək istəyirlər. Ücüncüsü və ən təhlükəli olan səbəb budur ki, son on ildə mətbuata hər cür təzyiq göstərilir ki, müəllif fikirlərini tirajlamaqdan əl çəksinlər”.
 
A.Yeniseyin sözlərinə görə, Bakıdan rayona atasına iki sətir məktub yaza bilməyən sayt, qəzet redaktorları tutuquşu kimi tez-tez bu fikri təkrarlayırlar ki, mətbuatın işi informasiya çatdırmaqdır, vəssalam!
 
Şair bildirir ki, jurnalistlərimiz  mətbuatın millətin mənəvi həyatında oynadığı rolu anlamayan insanların əlinin altında işləyir: “Mətbuat milli mənəviyyatın mühərrikidir. Əgər müəllif fikrinə yenidən qiymət verilsə, həqiqətən müəllif fikri olanlar bu janrın meyidini dirildə bilərlər. Daha dəhşətlisi isə bilirsiniz nədir?  Azərbaycanda yuxarılardan çox, aşağılar qorxur müəllif fikrindən. Facebook-da geniş xalq kütlələri oxumuş, savadlı adamları necə virtual linç edir, özünüz görürsünüz”.